03/12/2020 14:16
728 x 90

Ən qərəzli jurnalist sualları qarşısında belə itirilməyən təmkin - İlham Əliyevin böyüklük nümunəsinin utandırıcı təsirləri…

Şakir Ağayev: “...bu jurnalistlər ölkəmizə haqq-ədalət axtarmaq üçün gəlmirlər”

img

“Bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır”.

 

Baki-xeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində danışıb.

Prezident, həmçinin, bildirib: “Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki, prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik”.

  • “Xarici jurnalistlərin Prezidentə ünvanladığı qərəzli suallar onların özlərinin pərt vəziyyətə düşməsinə səbəb oldu”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevdən müsahihə götürən xarici jurnaistlərin bir çoxu həqiqətən də qərəzli suallar verir, özlərini jurnalist kimi deyil, ittihamçı prokuror kimi təqdim etməyə cəhd göstərir. Lakin Prezident İlham Əliyev onların qərəzli suallarına böyük təmkinlə, səbrlə cavab verir, nəticədə də həmin jurnalistlər pərt vəziyyətə düşürlər. “Prezident xarici jurnalistlərin ona ünvanladığı məqsədli qərəzli sualları cavablandırmaya da bilərdi, amma böyük səbr və təmkinlə cavablandırdı. Həmin jurnalistlərin özlərini “prokuror” kimi aparması ondan irəli gəlir ki, bu jurnalistlər ölkəmizə haqq-ədalət axtarmaq üçün gəlmirlər. İstər “Foks nyus”un, istərsə də Prezidentə qərəzli suallar ünvanlayan digər xarici KİV-in nümayəndələri olsun, təbii ki, onlar öz qərəzli sualları ilə Azərbaycanın haqq-ədalət işinə kölgə salmaq istəyirdilər. Amma onlar bununla çox səhv edirlər, bir şeyi unudurlar ki, Azərbaycan Prezidenti siyasi-diplomatik cəhətdən çox hazırlıqlı, məlumatlı siyasi xadimdir və bu baxımdan, onların qərəzli sualları iflasa uğradı. Nə qədər qərəzli sual versələr də, Prezident onların suallarına həmin jurnalistlərin öz ölkələrindən nümunələr gətirməklə cavab verirdi. Bu, ölkə başçısının nə qədər hazırlıqlı olduğunun, nə qədər beynəlxalq siyasi münasibətləri bildiyinin bariz nümunəsidir. Eyni zamanda, cənab Prezidentin bu qərəzli suallara səbr və təmkinlə cavab verməsinin səbəbi Azərbaycanın haqlı, ədalətli mövqeyidir. Azərbaycan dövləti bütün dünyaya göstərir ki, onun apardığı müharibə haqq-ədalət savaşıdır, öz torpaqlarını işğalçılardan azad edir, bütün tədbirlər beynəlxalq qanunvericilik çərçivəsində görülür. Ona görə də xarici jurnalistlərin Prezidentə ünvanladığı qərəzli suallar onların özlərinin pərt vəziyyətə düşməsinə səbəb oldu”.

Ş.Ağayev hesab edir ki, Prezident İlham Əliyev ona ünvanlanan qərəzli suallara özünəməxsus yüksək siyasi ustalıqla cavab verməklə bütün dünyaya özünün nə qədər böyük siyasətçi, böyük diplomat olduğunu və Azərbaycanın haqq yolunda olduğunu, haqlı mövqeyindən çəkilmədiyini bir daha sübut etdi. “Çox sevinirəm ki, suallar nə qədər qərəzli olsa da, cənab Prezident onların heç birinə cavab verməkdən imtina etmədi, əksinə, onların hamısına böyük təmkinlə cavab verdi. Bizim ən böyük arzumuz odur ki, tezliklə ordumuz düşmənin işğalçı qüvvələrini torpaqlarımızdan silib atsın və qələbə qazanaq, bu ədalət zəfərini ilk olaraq Azərbaycan mətbuatı işıqlandırsın” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər