25/11/2020 17:18
728 x 90

"Azərbaycan Prezidenti münaqişəyə dair 1993-cü il BMT qətnamələrini tək dövlətin gücü ilə icra etməklə beynəlxalq hüquq üçün presedent yaratdı..." - Aydın QULİYEV yazır

img

Azərbaycanın Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlanmış uğurlu əməliyyatları beynəlxalq hüquq normaları üçün yeni mənbə sayıla bilən reallıq yaradıb.

Beynəlxalq münasibətlər və beynəlxalq hüquq normalarının tətbiqi tarixində hələ belə hal olmamışdı ki, BMT Təhlükəsizlik Şurasının konkret ünvanlı qətnaməsi və ya qətnamələri bir dövlətin gücü ilə icra olunsun. Xüsusilə TŞ-nin qətnamələri, bir qayda olaraq, kollektiv və ya qrup icraatı formasında həyata keçirilir. Azərbaycan BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq Dağlıq Qarabağın ətrafındakı rayonların mütləq çoxunu Ermənistanın işğalından azad etməklə müasir beynəlxalq münasibətlərdə BMT TŞ qətnamələrinin kollektiv və ya qrup halında yox, fərdi qaydada icraat nümunəsini ortaya qoydu. Sözsüz ki, Azərbaycanın bu hərəkəti beynəlxalq hüquqda tam yeni presedent kimi təzahür edir. Yəni Azərbaycanın bu nümunəsindən gələcəkdə başqa dövlətlərin də analoji vəziyyətlərdə bəhrələnməsi üçün əsaslar artıq yaranıb. Məsələn, BMT TŞ-nin Fələstin problemi ilə bağlı hələ də icra edilməmiş qətnamələri varsa, hələ də onlar kollektiv məcburetmə qüvvələri tərəfindən öz icrasını gözləyirsə və hələ də icra olunmursa, günlərin birində güclü dövlət halına gələn Fələstinin özünün onu icra etdirəcəyini ehtimal etmək olar. Bu ehtimalı başqa bir sıra analoji münaqişələrə də şamil etmək olar. Azərbaycanın edə bildiyi şey başqa dövlətlər tərəfindən nə üçün də edilə bilməsin?! Ümumən hüququn funksiyalarından biri faydalı və mümkün olanı normativləşdirməkdən ibarətdir. Azərbaycan ordusunun və Prezident İlham Əliyevin Dağlıq Qarabag münaqişəsi ətrafında yaratdığı yeni reallığın hüquqi presedent kimi rəsmən tanınmasına və bunun beynəlxalq hüquq normalarının yeni mənbəyi kimi qəbul edilməsinə təkzibolunmaz əsaslar var.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı qüvvələri Dağlıq Qarabağda TŞ qətnamələrini fərdi qaydada icra etməklə beynəlxalq hüquq presedenti yaratdı.

Aydın QULİYEV

Son xəbərlər