“Beynəlxalq humanitar hüquqa uyğun olaraq, hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq”. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 24-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
O qeyd edib ki, üçüncü dövlətlərə keçmək istəyən hərbi əsirlərlə bağlı beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.
Hərbi əsirlərin üçüncü ölkəyə keçirilməsi nə kimi təsirlərə səbəb ola bilər və bu qayda nə qədər əhəmiyyətli olacaq?
Məsələ ilə bağlı fikir bildirən hərbi ekspert Üzeyir Cəfərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, könüllü şəkildə təslim olan və döyüşlərdə bizim hərbçilərə zərər yetirməyən erməni döyüşçüləri üçüncü ölkəyə keçə bilər: “Beynəlxalq qanunvericilikdə qeyd olunur ki, günahsız əsgər könüllü şəkildə təslim olursa və döyüşdən imtina edirsə, o, istədiyi ölkəyə keçə bilər. Yox, əgər erməni döyüşçü bizim əsgərlərimizə atəş açıb, onlara hər hansı bir xəsarət yetirib və sonradan təslim olursa, o, etdiyi hərəkətin cəzasını çəkməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hərbi əsirlərin üçüncü ölkəyə keçirilməsi hərbi taktikadır: “Adətən, döyüş zamanı qalib gələn tərəf qarşı tərəfə təslim olmaq barədə çağırış edir. Təslim olan hərbçilərin döyüş zamanı qarşı tərəfin əsgərlərinə atəş açması, onlara xəsarət yetirməsi aşkar olunmazsa, əsir üçüncü ölkəyə keçə bilər. Hərbi əsirə üçüncü ölkəyə keçməsi üçün ölkələr təqdim olunur. Əsir də istədiyi ölkəni seçməkdə sərbəstdir”.
Günel CƏLİLOVA