Məlumatlara görə, PKK terrorçularından ibarət qruplar Dağlıq Qarabağın Şuşa şəhərinə yerləşdiriliblər. “Anadolu” agentliyinin yaydığı məlumatda qeyd olunur ki, sözügedən PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr, ermənilərin əsl Azərbaycan əsgərlərində bu şəkildə çaşqınlıq yaratmağı hədəflədiklərini və həmin terrorçular öldürüldükdə Azərbaycan Ordusu tərəfindən Suriyadan gətirilən muzdlu olduqlarını iddia edəcəklərini bildirirlər.
Qeyd edilir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini deyib. Azərbaycan Ordusunun torpaqlarını xilas etmək üçün başlatdığı hərbi əməliyyatda əsir düşən erməni əsgəri Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağda ermənilərin sıralarında vuruşduqlarını etiraf edib və bu terrorçuların bunun qarşılığında 600 dollar maaş aldıqlarını etiraf edib.
“Azərbaycan hərbi geyimində olan PKK-çılar əsir düşən və ya yaralanan zaman özlərini muzdlu kimi büruzə verə bilərlər, bu səbəbdən…”
Ermənistanın PKK terrorçularına hərbi forma geyindirməsi barədə fikir bildirən hərbi ekspert Azad İsazadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əks tərəfdə döyüşən PKK-çıların Azərbaycan hərbi geyimini geyinməsi hərbi təxribat etmək anlamına gəlir: “Məlumdur ki, PKK-çılar müsəlmandırlar. Onlar türkcə danışırlar. Azərbaycan hərbi geyimində olan PKK-çılar əsir düşən və ya yaralanan zaman özlərini muzdlu kimi büruzə verə bilərlər. Bu səbəbdən də məlum olayla bağlı aidiyyəti qurumlar lazımi işlər görəcəklər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son vaxtlar Ermənistan ordusunda muzdlu, terror dəstə üzvlərinin olması haqqında mütəmadi məlumatlar yayılır: “Ermənilər özləri etiraf etmişdilər ki, Dağlıq Qarabağa həm Livandan erməni muzdlu döyüşçüləri, həm ASALA-nın tör-töküntülərini, həmçinin, açıq-aşkar PKK-nın və DYP kimi terror təşkilatlarının nümayəndələrini gətiriblər”.
Günel CƏLİLOVA