Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir:
"Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır".
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edərkən də bu məsələyə toxunulub.
Söhbət zamanı ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. ABŞ rəsmilərinin son çıxışlarından hiss edilir ki, onlar yaranmış gərgin vəziyyətlə bağlı Azərbaycandan Avropaya qaz nəqlinin həcmini artırmaq istəyirlər. Təbiidir ki, Azərbaycan kommersiya baxımından buna gedə bilər, hətta bizim üçün faydalı da olar.
Prezident Bakının ev sahibliyi etdiyi tədbirdə bildirib: "Potensial istehlakçılar başa düşməlidirlər ki, il ərzində hasilatı kəskin şəkildə artırmaq mümkün deyil. Müqavilələr lazımdır, danışıqları sürətləndirmək lazımdır, istehsalı artırmaq və mövcud infrastrukturu genişləndirmək üçün enerji şirkətləri ilə işləmək lazımdır”.
Rusiyanın indiki davranışları və ən əsası da Avropaya qazla bağlı pressinq tətbiq etdiyi zamanda Azərbaycanın Qərbə etdiyi bu jest Moskva ilə münasibətlərə hansı formada təsir edə bilər?
Beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya ilə Avropa arasında qaz böhranı dərinləşdikcə, Azərbaycanın adı qaz təchizatını artıra biləcək ölkə kimi daha çox hallanmağa başlayır:
“Azərbaycan qazını Avropaya çıxaran TAP – Trans Adriatik Boru Kəməri bu ilin yanvarından işə düşüb. Onun ötürücülük gücü 10 milyard kubmetrdir. Bu isə Avropanın qaz ehtiyacının təqribən 2 faizidir. Amma prezident İlham Əliyev aprelin 30-da deyib ki, əlavə nasoslar quraşdırmaqla TAP-ın gücünü 20 milyard kubmetrə də çatdırmaq olar.
Rusiyanın Ukraynaya hücumundan sonra Avropa üçün Rusiya qazından asılılığı azaltmaq üçün yeni enerji mənbələri axtarışına çıxıb və Azərbaycanla da danışıqlar bu konteksdə sürətlənib. Bu istiqamətdə ABŞ-ın da artan səylərini görürük. Prezident İlham Əliyev aprelin 30-da deyib ki, Azərbaycan bu məsələdə heç vaxt Rusiya ilə yarışmaq niyyətində olmayıb. Rəsmi məlumatına görə, Azərbaycan keçən il təbribən 44 milyard kubmetr qaz istehsal edib, bunun təqribən 43 faizini ixrac edib. Prezident Avropaya qaz nəqlini artırmağın mümkünlüyünü vurğulayır. Bu baş tutsa, yəni ixracın həcmi iki dəfə artsa, bizim qaz Avropanın tələbatının 4 faizini ödəyə bilər. İnanmıram ki, buna görə Rusiya bizimlə münasibəti korlasın. Rusiyanın özü hazırda ona sanksiya tətbiq edən bəzi ölkələrə qaz satır. Deməli, burada yalnız siyasi deyil, həm də iqtisadi maraqlar nəzərə alınır. Azərbaycan da bu maraqlarını təmin etməlidir”.
Məhəmmədəli QƏRİBLİ