Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd edilir ki, Ermənistan son addımları ilə beynəlxalq humanitar yardımın göstərilməsi məsələsində humanizm, neytrallıq, bitərəflik prinsiplərini zədələyir.
"Bu, beynəlxalq humanitar hüququn biabırçı şəkildə pozulması və Ermənistan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinin siyasiləşdirilməsi və sui-istifadəsinin ən aşkar nümunəsidir və sübut edir ki, "blokada" iddiaları yalan və əsassızdır. Ermənistanın "qanunsuz blokada" və "humanitar böhran" üzərində spekulyasiya edərək Azərbaycanı şantaj etmək və özünün postmünaqişə dövründə münasibətlərin normallaşması üzrə səylərə mane olmaq proqramını beynəlxalq ictimaiyyətə yeritmək məqsədilə əslində beynəlxalq ictimaiyyəti, o cümlədən Təhlükəsizlik Şurasını çaşqınlığa salmaq və manipulyasiya etməklə bağlı ağılsız siyasətlə məşğul olduğundan şübhələnmək üçün yuxarıda qeyd edilənlər kifayətdir".
Məsələnin bu şəkildə beynəlxalq müstəviyə çıxarılması nə kimi perspektivlər vəd edir və bu kontekstdə bizim xeyrimizə nələr ola bilər?
Politoloq Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim beynəlxalq müstəvidə məsələni bu şəkildə qoymağımız Azərbaycanın arqumentlərini gücləndirir: “Bizə qarşı olan hücumlar hansı istiqamətdədir? Güya Qarabağda humanitar böhran var. “Qarabağda əhalinin ciddi ehtiyacları var ki, onlar qarşılanmır. Bunlara tibbi ləvazimatları və qida məhsullarını aid edə bilərik. Ona görə də Qarabağda olan erməni icması humanitar fəlakətlə üzləşib. Bundan başqa, orda müalicəyə ehtiyacı olan şəxslər müalicə ala bilmirlər”. Bu kimi bir çox ittihamlar səslənir. Azərbaycan da açıq şəkildə iki məsələni ortaya qoyur: 1. Laçın dəhlizi hazırda aktivdir, sadəcə, Azərbaycan qanunla icazə verilən şəxslərin və məhsulların dövriyyəsinə icazə verir. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər komitələrin də qaçaqmal yolu ilə Azərbaycan ərazisinə hansısa məhsul və ya ləvazimat keçirməsinə icazə vermir. Azərbaycan öz müdafiə sistemini belə qurur ki, biz əhalinin blokadada qalmasını, fəlakətlə üzləşməsini istəmirik və onlar üçün alternativ yol açmışıq. Bu, Ağdam - Xankəndi yoludur. Bu yoldan açıq şəkildə istifadə edə bilərlər. Azərbaycan tərəfi daha əvvəllər də bildirdi ki, biz Ağdam yolunu açıq elan etmişik. Bu yolla humanitar yardım da çatdırıla bilər, Qırmızı Xaç Komitəsi də fəaliyyət göstərə bilər. Biz əslində onlara verdiyimiz yolu göstərməklə, açıq şəkildə fakt qarşısında qoyuruq ki, onları heç bir halda humanitar blokadaya salmamışıq. Konkret yol göstəririk. Qarşı tərəfin sırf Ağdam yolunu bloklaması, bu yolu heç bir şəkildə istifadə etməməsi, ancaq Laçın yolunu tələb etməsi onu göstərir ki, humanitar böhran süni şəkildə qarşı tərəfdən yaradılır. Süni şəkildə Laçın yolunun açılmasına, Azərbaycanın nəzarətini həmin yoldan götürməsinə çalışırlar. Süni humanitar böhran yaradan, əhalinin ərzaq, tibbi məhsullarla təminatında problem yaradan Qarabağda olan separatçı gücün qalıqlarıdır ki, bu məqsədlə öz siyasi istəklərinə nail olmağa çalışırlar. Onlar istəyirlər ki, Laçın yolu üzərindən Azərbaycanın nəzarəti götürülsün və sərbəst şəkildə istədikləri malları, məhsulları, silahları, hərbi ləvazimatları qanunsuz şəkildə daşısınlar. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, Azərbaycan eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə də nəzarəti əldə edir. Azərbaycan dəfələrlə şikayət edib ki, QXK-nin Bakı ofisi var, Xankəndi ofisi ola bilməz. İkinci məsələ odur ki, Qırmızı Xaç Komitəsi qaçaqmal məhsulların daşınmasında iştirak edir. Bu yolverilməzdir. Üçüncü məsələ isə QXK-nin Bərdə, Yevlax rayonlarında xüsusi anbarlarının olmasıdır. Ordan istifadə edib, həmin məhsulları rahat şəkildə Azəfbaycan ərazisinə çatdıra bilər. Azərbaycanın qaldırdığı digər bir məsələ isə bizim sərhədlərimizin qeyri-qanuni bölünməsindən ibarətdir. Faktiki olaraq, Ermənistan ərazisindən Laçın dəhlizi ilə Qarabağa mal gətirildi. Bu mal və məhsulların ƏDV- si Ermənistan büdcəsi ilə ödənilib. Bunlar qanunsuz şəkildə Azərbaycan ərazisinə gətirilib satılır. Halbuki, Azərbaycan ərazisində öz gömrüyündən keçirilmiş, öz ƏDV- si ödənilmiş məhsullar satıla bilər. Ermənistanın ƏDV- sini ödədiyi məhsulların satılması isə konkret olaraq qaçaqmalçılıqdır. Azərbaycan bu məsələni də qaldırıb və Laçın dəhlizində qaçaqmalçılığa icazə verməyəcəyini bildirib”.
Məhəmmədəli QƏRİBLİ