03/12/2020 08:11
728 x 90

"Prezident müharibənin məhz Ermənistan tərəfindən başlandığını fransız müxbirə də sübut etdi" - Aydın Quliyev

img

 

Son üç həftədən bir qədər artıq müddət ərzində Azərbaycan Prezidentinin sayı yüz milyonlarla ölçülən rus, ingilis və ərəb dilli auditoriyaya ünvanladığı geniş telemüsahibələrin hər biri mühüm olsa da, Fransanın “Figaro” qəzetinə müsahibəsi özünün xüsusi əhəmiyyəti ilə seçilir.

Faktdır ki, müharibə başlayandan dünya KİV-nin İlham Əliyevdən müsahibə götürməyə göstərdiyi marağın heç onda biri qədər Ermənistan rəhbərliyinə göstərilmir. Bu təsadüfi deyil və müstəsna şəkildə onunla bağlıdır ki, Azərbaycanın mövqeyi haqdır, İlham Əliyev informativlik, məntiqli analitika və sistemlilik baxımından çox maraqlı müsahibdir, eyni zamanda dünya KİV-i Paşinyanın yalançı və qeyri-səmimi dövlət başçısı olduğunu görür.

Prezident İlham Əliyevin dünya KİV-inə müsahibələri hər dəfə yeni məzmun, fakt və təhlillərə söykəndiyi üçün maraqla və orijinal qarşılanır. “Figaro” qəzetinə Prezidentin müsahibəsi ilk növbədə çox milyonlu Fransa mediasına ən müfəssəl məlumatların təqdim edilməsi baxımından çox əhəmiyyətlidir. Prezident Əliyevin çox inam və əsaslı şəkildə çatdırdığı mətləblər Ermənistanın ən çox güvəndiyi çox milyonlu Fransa mediasının əhəmiyyətli dərəcədə "silahsızlaşdırılmasında" təsirli rol oynayacaq.

Sözsüz ki, “Figaro”ya verilmiş müsahibənin məzmunu bütün dünya izləyiciləri üçün də əlçatan olduğu üçün onun Azərbaycanın xeyrinə daha nəzərəçarpan effektlər verəcəyi şübhəsizdir.

Azərbaycan Prezidentinin “Figaro”ya müsahibəsi məzmun və faktoloji tərəfdən xeyli yeniliklərə malikdir. Bu onun daha maraqla qarşılanmasının əsas səbəblərindən biridir. Prezident “Figaro” əməkdaşı ilə söhbətində müxbirin aşkar seçilən erməni təəssübkeşliyindən doğan suallara da o qədər dəqiq və məntiqli izahlar verdi ki, ermənilərin manipulyasiyalarına və siyasi spekulyasiyalarına qətiyyən şans saxlamadı. İlham Əliyev ölkəmizin hazırkı şərait üçün çox vacib olan müharibə və sülh platformasının bütün detallarını tam izah və müdafiə edə bildi. Bu təhlilləri diqqətlə izləyən hər kəsin Azərbaycan həqiqətlərinə mötəbər yanaşmaqdan başqa yolu qalmaz.

İlk sualını hücum tonu ilə başlayan Fransa jurnalistinin hansı təlimatlarla hərəkət etdiyi aydın görünsə də, İlham Əliyevin sərrast cavabı müxbirə və onun təlimatçılarına çox şeyi başa saldı. Müxbirin hücum tonunda "Siz bu müharibəni hansı siyasi məqsədlərlə başladınız" sualının arxasındakı incə taktikanı çox əla tutan Prezident bütün söhbətin məzmununu Ermənistana və onun havadarlarına qarşı ittiham yürüşünə çevirdi. Heç şübhə edilməməlidir ki, İlham Əliyevlə söhbətə başqa planlarla göndərilmiş fransız müxbir bu müsahibədən xeyli fərqli düşüncələrlə  qayıtdı. İlham Əliyevin bu müharibənin 27 sentyabrda məhz Ermənistan tərəfindən başladıldığını tam sübut etməsi müsahibənin tarixi və taktiki əhəmiyyətini artıran amillərdən biridir.

Azərbaycan Prezidenti döyüş meydanında Ordumuzun tam qələbə ərəfəsində olduğunu və hətta bu şəraitdə də sülh danışıqları masasına qayıtmağa hazır və iradəli olduğunu aydın təqdim etdi. Bununla Prezident bir daha nümayiş etdirdi ki, Azərbaycan qalibiyyətli müharibə və uğurlu sülh danışıqlarının hər ikisini eyni vaxtda aparmaq gücündə olan ölkədir. Artıq dünya əmindir ki, orduların indi döyüş meydanından danışıqlar masasına qayıtması yalnız Ermənistanın məlum bəzi şərtləri qəbul etməsindən asılıdır və əks təqdirdə proseslər Ermənistan üçün daha ağır nəticələr verməklə bütün hallarda Azərbaycan ərazilərinin azad edilməsi ilə nəticələnəcək.

Prezidentin Qarabağ münaqişəsinin ilk vaxtlardan guya erməni poqromlarından başladığı barədə müxbirin təmayüllü sualına cavabını da bütünlüklə dünya erməniçiliyi üzərində qələbə anlarından biri saymaq olar. Prezident fransız müxbirin özünü də yanlış mövqedən qaytardı və ona sübut etdi ki, Sumqayıtda və başqa yerlərdə poqromları biz yox, məhz ermənilər özləri Qarabağın Azərbaycandan qoparılmasına əsas yaratmaq üçün törətdilər.

Türkiyənin münaqişədə mövqeyinin oynadığı mütərəqqi rol, münaqişədən sonra ermənilərin Azərbaycanda yaşaya biləcəkləri şəraitin təsviri, Azərbaycanın malik olduğu  silah arsenalının mənbələri, muzdlu xarici döyüşçülər barədə Prezidentin dedikləri informasiya müharibəmizin mənafelərinə öz töhfəsini mütləq verəcək.

İlham Əliyev dünyaya bunu da dedi ki, Azərbaycan apardığı müharibənin mütləq qələbə ilə başa çatdırılacağına tam inanır və müharibədən sonra azad edilmiş ərazilərimizi  Dağlıq Qarabağın özü ilə bərabər BÖYÜK iqtisadi-sosial və siyasi məkanımıza daxil etmək üçün indidən ciddi planlara malikdir.

Prezident Əliyevin “Figaro”ya müsahibəsi Ermənistanla böyük Qarabağ savaşımızın tarixinə uğurlu informasiya hücum səhifələrindən biri kimi düşəcək.

Aydın QULİYEV

Son xəbərlər