25/11/2020 17:05
728 x 90

İlham Əliyevin Paşinyan barədə bəzi sarkazmlarının dillərə düşməsinin səbəbləri - “düşük adı qoydum”, “iti qovan kimi”, “bəs deyirdin verməyəcəyəm”...

Aydın Xan Əbilov: “Prezident Paşinyana ünvanladığı sarkazmlarla, obrazlı ifadələrlə xalqımızın ürəyindən tikan çıxarır”

img

Özünü nə bir siyasətçi, nə də bir ölkə başçısı kimi normal şəkildə təqdim edə bilməyən Ermənistanın Baş naziri Nikol Paşinyan həm öz ölkəsində, həm Azərbaycanda, həm də başqa ölkələrdə lağ obyektinə çevrilib.

Bilirik ki, Prezident İlham Əliyev Paşinyan barəsində xeyli sayda sarkazm səsləndirib, fikirlər söyləyib. Prezidentin Paşinyanla bağlı dediyi “iti qovan kimi”, “düşük”, “bambılı”, “bəs deyirdin verməyəcəyəm” və sair sözləri artıq cəmiyyətimizdə bir aforizmə çevrilib. Dövlət başçısının Paşinyan haqqında dediyi sarkazmlar videoçarxlarda, fotolarda əks olunur, insanlar maşınlarının üzərinə həmin sözlərin fotolarını yapışdırır, ölkəmizdə istehsal edilən PUA-nın üzərinə “iti qovan” yazılır. Azərbaycan Prezidentinin Paşinyan barədə dediyi sarkazmların hamısı dillərə düşüb.

Bu sarkazmların tez bir zamanda dillərə düşməsinin, az qala aforizmə çevrilməsinin səbəbi nədir?

  • “...xalqımızın canlı danışıq dilində ifadə edildiyi üçün tez bir zamanda dillərə düşdü, aforizmə çevrildi”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bu məsələni belə şərh etdi: “İkinci Qarabağ savaşının qəhrəmanı, 55 milyonluq dünya azərbaycanlılarının lideri Ali Baş Komandanımız İlham Əliyevin nəinki Ermənistanın əldəqayırma Baş naziri, Sorosun kreativ layihəsi olan Paşinyanın qeyri-ciddiliyini xarakterizə edən sarkazmları, obrazlı ifadələri xalqın dilində bir zərbi-məsələ çevrilib. Cənab Prezident dünya səviyyəli bir siyasətçidir, 160-dan çox dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq bir təşkilatın rəhbəridir. Prezidentimiz hansı sözü harada işlətməyi yaxşı bilən siyasi xadimdir. Cənab Prezident Paşinyanla bağlı mükəmməl sarkazm-yumorla, satira ilə dolu fikirlərini sadə xalq dilində insanlara çatdırdığı üçün bunlar dillər əzbərinə çevrilib. Prezidentin Paşinyanla bağlı səsləndirdiyi sarkazmlar xalq tərəfindən birmənalı olaraq qəbul edilir və alqışla qarşılanır. Dövlət başçısının həm müharibə, həm Ermənistanın işğalçı silahlı birləşmələri, həm separatçılar, həm də Ermənistanın Baş naziri Paşinyanla bağlı dediyi obrazlı fikirlər, əslində, Azərbaycan ədəbiyyatının və humanitar düşüncəsinin şah nümunələrinə çevrilməkdədir. Baxın, təkcə Prezidentimizin Paşinyana verdiyi  “dabanyalayan” ləqəbi kifayət edir ki, bu adam istefa versin və birdəfəlik siyasətdən getsin. “İti qovan kimi qovuruq”, “rədd olun gedin torpağımızdan”, “cəhənnəmə getsin sizin bizim kəndlərə verdiyiniz adlar” kimi ifadələr artıq ritorik deyimlər deyil, çoxmənalı və özündə XXI əsrin siyasi gedişatını, geopolitikasını və Qarabağ savaşının fəlsəfəsini əks etdirən fikirlərdir. Bunu, təbii, hər kəs deyə bilməz, bunu yalnız Prezident, Ali Baş Komandan, siyasi-humanitar düşüncəmizin öncülü olan İlham Əliyev deyə bilər. Buna İlham Əliyevin həm yaşı, həm aldığı təhsil, həm qazandığı nüfuz və təcrübə, ən əsası da dünya siyasətçiləri arasında sanballı yeri, mövqeyi imkan verir. Fikir verin, görün cənab Prezident siyasətə necə gəlib, Paşinyan necə gəlib. İlham Əliyev dünyanın aparıcı geopolitika ali məktəbi sayılan universitetin, eyni zamanda, Heydər Əliyev universitetinin məzunudur. Prezidentin bu və ya digər situasiyalarda ana dilimizin ən gözəl qatlarından istifadə edərək səsləndirdiyi fikirlər dünyanın heyrətinə səbəb olur”.

Prezident İlham Əliyevin Paşinyana ünvanladığı sarkazmları yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində, o cümlədən də qardaş Türkiyədə, İranda, Rusiyada, elə Ermənistanın özündə də izləyirlər. “Prezident Paşinyana ünvanladığı sarkazmlarla, obrazlı ifadələrlə xalqımızın ürəyindən tikan çıxarır. Cənab Prezidentin Paşinyanın obrazını, xarakterini dəqiq ifadə edən sarkazmları  xalqımızın canlı danışıq dilində ifadə edildiyi üçün tez bir zamanda dillərə düşdü, aforizmə çevrildi.  

Bəli, İlham Əliyev BMT-nin ali kürsusündə, Qoşulmama Hərəkatının sədri kimi siyasi arenada siyasi terminlərlə, dipomatik üsullarla necə danışmağı mükəmməl bacarır. Amma Prezident İlham Əliyev 55 milyonluq Azərbaycan xalqına müraciət edirsə, canlı xalq dilindən istifadə edir. Bununla da cənab Prezident xalqın canlı danışıq dilinin gözəlliklərindən istifadə edərək, öz siyasi düşüncəsini xalqa çatdırmaq metodunu ortaya qoydu” - deyə A.X.Əbilov bildirdi.

İradə SARIYEVA

Son xəbərlər