Prezident İlham Əliyev xarici media orqanlarından birinə verdiyi müsahibədə BMT TŞ-nin Azərbaycanla bağlı 4 qətnaməsinin niyə icra edilməsinə aydınlıq gətirib:
“Mən bu yaxınlarda demişdim ki, Minsk Qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Eyni zamanda mən dedim ki, biz Minsk Qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu özü hər şeyi göstərir. Həmçinin Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk Qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu açıq sualdır. Bilirsiniz, Minsk Qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı var. Odur ki, mənim bildiyimə görə, bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar”.
Göründüyü kimi, İlham Əliyev BMT TŞ-nin qətnamələrinin icra olunmaması ilə bağlı maraqlı detal açıqlayıb. Bunu həmin formatda təmsilçiliyi olan ölkələrin, həm də Minsk Qrupunun həmsədrləri olması ilə izah edib. Bu əsaslandırmanı məntiqi edən daha hansı amillər var?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin Dağlıq Qarabağ konfliktinin nizamlanmasıa başladığı ilkin illərdə həm də BMT-nin Təhlükəsizlik Şurasının daimi üzv ölkəsi olması Azərbaycan tərəfindən üstün bir məqam kimi dəyərləndirilirdi: “Çünki Minsk Qrupu həmsədr ölkələri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ konfliktinin həllinə dair 4 qətnamənin tərtib olunmasında iştirak edib, qəbul olunmasında isə ona səs veriblər. BMT TŞ qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın işğal edilmiş ərazilərdən çıxarılması, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinin təmin olunması üçün həlledici bəndlər göstərilirdi. Lakin konfliktin nizamlanmasında davam edən 27 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün yetərincə səy göstərmədilər. Ümumi dişsiz bəyanatlar verməklə, işğalçı və işğal olunana eyni standartlar tətbiq etməklə, konfliktin həllində real imkanları yetərincə dəyərləndirmədilər. Diğər tərəfdən isə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçünün BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması nizamlanma prosesinin bu 3 ölkənin monopoliyasına düşməsinə şərait yaradıb. İstənilən yeni səylər bu üçlük tərəfindən boğulub. Azərbaycan tərəfinin bir neçə dəfə ATƏT-in Minsk Qrupunun həmsədrliyinə digər ölkələrin namizədliyi üçün göstərdiyi təşəbbüslərin eyni formada qarşısı alınıb. Bir sözlə, istənilən format dəyişikliyi təklifi həmsədr ölkələr tərəfindən bloklanıb. Bu isə tək Dağlıq Qarabağ konfliktinin nizamlanmasında yarıtmazlıq mənzərəsini canlandırmayıb. Ümumilikdə ATƏT coğrafiyasında konfliktlərin hər birinin nizamlama prosesində ATƏT-i yarıtmaz bir təsisat kimi qələmə vermiş olub. BMT kimi nüfuzlu təşkilat isə öz qətnamələrini icra edə bilmədiyi üçün nüfuzdan düşmüş olurdu. Artıq Zəngilanı işğaldan azad etməklə, Azərbaycan həmin qətnamələrdən birinin icrasını təmin edib. Digər əraziləri işğaldan azad etməklə biz digər qətnamələrin də icrasını təmin etmiş olacağıq”.
Bununla Azərbaycan həm öz ərazilərini işğaldan azad edir, həm də nüfuzlu təşkilatların itirilmiş nüfuzunu bərpa etmiş olur.
Məhəmmədəli QƏRİBLİ