25/11/2020 18:02
728 x 90

Azərbaycanın həm döyüş, həm də siyasi meydanda özünü təsdiqləməsi faktının mahiyyəti – Prezidentin dediklərinə ekspert rəyləri...

Əli Orucov: “Ordumuzun gücü sayəsində düşmən geri çəkilir, ərazilərimiz azad edilir”

img

“Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik”. Bunu Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində deyib.

 

Ölkə başçısı müraciətində qeyd edib ki, bu torpaqları bizim əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına azad edirik: “Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılsın. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq. Bax, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq”.

Prezident onu da qeyd edib ki, biz düşməni torpaqlarımızdan qovacağıq: “Sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Görünən odur ki, hərbi əməliyyatlar başlayandan sonra Azərbaycan bütün cəbhələrdə düşmənə zərbələr endirir, həm hərbi, həm də diplomatik müstəvidə. Qarşı tərəf hər iki cəbhədə Azərbaycanın zərbələri qarşısında duruş gətirə bilmir. Bütün bu deyilənlərlə yanaşı, Azərbaycanın həm döyüş, həm də siyasi meydanda özünü təsdiqləməsi faktının mahiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • “Siyasi müstəvidə ən başlıca uğurumuz odur ki, sanksiyaya məruz qalmırıq”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov buna bir neçə aspektdən yanaşdı: “Siyasi baxımdan buna tam zəmin var idi. O mənada ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ötən illər ərzində bir sıra beynəlxalq qurumların qəbul etdiyi qərarlar Azərbaycanın ərazi bütövlüyünə dəstək xarakteri daşıyırdı. Ən nəhayət, danışıqlar heç bir nəticə vermirdi. Döyüş meydanında əldə olunan uğurlar siyasi müstəvidə aparılan işin nəticəsidir. Ölkə başçısı səbrlə əlverişli şəraitin yaranmasını gözləyirdi. Hər zaman çıxışlarında işğalla Azərbaycanın barışmayacağını, torpaqlarımızın azad olunacağını vurğulayırdı. Göründüyü kimi, sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra bunu ordumuz döyüş meydanında sübut edir. Çünki bunun üçün yüksək səviyyədə ordu quruculuğu işləri aparılıb. Ordumuzun maddi-texniki bazası kifayət qədər möhkəmdir, peşəkarlığı üstün səviyyədədir. Azərbaycan Ordusunun gücü sayəsində düşmən geri çəkilir, ərazilərimiz azad edilir. Ordumuz BMT-nin qətnamələrinin icrasını özü yerinə yetirir. Siyasi müstəvidə ən başlıca uğurumuz odur ki, sanksiyaya məruz qalmırıq. Döyüş əməliyyatlarına görə beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bizə qarşı sanksiya təşəbbüsü ilə çıxış etmirlər. Niyə? Ona görə ki, beynəlxalq hüquq bizim xeyrimizədir. Düzdür, müəyyən təzyiqlər var, amma Azərbaycan qətiyyətlə bunlara sinə gərir”.

Partiya funksionerinin fikrincə, bütün bunlar Azərbaycanın həm döyüş, həm də siyasi meydanda özünü təsdiqləməsini şərtləndirir.

Vidadi ORDAHALLI

Son xəbərlər