Ermənistan bankları Qarabağda yaşayan ermənilərə kredit verməyi dayandırıb. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, 44 günlük müharibə nəticəsində qondarma “DQR” ərazisi dörd dəfə azalaraq 3170 kvadrat kilometrə düşüb: “Banklar bir neçə səbəbdən bunu edir. Qondarma “DQR” su ehtiyatlarının böyük hissəsindən, 36 su elektrik stansiyasının 29-dan, əkin sahələrinin ¾-dən, mal-qaranın yarısından və turizmdən əldə olunan gəlirdən məhrumdur. Ermənistan bankları “DQR”in gələcəyinə inanmadığı üçün qarabağlı ermənilərə kredit verməyi dayandırıblar”.
Nəşrin bildirdiyinə görə, 44 günlük müharibədəki məğlubiyyətə görə qarabağlı ermənilər arasında döyüş ruhu və müqavimətə hazırlıq ciddi şəkildə zəifləyib: “Bunu, hətta “DQR”də müqaviləli hərbçilər ordusu toplamağın mümkün olmaması da sübut edir”.
Qeyd edilir ki, Ermənistan hazırda Azərbaycanın təzyiqi ilə öz hərbi hissələrini “DQR”dən çıxarır və separatçıların öz qüvvələri də azdır: “Qarabağa silah vermək mümkün deyil, çünki sərhəd nəzarəti azərbaycanlıların əlindədir və bundan başqa, onu haradan almaq lazımdır? Ermənistandakı ordu da o qədər də yaxşı vəziyyətdə deyil. Bütün bunlar Qarabağda sərmayə qoyuluşuna ciddi mənfi təsir edir”.
Görünən odur ki, Qarabağdakı separatçılar hərtərəfli təcrid olunurlar. O cümlədən, iqtisadi nöqteyi-nəzərdən dairə qapanır.
“Ermənistan bankları əvvəl bölgənin zəngin sərvətlərini nəzərə alıb kredit verirdilər, artıq bu imkan əldən çıxıb”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, Ermənistan banklarının Qarabağ ermənilərinə kredit verilişini dayandırması tam təbiidir: “Zatən, İkinci Qarabağ müharibəsindən sonra bunun belə olacağı gözlənilən idi. Bunun başlıca səbəbi separatçıların gələcəyinin məchul olması ilə bağlıdır. Bunu Ermənistan bankları da yaxşı bildiyi üçün risqə getmək istəmirlər. Rusiya ilk dövrlərdə erməniləri geri qaytarmaqla bağlı nə qədər cəhdlər etsə də, bunun perspektivsiz olduğu bəlli idi. Çünki sonrakı dövrdə Qarabağa qayıdan ermənilərin bir qismi geri döndü. Digər başlıca səbəb ərazilərin əldən çıxması ilə bağlıdır. Əvvəl elə idi ki, Qarabağ erməniləri banklardan kredit götürərkən qanunsuz formada işğal olunmuş torpaqları, oradakı sərvətləri banklara girov kimi təqdim edirdilər. Ermənistanın bir sıra banklarının Xankəndidə filialları vardı. Ermənistan bankları əvvəl Qarabağın zəngin sərvətlərini nəzərə alıb kredit verirdilər. Üstəlik, Ermənistan iş adamları Qarabağda müəyyən sahələrə investisiya yatırırdılar. Müharibədən sonra bütün bu imkanlar əldən çıxıb. Qarabağa əvvəlki kimi erməni iş adamları maraq göstərmir. Göstərən də xeyriyə məqsədi ilə hansısa işlər görür. Belələrinin sayı elə də çox deyil”.
İqtisadçı-ekspert hesab edir ki, kreditlər azaldığı üçün Qarabağı tərk edən ermənilərin sayı bir az da arta bilər.
Vidadi ORDAHALLI