Azərbaycanın hərbi döyüş taktikasında Xankəndi hədəflərinin əsl mahiyyəti – Prezident dəqiq ifadə etdi...

“Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir”. Bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan tərəfi dronlardan mülki şəxslərə qarşı istifadə etmir: “Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini məhv etmişik. Biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir. Bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır”.
Göründüyü kimi, Prezident çox aydın şəkildə Xankəndidə vurulan hədəflərin məqsədini izah etdi. Erməni tərəfi və onların havadarları hər vasitə ilə buna başqa don geyindirməyə çalışsalar da, bu mümkün deyil. Ermənilər saxta görüntü yaratmağa çalışırlar ki, guya ordumuz mülki obyektləri hədəfə alır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, Azərbaycan Xankəndidə mülki obyektləri hədəfə alsaydı, o zaman ermənilər böyük hay-küy qoparardılar: “Ən başlıcası, bununla bağlı ortaya fakt qoyub bizə qarşı dünyada təbliğat kampaniyası aparardılar. Bununla bağlı ermənilərin bir dənə də olsun faktı yoxdur. Müxtəlif vasitələrlə bizə qarşı uydurma spekulyasiyalarla məşğuldurlar. Bu isə o deməkdir ki, onların və havadarlarının sözügedən məsələ ilə bağlı dediklərinin heç bir əsası yoxdur. Onlar hər vasitə ilə çalışırlar ki, ölkəmizə qarşı qaralama kampaniyası aparsınlar. Bu, ermənilərin köhnə peşəsidir. Ordumuz apardığı uğurlu hərbi əməliyyatlar çərçivəsində ancaq hərbi məntəqələri hədəfə alır. Fərqi yoxdur, həmin obyektlər Xankəndidə yerləşir, yoxsa digər işğal olunmuş ərazidə. Düşmən tərəfi isə qorunmaq üçün mülki obyektlərdən qalxan kimi istifadə edir. Yaxşı olardı ki, xarici telekanallar bu kimi məqamlara diqqəti yönəltsinlər”.
Hərbi ekspertin fikrincə, biz düşmən tərəfinin istənilən təxribatına hər zaman hazır olmalıyıq.
Vidadi ORDAHALLI