Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə bir sıra məqamlara toxunub. Ölkə başçısı Dağlıq Qarabağ müharibəsi haqqında geniş danışaraq hazırda işğalçıların fiaskoya uğraması və digər məqamlardan söz açıb. Diqqətçəkən mövzulardan biri Ermənistan rəsmilərindən gələn terror hədələri ilə bağlı olub.
Prezident müsahibəsində qeyd edib ki, Ermənistan enerji layihələrini vuracağı təqdirdə sərt cəzalandırılacaq: “Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin, enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb”.
Göründüyü kimi, ölkə başçısı neft-qaz kəmərlərini vuracağı təqdirdə Ermənistanı nələrin gözlədiyini dəqiq göstərib.
Maraqlıdır, bəs ekspertlər sözügedən məsələ ilə bağlı hansı fikirdədirlər?
“Ermənistanın bütün bunları görməzdən gəlməsu bu ölkəyə baha başa gələcək”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Ermənistan tərəfindən enerji infrastrukturuna zərbə endirilsə, o zaman layihədə iştirak edən dövlətlərin buna münasibəti sərt olacaq: “İndi müharibə ilə bağlı bitərəf mövqe sərgiləyən dövlətlər belə olacağı halda buna sərt etiraz edəcəklər. İstisna etmirəm ki, bunun qarşılığında Ermənistana yönəlik sanksiyalar gündəmə gələcək. Məsələ ondadır ki, bir sıra aparıcı dövlətlərin böyük şirkətləri enerji layihələrinə investisiya yatırıblar. Dünyanın aparıcı maliyyə qurumları bu məqsədlə kreditlər ayırıblar. Ermənistanın bütün bunları görməzdən gəlməsu bu ölkəyə baha başa gələcək. Belə olacağı halda, həmin ölkələrin Ermənistana siyasi təzyiqləri artacaq. Hazırda Azərbaycan Qərb dövlətləri üçün bu mövzuda çox mühüm strateji müttəfiq səviyyəsində olan dövlətə çevrilib. Bizim ərazimizdən Qərbə doğru neft və neft məhsulları, digər mühüm məhsullar nəql edilir. Bütün dünya bilir ki, dənizdə yaratdığımız bu infrastrukturun kökündə böyük xarici sərmayələr dayanır. Hazırda bu layihələrin arxasında Qərb şirkətlərinin konsorsiumu, onların maraqları dayanır. Ona görə də Ermənistan belə bir təxribat törədəcəyi təqdirdə düşünmürəm ki, iştirakçı ölkələr buna seyrçi mövqedən yanaşsınlar. Hələ mən buna görə Azərbaycanın işğalçı tərəfə endirəcəyi güclü zərbələri demirəm”.
Siyasi ekspert hesab edir ki, Ermənistan belə bir təxribatı törədərsə, altından çıxa bilməyəcək.
Vidadi ORDAHALLI