Ermənistan Suriya və İraqdan gətirdiyi PKK terrorçularından ibarət qrupları Dağlıq Qarabağın Şuşa şəhərində yerləşdirib.
Baki-xeber.com xəbər verir ki, Türkiyənin “Anadolu” agentliyi bu barədə kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən PKK terrorçularına Azərbaycan hərbi formasının geyindirildiyinə diqqət çəkən mənbələr, ermənilərin bu yolla əsl Azərbaycan əsgərlərində çaşqınlıq yaratmağı hədəflədikləri, ayrıca terrorçular öldürüldükdə onların Azərbaycan Ordusu tərəfindən Suriyadan gətirilən muzdlu olduqlarını iddia edəcəklərini bildirirlər.
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini demişdi.
Ermənistan tərəfdə digər ölkələrdən döyüşçülərin olduğunu qeyd edən H.Hacıyev, Suriya və Livandan başqa, ABŞ, Kanada və xüsusən də Fransadan olan ermənilərin Ermənistan silahlı qüvvələri sıralarına qatıldığını söyləmişdi.
Azərbaycan Ordusunun torpaqlarını xilas etmək üçün başlatdığı hərbi əməliyyatda əsir düşən erməni əsgəri Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağdakı erməni sıralarında vuruşduğunu etiraf edib və bu terrorçuların bunun qarşılığında 600 dollar maaş aldığını deyib.
Məlumatlara görə, PKK terrorçuları Dağlıq Qarabağdakı erməni əsgərlərinə təlim keçir. Eyni zamanda Ermənistan onlardan mülki azərbaycanlılara qarşı hücumlarda da istifadə edir.
Terrorçulara Azərbaycan hərbi formasının geyindirildiyinə dair fotolar da yayılıb. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyanın işğal olunmuş Azərbaycan ərazilərindəki erməni hərbçilərlə görüşündə onun yanında oturan iki hərbçinin əynindəki geyim Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının geyim formasını xatırladır.
Məlumatlara görə, D.Tonoyanın görüşdüyü həmin şəxslər Azərbaycan Ordusuna qarşı döyüşlərdə istifadə olunan muzdlulardır.
Sözügedən fotoları Ermənistanın müdafiə nazirliyinın mətbuat katibi Şuşaş Stepanyan "Facebook" səhifəsində paylaşıb və qısa müddət sonra silib.