Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib. Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirilib.
Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edilib və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.
ABŞ rəsmilərinin son çıxışlarından hiss edilir ki, onlar yaranmış gərgin vəziyyətlə bağlı Azərbaycandan Avropaya qaz nəqlinin həcmini artırmaq istəyirlər. Təbiidir ki, Azərbaycan kommersiya baxımından buna gedə bilər, hətta bizim üçün faydalı da olar. Ancaq Rusiyanın indiki davranışları və ən əsası da Avropaya “qaz gücü” nümayişi fonunda belə nıfəsliyin Avropaya açılması başqa nəticələrə səbəb ola bilər. Ən əsası isə, Azərbaycanla Rusiyanın münasibıtlərinə təsirsiz ötüşməz. Bu barədə ekspertlər nə düşünür?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Avropa İttifaqı Rusiyanın enerjidaşıyıcılarından asılılığını azaltmağa əzablı cəhdlər edir:
“Bu arada isə blok ölkələri Rusiyadan təkcə neft deyil, həm də qaz tədarükünü kəsmək imkanlarını axtarır və alternativ tədarükçüləri nəzərdən keçirir. Belələrindən biri də Azərbaycandır. Avropa Komissiyası özünün REPowerEU planını təqdim edib və bu plan alyansı Moskvanın asılılığından həmişəlik xilas edəcək. Təşkilat etiraf edib ki, Rusiya yanacağı üçün ödənilən yüksək məbləğ Rusiyaya Ukraynaya qarşı müharibəsində dəstək olur.
Bundan başqa, Rusiya özünün Qərblə qarşıdurmasında enerjidən silah kimi istifadə edir. Putin bəyan edib ki, dost olmayan ölkələr Rusiya qazı üçün rublla ödəniş etməlidir. Bununla o, Avropa İttifaqının sanksiyalar rejimini nüfuzdan salmaq niyyəti güdür. Polşa və Bolqarıstan bundan imtina edəndə, Moskva onlara tədarükü dayandırıb. Bu isə Avropa ölkələrini yeni tədarükçülər axtarışına baş vurmağa daha da sövq edib.
Xəzər dənizində İtaliya və Yunanıstan vasitəsilə Cənub Qaz Dəhlizi şəbəkəsi ilə birləşən nəhəng qaz yataqlarına malik olan Bakı Moskvadan qalan boşluğu doldurmaq üçün əlverişli vəziyyətə malikdir.
Daha çox Azərbaycan qazını almaq üçün Bolqarıstan İnterconnector Greek- Bulgaria (IGB) qaz kəmərinin tikintisinin başa çatmasına ümid edir, adından da göründüyü kimi, bu kəmər Yunanıstan və Bolqarıstan qaz şəbəkələrini birləşdirməlidir. Ancaq Azərbaycan da anlayır ki, hazırda Avropaya qaz nəqli həcmini artırmaq yalnız iqtisadi amillərə deyil, həm də siyasətlə bağlı olan bir məsələdir. Çünki bu, Rusiya ilə bizim aramızda ciddi narazılıq yarada bilər. Buna görə də Azərbaycan bu məsələdə balanslı davranır. Ancaq ABŞ və Avropanın bu yöndə olan xahişlərinə də tam yox demir. Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında bildirib ki, Avropada Azərbaycan qazına tələbat artır və Bakı karbohidrogenlərin nəqlini artırmaq üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsinə hazırdır. Prezident bildirib: "Potensial istehlakçılar başa düşməlidirlər ki, il ərzində hasilatı kəskin şəkildə artırmaq mümkün deyil. Müqavilələr lazımdır, danışıqları sürətləndirmək lazımdır, istehsalı artırmaq və mövcud infrastrukturu genişləndirmək üçün enerji şirkətləri ilə işləmək lazımdır”. Göründüyü kimi, Azərbaycan bu məsələdə də olduqca praqmatik davranışa üstünlük verir”.
Məhəmmədəli QƏRİBLİ