Son vaxtlar Ermənistanda qərbyönümlü təzahürlər daha çox özünü göstərir. ABŞyönümlü aksiyalar keçirilir və mitinqlərdə Rusiya əleyhinə şüarlar səsləndirilir. Ötən həfdə bu yöndə ciddi fəallıq göstərdilər.
Belə ki, Ermənistanın müxtəlif bölgələrində Rusiyaya qarşı etiraz aksiyaları başlayıb. Aksiyada iştirak edən ermənilər Rusiya qarşı şuarlar səsləndiriblər.Həmçinin, ermənilər aksiya zamanı ruslara qarşı təhqiramiz ifadələr də səsləndiriblər. Bundan başqa, Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilib. Etirazçılardan biri, sosioloq Karen Sarkisyan bildirib ki, etirazçılar hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istəyir: “Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”.
Etiraz aksiyalarında “Sasna Tsrer” (Sasun dəlibaşları) adlı yarımhərbi qruplaşmasının radikal siyasi qanadı olan “Milli Vahid Qütb” partiyasının üzvləri də iştirak edib. Aksiyada qərbyönümlü siyasətin vacibliyi, ABŞ-la daha yaxın və geniş əlaqələr qurmaqla bağlı fikirlər səsləndirilib.
Maraqlıdır, İrəvanda ABŞyönümlü mitinqləri kim təşkil edir? Paşinyan, yoxsa ölkədəki Qərbin maraqlarından çıxış edən dairələr?
“Görürlər ki, Rusiya Ukrayna ilə müharibədə dalana dirənib”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, mitinqlərin arxasında Paşinyan hakimiyyəti dayanır: “Əvvəla, ermənilər tarixən onlara qəyyumluq edənlərə xəyanət ediblər. Kim güclüdürsə, onun yanında yer alıblar. Şərait dəyişən kimi onlara xəyanət ediblər. Məsələn, Roma, Bizans, Osmanlı imperiyalarına xəyanət ediblər. Ona görə də forma dəyişsə də, məzmun dəyişmir. İndidə görürlər ki, Rusiya Ukrayna ilə müharibədə dalana dirənib. Ona görə də Ermənistanda antiRusiya ovqatı getdikcə güclənir. Ermənistan hakimiyyəti pərdəarxası Rusiya əleyhinə olan mitinqlərə şərait yaradır. Sorosun dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan bundan istifadə edir. Bu minvalla Rusiyadan üzülüşüb Qərbə inteqrasiya etmək yolunu tutmaq istəyir. Ancaq hesab edirəm ki, bu, Ermənistana baha başa gələ bilər. Ona görə ki, Ermənistan forpost ölkədir. Orada Rusiyanın həm hətbi bazası var, həm də beşinci kalonu. Bu baxımdan Paşinyanın planı çətin ki, reallaşsın. Bütün hallarda Ermənistanda qarşıdurmanın qızışması Azərbaycanın xeyrinədir”.
Vidadi ORDAHALLI