Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarda Trampın mövqeyi hansı həqiqətlərə söykənir – Prezident Əliyev müzakirələrə yol açdı...

Məhəmməd Əsədullazadə: “Trampın belə mövqeyindən aydın olur ki, ABŞ münaqişənin ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır”

img

“Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur”. Bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Ölkə başçısının fikrincə, sözügedən məsələdə Birləşmiş Ştatların mövqeyi balanslıdır: “Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir”.

Göründüyü kimi, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın sərgilədiyi mövqeyi ümumən müsbət dəyərləndirib. Bütün bu deyilənlərin fonunda maraqlıdır, Qarabağ münaqişəsinə yanaşmalarda Trampın mövqeyi hansı həqiqətlərə söykənir?

  • “Vaşinqtonun bu siyasəti həm regional, həm də geopolitik müstəvidə müsbət əhəmiyyət kəsb edir”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra aspektlərə toxundu: “Artıq bir aydır Qarabağ cəbhəsində hərbi əməliyyatlar gedir. Ötən bu müddət ərzində ABŞ Prezidenti Donald Trampın sərgilədiyi neytral mövqe Azərbaycan tərəfindən müsbət qarşılanır. ABŞ da həmsədr ölkələrdən biridir. Ancaq Fransa ilə müqayisədə ABŞ tərəfsiz və obyektiv mövqe sərgiləyir. Yəni bənzər yanaşmanı biz Fransa Prezidenti Emmanuel Makronun timsalında görmürük. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyü məsələsinə xüsusi önəm verir. Bu da onu göstərir ki, sözügedən məsələdə ABŞ-la Azərbaycan arasında ciddi fikir ayrılığı olmayıb. Trampın sözügedən məsələdə neytral mövqeyi və verdiyi bəyanatlardan aydın olur ki, ABŞ münaqişənin ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır. Qarabağda davam edən bu haqq savaşımızda ABŞ-ın timsalında Qərb əsasən buna görə neytrallığını saxlayır. Atəşkəslə bağlı Trampın çağırışına gəldikdə isə, bu, sadəcə olaraq, seçki ilə bağlı bir manevrdir. Tramp bununla müəyyən qədər erməni əsilli seçiciləri öz tərəfinə çəkmək istəyir. Düşünürəm ki, bu aspektdə davam edən proseslər fonunda Vaşinqton Azərbaycana hər hansı bir təzyiq etməyəcək. Azərbaycanın apardığı hərbi əməliyyatlar həm də ABŞ-ın geosiyasi maraqlarına uyğundur. Məhz bu kontekstdə baxanda hesab edirəm ki, Vaşinqtonun bu siyasəti həm regional, həm də geopolitik müstəvidə müsbət əhəmiyyət kəsb edir”.

Politoloq hesab edir ki, Birləşmiş Ştatlar Azərbaycanın regionda oynadığı geopolitik rolun fərqində olduğu üçün münaqişə ilə bağlı tərəfsiz mövqe sərgiləyir.

Vidadi ORDAHALLI

Son xəbərlər