Prezident Ilham Əliyev yerli telekanala verdiyi müsahibədə Qarabağdakı ermənilərə doğru müəyyən jestlərin edildiyinə dair maraqlı detallar açıqlayıb. Həmin müsahibədən belə qənaətə gəlinir ki, Qarabağdakı ermənilər Bakıdan iki məsələni xahiş edib: birincisi, Laçın yolunun alternativ marşruta köçürülməsi vaxtını 5 avqustdan 25 avqusta dəyişməsini. İkincisi, yolun Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt hissəsini də Azərbaycanın inşa etməsini. Bakı hər iki istəyi yerinə yetirib.
Bununla yanaşı, yeni yolun inşasında ermənilər azərbaycanlı inşatçılara kömək ediblər. Görünən budur ki, Bakı Qarabağın Azərbaycanın daxili məsələsi olduğu faktını masadan praktiki mərhələyə keçirir. Əliyevin müsahibəsindən çıxan yekun nəticə belədir. Ən azından, Prezidentin ilk dəfə açıqladığı detallar da bunu təsdiqləyir. Prosesin bu cür davamı göstərir ki, Qarabağın etnik ermənilərinin Azərbaycana inteqrasiyası və azərbaycanlılarla birlikdə yaşaması üçün “vasitəçi”yə ehtiyac yoxdur. Artıq etnik ermənilər anlayır ki, onların yeganə xilas yolu Azərbaycan vətəndaşı olaraq yaşamaqdır. Prezident Əliyev dəfələrlə “statusun” olmayacağını bəyan edib. Son çıxışında isə dedi ki, ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onlarınkı da elə qorunacaq.
Qarabağdakı erməni əhalinin Azərbaycana yaxınlaşmasından daha hansı nəticələri çıxarmaq olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son ayda erməni cəmiyyətində Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün daha əvvəllər müşahidə olunmayan çağırışları izləməkdəyik: “Cəmiyyətin ictimai fəal kəsimindən olan şəxslər, bloger və s. erməni hökümətinə Azərbaycanla münasibətləri yaxşılaşdırmağın sosial sifarişini formalaşdırırlar. Amma bu mərhələdə ən vacib atılası addımlar var ki, Ermənistan o addımları atmalıdır. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Ermənistan üçtərəfli razılaşmadan doğan bütün öhdəlik və məsuliyyətlərinə əməl etməlidir. Vətəndaşlarımız Laçın şəhəri, Zabux və Sus kəndlərində öz dədə-baba yurdlarına köçməlidirlər. Diğər yerlərdən məcburi qaçqın düşmüş şəxslər öz ata-baba yurdlarına qayıtmalıdırlar. Ermənilərın Azərbaycan vətəndaşlığı haqqında danışırıqsa, bunlar ancaq Qarabağda legitim əsaslarla yaşayan ermənilər və onların ailə üzvləri ola bilər. Yəni bu ancaq 88-ci ilə qədər Qarabağda yaşamış Azərbaycan vətəndaşları və onların ailə üzvləri, övladlarına şamil olunacaq. Ermənistan çalışır ki, sonradan süni məskunlaşmış erməniləri də Qarabağın yerli əhalisi kimi tanıtsın. Bununla bağlı kifayət qədər məlumatlar var. Həmin sənədlərin əsas bazası bizim əlimizdədir. Bizim üçün kimin Qarabağda çoxdan yaşadığı, kimin isə sonradan köçürüldüyünü müəyyən etmək çətin olmayacaq. Azərbaycan tərəfi öz təkliflərini edir, seçimi yerli ermənilər etməlidir. Proses göstərir ki, onlar reallıqları dərk edib, düzgün nəticə çıxarmağa başlayırlar”.
Məhəmmədəli QƏRİBLİ