Neft kəmərlərinin marşrut məsələsində Ermənistanın 26 illik peşmançılığının tutarlı əsasları var

Firdovsi Şahbazov: “...ölkədə yoxsulluq, köç dalğası dərinləşdi”

img

“İndi onlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər”. Bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, 1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsi ilə bağlı bəzi təkliflər var idi: “Lakin, belə olan halda, Ermənistan əraziləri boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu, ən qısa marşrut idi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyi marşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün o, bu cür çəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşa edə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indi onlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər. Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını inşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolunun istismarını dəstəkləyirdilər. Bu dəmir yolu mövcud idi, lakin Ermənistanın işğalına görə bizim qardaş Türkiyə onu bağlamışdır”.

Həmin vaxt Ermənistan işğaldan əl çəkib praqmatik addımlar atsaydı, o zaman bu ölkənin iqtisadi durumu tamamilə fərqli olardı. Ermənistan tranzit ölkə olaraq bundan qazanardı”.

  • “Ermənistan zamanında işğalçılıq əməllərindən əl çəksəydi, neft kəməri bu ölkədən keçərdi və onlar bundan qazanardılar”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadiyyat üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bununla bağlı Prezidentin fikirləri reallığı əks etdirir: “İşğal amilinə görə Ermənistan, bütün mənalarda, dalana dirənib. Siyasi, hərbi, iqtisadi, sosial və s. baxımdan bununla bağlı mənzərə ortadadır. Onların xəstə ideologiyası Ermənistanı uçuruma aparır. Torpaqların işğal edilməsi ermənilərə xoşbəxtlik gətirmədi, əksinə, onlara bədbəxtlik gətirdi. 90-cı illərdə nəyin hesabına və kimlərin yardımı sayəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi hamıya bəllidir. Onlar elə bilirdilər ki, bununla çox şey əldə edəcəklər, amma bunun tam əksi baş verdi. Əvvəla Azərbaycan ərazilərinin işğal edilməsi Ermənistanın iqtisadi inkişafına gətirib çıxarmadı. Ermənistan 4 ölkə ilə həmsərhəddir. Təcavüzkar siyasəti üzündən Türkiyə və Azərbaycanla sərhədləri bağlı qaldı. Bu ölkəyə xarici sərmayə gəlmədi. Ötən illər ərzində Ermənistandan xaricə miqrasiya azalmadı, əksinə, artdı. Bununla paralel, ölkənin demoqrafik durumu müsbətə doğru dəyişməyib. Cənubi Qafqaz ölkələrində ən aşağı doğum səviyyəsi Ermənistandadır. Əhalinin fəal hissəsi ölkəni tərk edib, yaşlı insanların çəkisi artır. Qonşu Gürcüstan Bakı-Tiflis-Ceyhan neft kəmərindən və digər layihələrdən tranzit ölkə olaraq böyük gəlirlər əldə etdi. Bunun sayəsində ölkə iqtisadiyyatı inkişaf etdi. Ermənistan nə qazandı? Regiondakı meqalayihələrdən təcrid olundu, ölkədə yoxsulluq, köç dalğası dərinləşdi. Hansı ki, Ermənistan zamanında işğalçılıq əməllərindən əl çəksəydi, indi bu ölkə bərbad durumda olmazdı. Neft kəməri bu ölkədən keçərdi və onlar bundan qazanardı. Hansı ki, Ermənistan uzun illərdir, sözün həqiqi mənasında, miskin durumdadır”.

Ekspert hesab edir ki, praqmatik düşünən və reallığı dərk edən ermənilər nəticə çıxarmalı və işğala son qoymalıdırlar.

Vidadi ORDAHALLI

Son xəbərlər