Ermənistanda baş nazir Nikol Paşinyanın avantüraları üzündən başlanan müharibə səbəbindən hakimiyyətə qarşı etirazlar artır. Bu halda iqtidar rəqibləri də Paşinyana qarşı daha sərt mövqe sərgiləyir.
Bu üzdən Paşinyan müxalifətdən gələ biləcək bütün mümkün təhdidləri aradan qaldırmaq üçün ciddi hazırlığa start verib. Ermənitan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Kristine Poğosyanın son günlərdə siyasi müxaliflərə ünvanlanmış təhdidlərli də bunu təsdiq edir. O, müxaliflərə müraciətlə bu xüsusda qeyd edir: “Gözləyin, müharibədən sonra siz öz halınızı görəcəksiniz”. Erməni mətbuatı yazır ki, Ermənistan hakimiyyəti indi ciddi təlaş içindədir. Bu xüsusda “İravnuk” qəzeti qeyd edir: “İndi başa düşürlər ki, daşları toplamaq zamanı gələcək və cəmiyyətin gözlərinə birbaşa baxaraq çatışmazlığımızın olduğu, səhv etdiyimiz müharibəyə niyə və necə çatdığımızı, günahsız qurbanların ölüm məsuliyyətini üzərimizə götürüb-götürmədiyimizi söyləməyə məcbur olacaqlar. Bu səbəblə hakim dairələrdə açıq-aşkar narahatlıqlar var. Yumşaq danışan qadınlar döyüşə çıxıblar, kişilər isə gizləndikləri yerlərdən çıxmaq cürətinə sahib deyillər, onlar öz bunkerlərində özlərini bu amansız döyüşlərdən sığortalayıblar. Faktiki olaraq bütün millət Paşinyandan, onun komandasından izahatlar tələb etmək, diplomatik cəbhədə necə və nə zaman məğlub olduğumuzu başa düşmək üçün müharibənin başa çatmasını gözləyərkən baş nazirin qızı qabağa düşür və bu müharibə zamanı kömək etməmiş bütün insanları açıq-aşkar təhdid edir”.
Erməni mətbuatı onu da yazır ki, cəbhədə artan itkilər xalqı Paşinyan iqtidarına qarşı daha qəzəbli edir. Bunu beynəlxalq ekspertlər də təsdiq edir. Məsələn, Belarusdan olan politoloq Mixail Malaş qeyd edir ki, Ermənistanın qonşu dövlətin ərazisini ələ keçirmək siyasəti avantüra idi və bu da indi ona baha başa gəlir: “Rəsmi İrəvan Rusiyanın dəstəyinə ümid bəsləyirdi. Lakin Rusiyanın Ermənistana marağı itib, Azərbaycanla maraqlanmağa başlayır. Ermənistan naminə isə Türkiyə və İranla münasibətləri pisləşdirməyin yeri yoxdur”. Politoloqun sözlərinə görə, Qərb də Rusiyanın yerini tutub erməniləri silahlandırmağa həvəsli deyil: “İrəvanın son açıqlamaları göstərir ki, ermənilər rəsmi Moskvanın hərbi yardım göstərərək onları xilas edəcəyinə ümid edir. Bu ümidlərin reallaşması ehtimalı çox azdır. Moskva üçün bölgədə Ermənistan-Azərbaycan münasibətlərinin tarazlığının dəyişməsi qəbuledilməz olsaydı, bunu əvvəldən Azərbaycan tərəfinə açıq şəkildə bildirərdi. Azərbaycanlıların müəyyən bir səviyyəyə çatmasına icazə verildiyi, sonra isə dayandırılacağı barədə ehtimallar da mənasızdır. Bu, Moskvanın nəyinə lazımdır? Yalnız Rusiyaya xoş gəlməyən Paşinyanın məşhurluğunu azaltmaq üçün? Kremlin əlində tamamilə Rusiyadan asılı olan kiçik ölkənin qəbuledilməz “lider”ini kənarlaşdırmaq üçün bir çox başqa, daha zəmanətli və sadə yollar var idi”. Politoloqun fikrincə, artıq ermənilərin bu müharibədə məğlub olduğunu söyləmək olar: “Bu ərazidə “ağa”olaraq yaşaya bilməzlər və birmənalı olaraq heç nəyi geri ala bilməyəcəklər!”. Elə rusiyalı hərbi ekspert Vladislav Şurıgin də Paşinyanın erməni əhalisini boş yerə qırğına verdiyini vurğulayır. O hesab edir ki, Paşinyanın elan etdiyi total səfərbərlik sadəcə öz əsgərlərini məhv etməkdir. O ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir: “Bu günlərdə təxminən bir saat pilotsuz uçan aparatların videosuna baxdım. Bu sadəcə qırğındır. Onlarla yox, yüzlərlə hücumdur. Artıq heç bir əhəmiyyətli komanda məntəqəsi, anbar, artilleriya mövqeyi, tanklar yoxdur. İndi ov 3-5 əsgər qruplarına qarşı gedir. Havada tam hökmranlıq var. Baxdığım bu videoda ölənlər sadəcə yüzlərlədir. Paşinyanın total səfərbərlik çağırışı yalnız öz əsgərlərinin məhv edilməsidir. O ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir. Atəşkəs və danışıqlar lazımdır. Ermənistanı Qarabağda tam məhvdən xilas edəcək yeganə şey budur. Qarabağa Rusiya desantı arzuları sadəcə murdar insanın hallüsinasiyasıdır. Rusiya bu savaşa müdaxilə etməyəcək. Arzu etməyin”. Bütün bunlar, öz növbəsində, Paşinyanın Ermənistan daxilində mövqelərini sarsıdır. İndilikdə cəbhədə yaşananlar göstərir ki, Azərbaycan ordusu tamamilə strateji hücum təşəbbüsünə sahibdir. Qarşı tərəf yalnız səthi müdafiə olunur, faktiki isə döyüş meydanını pərakəndə şəkildə tərk edərək qaçır. Erməni rəsmiləri “bəzi cəbhə istiqamətlərində geriçəkilmələri” etiraf etsələr də, ekspertlər qeyd edir ki, bu, “geriçəkilmə” manevri yox, döyüşçülərin texnikanı, silah-sursatı atıb, canlarını qurtarmaq üçün döyüş meydanından qaçışıdır.
Azərbaycanın Silahlı Qüvvələri qabaqcıl müharibə vasitələri ilə düşmən qüvvələrini maksimum təmassız, sistematik və metodik şəkildə məhv etməklə, az itkilərlə irəliləyir, ancaq hücum tempini yüksək olaraq saxlayır. Bu, yaxın tezlikdə işğal altındakı ərazilərin tam azad olacağını göstərir.
Nahid SALAYEV