Ermənistanın Azərbaycana qarşı qaldırdığı növbəti əsassız iddiaya beynəlxalq səviyyədə rədd cavabı verilib. Dünyanın ən ali məhkəmə orqanı - Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) hesab edib ki, Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın qaldırdığı vəsatətin heç bir əsası yoxdur.
Qeyd edək ki, rəsmi İrəvan müraciətində iddia etmişdi ki, Azərbaycanın 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsini yaratmaq qərarı qanunsuzdur. Bu səbəbdən də vəsatətlə məhkəməyə müraciət etmişdi.
Əslində, bu, Emənistanın sözügedən beynəlxalq məhkəmə instansiyasındakı ilk cəhdi deyil. 22 fevral 2023-cü il tarixində məhkəmə öz qərarını vermişdi. Həmin qərardan Ermənistan narazı qalsa da, bunu ictimai rəydə böyük uğuru kimi təqdim edirdi. Bu dəfəki müraciəti də ilk uğursuzluğunu kompensasiya etmək cəhdi idi. Məhkəmənin bu qərarı bir daha göstərdi ki, Ermənistanın hər iki cəhdi uğursuzluğa düçar olub.
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini məhkəmə yekdilliklə rədd edib: “Bəlli idi ki, bunun Ermənistan üçün müsbət nəsə vəd edən hüquqi perspektivi yox idi. Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbi tam əsassızdır. Sadəcə, Ermənistan tərəfi bundan əvvəlki qərarı yanlış şərh edirdi. Bu da çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdindən başqa bir şey deyildi. Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Buna kimsə mane ola bilməz. Ermənistanın ənənəvi hay-küylü iddiasının məhkəmə tərəfindən təmin olunmaması tam qanunauyğundur. Ermənistan etnik ayrı-seçkilik təbliğatı üzərində qurulan bir təşkilat və ya dövlətdir. Onların saxta soyqırımı iddiaları, qonşu dövlətlərin ərazilərinə iddialar və s. bunu təsdiqləyir. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra III Reyxin rəhbərləri üzərində Nürnberq prosesi oldu. Onda Faşist Almaniyasının rəhbərləri ittiham olunan tərəf idi. Çünki müharibəni başlamış və beynəlxalq hüququ pozaraq başqa dövlətlərin ərazilərini işğal etmişdi. Bu baxımdan Ermənistan işğalçı tərəf olduğundan belə məhkəmədə cavabdeh tərəf kimi çıxış etməlidir. Belə düşünmək olar ki, rəsmi İrəvanın iddialarının qəbul edilməməsi də işğalçıya verilən ən yaxşı dərsdir”.
Məhəmmədəli QƏRİBLİ