03/12/2020 14:45
728 x 90

Ermənistan Bərdənin mülki sakinlərinə növbəti raket zərbəsi endirdi - 4 nəfər həlak oldu, 13 nəfər yaralandı - YENİLƏNDİ

Hikmət Hacıyev Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atıldığını açıqladı

img

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan baki-xeber.com-a verilən məlumata görə, 2020-ci il oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb. Bu barədə isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib: “Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib.

Son xəbərlər