03/12/2020 07:36
728 x 90

İlham Əliyevin “Qoşulmama strategiyası” BMT TŞ-də 19 oktyabr müzakirələrində bir daha doğruldu

Seyid Camal Əzimbəyli: “QH üzvlərinin sərgilədiyi mövqe onu göstərir ki, Prezidentin xarici siyasət xətti çox səmərəlidir”

img

Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər.

Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sözügedən ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Ən başlıcası, bu, Qoşulmama Hərəkatı ilə əlaqədar Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətlə bağlıdır. Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir. Prezidentin apardığı siyasət sayəsində bütün üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyırlar. Məhz sözügedən ölkələrlə aparılan işin nəticəsidir ki, həmsədr dövlətlərin məlum niyyəti baş tutmadı.

  • “Bu, ölkə başçısının növbəti diplomatik qələbəsidir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 19 oktyabrda keçirilən qapalı iclasından sonra hazırladıqları bəyanat tamamilə ədalətsiz bir sənəd olub: “Məsələ ondadır ki, sözügedən bəyanatda TŞ-nin 1993-cü ildə qəbul etdiyi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb. Daha sonra Qoşulmama Hərəkatına üzv olan ölkələrin qətnamələrə istinadın daxil olunması təklifini qəbul etməyən həmsədr ölkələr bəyanatı geri çəkməyə məcbur olublar. Geri çəkilən bəyanat layihəsində sırf atəşkəslə bağlı məqamlar öz əksini tapıb. Layihədə Azərbaycan torpaqlarının işğala məruz qalması ilə bağlı heç bir fikir öz əksini tapmayıb. Həmsədr ölkələr bununla Azərbaycana qarşı məkrli bir sənəd hazırlamaq istəsələr də, bu alınmayıb. Bu onu göstərir ki, həmsədrlər əvvəlki kimi Ermənistanın işğalına göz yumurlar. Qoşulmama Hərəkatı üzvlərinin sərgilədiyi mövqe onu göstərir ki, Prezidentin xarici siyasət xətti çox səmərəlidir. Uzaq hədəflərə hesablanıb. Bu, ölkə başçısının növbəti diplomatik qələbəsidir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ərsəyə gəlib. QH ölkələri ilə aparılan iş bizim uğurumuza yol açıb”.

Şərqşünasın fikrincə, bu kimi siyasi gedişlər Azərbaycanın maraqlarının beynəlxalq arenada qorunmasına xidmət edir.

Vidadi ORDAHALLI

Son xəbərlər