“Qarabağ uğrunda müharibə Azərbaycana pərdə kimi lazımdır” – “FoxTV”-nin müxbirinin qərəzli mövqeyinə Prezidentdən sonra müxalifətin də reaksiyası gərəkdir...

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində jurnalistin ona ünvanladığı bütün qərəzli suallara sərrast cavablar verib.
Həmin məzmunda olan suallardan birinə diqqət edək. Jurnalist soruşur: “Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz sadəcə, ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz”.
İlham Əliyevin bu suala cavabı çox əsaslı və korrekt olub: “Xeyr, xeyr. Bu tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir”.
Göründüyü kimi, jurnalist bu sualı Prezidentin tənqidçilərinə əsaslanaraq verir. Ölkə başçısının əsas tənqidçilərindən biri də müxalif qüvvələrdi. Belə olan halda, Azərbaycanın apardığı Vətən müharibəsinə başqa don geyindirmək cəhdi ilə bağlı müxalif partiyaların da mövqeyini öyrənmək qərarına gəldik. Müxalifətdə olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin müsahibədə jurnalist etikası tamamilə pozulurdu: “Diqqətlə izlədikdə görünür ki, “Fox”-un müxbirinin verdiyi sualların hamısı provokasion mahiyyət daşıyırdı. Jurnalist sanki özünü ittihamçı prokuror qismində təqdim etmək istəyirdi. Amma cənab Prezident bütün məsələlərlə bağlı çox sanballı cavablar verdi və demək olar ki, onu tam susdurdu. Hiss olunur ki, onların hamısı eyni mərkəzdən idarə edilir. İzləsəniz görərsiniz ki, həmin tezisi erməni mediası da tirajlayır. Güya Azərbaycan bu müharibəni daxildəki problemlərdən fikri yayındırmaq üçün istifadə edir. Bunlar da bu iddianı irəli sürür ki, güya Prezident daxili auditoriyanı sakitləşdirmək üçün bu yolu seçib. Bunlar hamısı eyni yerdən idarə olunan tör-töküntülərin yaratmaq istədiyi rəydir. Kökündən yanlış yanaşmadır. Əksinə, biz Azərbaycan müxalifəti olaraq, hər zaman Azərbaycandan müharibə etməyi tələb etmişik. Hakimiyyəti müharibə etmədiyinə görə tənqid atəşinə tuturduq. Prezidentin addımı çox doğrudur. Bütün siyasi qüvvələr ölkə başçısının arxasında dayanıb. Xarici dairələr bu milli birlik modelinin əldə olunmasından çox narahatdırlar. Bu səbəbdən də istəyirlər ki, daxildə ciddi təfriqə olsun. Buna görə də bəzən öz 5-ci kolonlarını işə salırlar. Bunların alınmadığını görəndə, özləri ortaya düşür. Azərbaycan müxalifətinin bu məsələdəki mövqeyi məni tam qane edir. Birlik nümayiş etdirməklə biz ölkəmizin bu haqq savaşındakı rolunu daha da gücləndiririk. Mən müxalifətin zoom müşavirəsində bütün qüvvələrə bu mövqeyə görə təşəkkür etdim. Siyasi qüvvələrin bu birliyinin əldə olunmasında mən Administrasiyada bu sahəni kurasiya edən Ədalət Vəliyevin müstəsna xidmətini qeyd edə bilərəm. Çünki müharibədən əvvəl o, siyasi qüvvələrlə ciddi görüşlər keçirdi və ortada nəticə əldə edildi. Bu cür cılız fikirlər bizi narahat etməməlidir. Bununla Azərbaycanın şərəf işinə başqa don geyindirməyə çalışırlar”.
Partiya sədri hesab edir ki, müxalifət bir az da aktiv fəlaiyyət göstəməli və yeri gəlsə, hakimiyyətin ifadə edə bilmədiklərini bəyan etməlidir.
Məhəmmədəli QƏRİBLİ