Ermənistanın insan hüquqları müdafiəçisi Arman Tatoyan öz “Facebook” səhifəsində qeyd edib ki, azərbaycanlılar erməni hərbi əsirlərə işgəncə verərək öldürüblər. Ombudsman yazır ki, sosial şəbəkələrdə və mediada son günlər əsir erməni əsgərlərinin təhqir olunması və güllələnməsi foto və videolarını dərc edir. Ermənistan bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə, BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlara müraciət edəcək.
A.Tatoyanın öz “Facebook” səhifəsində hərbi əsirlərlə bağlı yazdığı məlumat həqiqəti əks etdirmir. Azərbaycan Ordusu tərəfindən əsir götürülən işğalçı ordunun əsgərlərinə dövlətimizin münasibəti bütün dünyaya bəllidir. Bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində, humanistcəsinə davranılır, yaralı erməni hərbçiləri ölkəmizin müasir xəstəxanalarında müalicə edilir, onlara lazımi tibbi yardım göstərilir.
“…dünya ictimaiyyətini çaşdırmaq istəyir, ancaq hər kəs ermənilərin necə qəddar millət olduğunu yaxşı bilir”
Hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, Ermənistan ombudsmanının hərbi əsirlərlə bağlı qeyd etdiyi fikirlər həqiqəti əks etdirmir: “Bizdə erməni əsirlər öldürülmür, hətta onlara işgəncə belə verilmir. Onlar, deyəsən, Ermənistanla Azərbaycanı səhv salıblar. Azərbaycanda Ermənistandan fərqli olaraq, əsirlərlə insanlıq çərçivəsində rəftar edilir. İşğalçı ordunun əsir düşmüş heç bir hərbçisi narazılıq edə bilməz ki, onunla Ermənistanın Azərbaycan əsirləri ilə davrandığı şəkildə davranılıb. Beynəlxalq təşkilatlar yaxşı bilirlər ki, Ermənistan tərəfindən əsir düşən hərbçilərlə pis davranılmayıb. Ermənistanın azərbaycanlı əsirlərin başına gətirdiyi oyunlar, müsibətlər, qəddarlıqlar bəlkə də heç tarixdə görünməyib”.
Həmsöhbətimiz hesab edir ki, erməni ombudsmanı erməni hərbi əsirlərlə bağlı yanlış informasiya yaymaqla dünya ictimaiyyətini çaşdırmaq istəyir. Ancaq hər kəs ermənilərin necə qəddar millət olduğunu yaxşı bilir.
Günel CƏLİLOVA