25/11/2020 17:13
728 x 90

Prezident Əliyevin son həftələrdə dünya KİV-ə açdığı unikal Qarabağ həqiqətləri...

img

Qarabağ döyüşləri başlayandan cəmi iki həftə bəs etdi ki, Cənubi Qafqazda yeni reallıq bərqərar olsun. Bu müddət ərzində Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-nə qədər mövcud olan status-kvonu tamamilə dəyişdi.

Artıq müharibədən 30 gün vaxt keçib. Bu müddət ərzində müharibə tamamilə yeni reallıqlar yaratdı. Nəyin hesabına? Güclü liderin, xalq-dövlət birliyinin, peşəkar ordu hesabına. Azərbaycan geridə qalan bir ay müddətində həm döyüş meydanında, həm də diplomatik müstəvidə tarixi uğurlar əldə edib. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatları zamanı düşmənə sarsıdıcı zərbələr vurulub, işğalçıların xeyli sayda canlı qüvvə və texnikası məhv edilib. Ordumuzun uğurlu əməliyyatları nəticəsində 1 ay ərzində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı), 3 qəsəbə (Hadrut, Mincivan və Ağbənd), 165 kənd və Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji yüksəkliklər işğaldan azad olunub. Həmçinin, ölkəmiz üçün strateji əhəmiyyəti və mənəvi dəyəri böyük olan Xudafərin körpüsü azadlığa qovuşub.

  • Proseslər kulminasiya nöqtəsinə yaxınlaşır

Mahiyyət etibarilə hər şey ortadadır. Azərbaycan illərdir mövcud olan ədalətsiz status-kvonu ortadan qaldırıb. Artıq hamı yaxşı görür ki, situasiya əhəmiyyətli şəkildə bizim xeyrimizə dəyişib. Hər bir prosesin inkişaf mərhələləri olur. Başlanğıc, inkişaf və pik nöqtəsi. Proseslər pik nöqtəsinə çatdıqdan sonra qarşıda nələrin baş verəcəyi bütün tərəflər üçün aydınlaşır. Artıq gedən proseslər onu göstərir ki, Qarabağ müharibəsində proseslər pik nöqtəyə doğru istiqamət alıb. Bunu da bir sıra faktorlar şərtləndirir.

  • Aprel döyüşlərində düşmənə ciddi siqnal verildi

O da məlumdur ki, indiyə qədər ermənilər özlərini qalib tərəf hesab edirdilər. 26 illik atəşkəs dövründə məhz bu faktordan çıxış edərək danışıqları uzadırdılar. Qəbul edilməsi mümkün olmayan şərtlərlə çıxış edirdilər. Baxmayaraq ki, bu, ermənilərin mövcud imkanları ilə heç bir halda uzlaşmırdı. Onlar ötən müddət ərzində işğal olunmuş ərazilərdə geniş miqyasda məskunlaşma apara bilmədilər. Çünki Ermənistanda əhalinin sayı azaldığı halda, bu yöndə işlər aparmaq mümkün deyildi. Baxmayaraq ki, 2016-cı ilin Aprel döyüşlərində Ermənistana çox güclü zərbələr endirildi, amma qarşı tərəf bundan nəticə çıxarmadı. Hansı ki, artıq o zaman bununla bağlı ermənilərə ciddi siqnal verildi.

  • Müharibə yeni reallıqlar yaratdı

O da məlumdur ki, istənilən müharibə bir neçə müstəvidə aparılır. Onların da arasında ən vacibləri hərbi və diplomatik müstəvilərdir. Azərbaycan əvvəlcədən diplomatik müstəvidə də müharibəyə hazır idi və döyüşürdü. Diplomatik müstəvidə görülən işlər, aparılan məqsədyönlü siyasət prosesin hərbi müstəvidə uğurla davam etməsinə əlverişli zəmin yaratdı. Bir zamanlar  Azərbaycan qısa vaxtda Ermənistanı darmadağın edib, diz çökdürən ölkə deyildi. Söhbət 90-cı illərin çətin dönəmindən gedir. İndi isə yeni reallıq var və bunu bütün tərəflər qəbul edir. Heç şübhəsiz ki, danışıqlar da bu yeni reallıq nəzərə alınaraq aparılmalıdır. Cəbhə xəttində indiyə qədər baş verənlər artıq Ermənistanın bir də Azərbaycanın qarşısında heç bir şərt qoymadan danışıqlara razılıq verməsini təmin edir. Demək, fərqli bir diplomatik raundun başlamasının zamanıdır.

  • Diplomatik müstəvidə uğurlu işlər görüldü

Şübhəsiz, döyüşlər Azərbaycanın ərazi bütövlüyünə ciddi təminat verilənə qədər davam edəcək. Buna heç bir şübhə yoxdur. Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayandan bu yana cənab Ali Baş Komandan birmənalı şəkildə ancaq bu mövqedə olub. Bütün ictimaiyyət də ölkə Prezidenti ətrafında sıx birləşib. Çünki biz müharibə aparmaq xətrinə müharibə aparmırıq. Azərbaycan qarşısına hərbi yox, siyasi məqsədlər qoyub. Ərazi bütövlüyümüzə nail olmağın işlək siyasi mexanizmi yaransa, o halda döyüşlər dayana bilər. Başqa heç bir halda.

  • Prezidentin müsahibələri erməni mifini dağıtdı

Bütün bunlarla yanaşı, ən önəmli məqamlardan biri də döyüşlər başlayandan sonra Prezident İlham Əliyevin Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı həqiqətləri dünyaya çatdırmasıdır. Məsələ ondadır ki, ölkə Prezidenti Vətən müharibəsi başlayandan bu günə qədər dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələr verib. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyat və daxili siyasi proseslərlə bağlı bütün sualları cavablandıran İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb. Özü də aparıcı media orqanlarında Qarabağ həqiqətləri Prezidentin müsahibələri timsalında maraqla izlənir. Münaqişənin mahiyyətindən indiyə qədər məlumatı olmayan milyonlarla insan əsl həqiqətlərlə tanış olur. Ötən günlərdə dövlət başçısı Türkiyənin “TRT”, “A Haber”, “CNN TÜRK”, “Haber Qlobal”, “TRT TÜRK”, Rusiyanın TASS agentliyi, “Rossiya24”, “Pervıy Kanal”,  “RBK” telekanallarına, Fransanın “France24”,  Qətərin “Əl-Cəzirə”, ABŞ-ın “Fox News”,  “Sky News”, “CNN International” televiziya kanalllarına və tanınmış mətbu orqanlara Qarabağ həqiqətləri ilə bağlı geniş və sanballı müsahibələr verib.

  • İşğal faktı, bütövlükdə, bölgənin təhlükəsizliyinin təhdid mənbəyidir 

Dövlət başçısı dünyanın sözügedən media nəhənglərinə müsahibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə bağlı mövqeyini bir daha açıq şəkildə ortaya qoyub. Prezident Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, bu ərazilərdən çıxmaq istəmədiyini, bu azmış kimi, həmin bölgələrdə möhkəmlənməyə başladığını da qeyd edib. İlham Əliyev danışıqlara başlamağın şərtlərindən də danışıb. Dövlət başçısı bildirib ki, ilk növbədə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Əvvəlki status-kvo və təmas xəttinin mövcud olmadığını deyən Prezident bildirib ki, Ermənistan rəhbərliyi daha məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycan tərəfi heç vaxt danışıqlardan imtina etməyib. Ancaq bu danışıq və görüşlər torpaqların işğaldan azad olunmasına yardım etməyib. Əksinə, döyüşlər zamanı məlum oldu ki, həmin torpaqlarda Ermənistan istehkamlar qurub və möhkəmlənib. Bu ərazilərdə, demək olar ki, dinc sakinlər yaşamayıb. Ermənistan işğal altında saxladığı torpaqlar vasitəsilə Azərbaycana təzyiq göstərib və ölkəmizi təhdid edib. İşğal faktı, bütövlükdə, bölgənin təhlükəsizliyinin təhdid mənbəyi olub. Ermənistan özünü Cənubi Qafqazda jandarm və ya kənar qüvvənin güclü aləti rolunda aparıb. O, beynəlxaq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik edib. Azərbaycan əks-hücum əməliyyatı ilə bölgəni bu faşist düşüncədən xilas edir. Çünki bu düşüncənin daşıyıcıları olan ermənilər qonşu dövlətlərə ərazi iddiası ilə çıxış edirlər.

Prezident müsahibəsində Ermənistanın dinc əhaliyə ballistik raketlə hücum etməsi faktlarını da vurğulayıb. Bununla da işğalçı ölkə üçün danışıqlar, atəşkəsin mənasız olduğu nəzərə çatdırılıb. İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıdığını vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycana hücum olunursa, onun həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var. Azərbaycan Prezidenti indiki hadisələrdə Türkiyənin tutduğu ədalətli mövqeyi də dünya dövlətlərinin, oradakı izləyicilərin diqqətinə çatdırıb. O deyib ki, Türkiyə indi təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Prezident bildirib ki, Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur. Qeyd edək ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir. Bu ölkə Cənubi Qafqazın üç dövləti ilə həmsərhəddir.

  • Prezident Qarabağla bağlı gedən informasiya müharibəsində bir dönüş yaratdı

Maraqlıdır, bütün bu deyilənləri ekspertlər necə dəyərləndirirlər? Prezident son 3 həftə ərzində xarici KİV-ə müsahibələrində Qarabağ probleminə aid hansı həqiqətləri dünyaya çatdıra bilib?

Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ötən müddət ərzində Prezident sözügedən müsahibələri ilə Dağlıq Qarabağla bağlı bir sıra həqiqətləri dünya ictimaiyyətinə çatdırdı: “Prezident müsahibələri ilə Qarabağla bağlı gedən informasiya müharibəsində bir dönüş yaratdı. Bununla əlaqədar olduqca yüksək fəallıq göstərir. İllərlə ermənilərin Qarabağla bağlı yaratdıqları mifləri darmadağın etdi. Məsələ ondadır ki, ölkə başçısının verdiyi müsahibələr çox dolğun və əhatəli məzmuna malikdir. Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri ən xırda detalına qədər özündə ehtiva edir. Bu baxımdan həqiqətən də Prezidentin verdiyi müsahibələr unikal əhəmiyyət kəsb edir. Ötən müddət ərzində onlarla müsahibə verib. Gərgin iş rejiminin olmasına rəğmən, Prezident Qarabağ həqiqətlərinin əsl mahiyyətini dünya ölkələrinin diqqətinə çatdırır. Sözügedən müsahibələrin timsalında dünya ictmaiyyəti əsl reallıqlarla tanış oldu. Məlum oldu ki, işğalçı ilə işğala məruz qalan tərəf hansıdır. Düzdür bunu bir çox ölkə yaxşı bilir. Ancaq həmin ölkələrdə yaşayan insanların çoxu əsl həqiqətlərdən xəbərsizdir. Bu baxımdan Prezidentin müsahibələri vəziyyəti dəyişdi. Prezident sözügedən müsahibələri ilə illərdir kağız üzərində qalan beynəlxalq qərarların məzmununu, beynəlxalq hüququn işləmədiyini dünyanın diqqətinə çatdırdı. Prezident işğalçı Ermənistanın iç üzünü, müharibə reallığını, onun başvermə səbəbini, qarşı tərəfə bəzi dairələrin dəstək verdiyini tutarlı arqumentlərlə təqdim etdi. Dünyanın milyonlarla tamaşaçı və dinləyici auditoriyası əsl həqiqətlərlə tanış oldu. Azərbaycanın haqlı mövqeyi dünyaya çatdırıldı. Bu baxımdan, Prezidentin verdiyi müsahibələr əvəzsiz rola malikdir”.

Ekspert hesab edir ki, bütün bunlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayır.

Vidadi ORDAHALLI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər