Cəbhədə Azərbaycan ordusu qarşısında tab gətirməyən Ermənistan üçün daha bir şok koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, Ermənistanda koronavirus pandemiyası tüğyan edir. İndi burada hər gün virusa yoluxanların sayı minlərlə ölçülür.
Rəsmi məlumata əsasən, Ermənistanda virusa yoluxanların ümumi sayı 70 mini keçib. Amma real rəqəmlərin bundan dəfələrlə artıq olduğu bildirilir. Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxmayan Xəstəliklərin Qarşısının alınması şöbəsinin müdiri Romella Abovyan bildirib ki, koronavirusun yayılmasının rekord tempi dayanmasa, Ermənistanı "İtalyan modeli" təhlükəsi gözləyir. Onun sözlərinə görə, ölkədə həkimlərə koronavirus xəstələrini və ya yaralı əsgərləri seçmək kimi təhlükəli vəziyyət yarana bilər. Abovyan qeyd edib ki, yoluxma sayında kiçik artım gözlənilsə də, indi vəziyyət tamam fərqlidir: “Birincisi mövsümi kəskinləşməyə görə, ikincisi məhdudiyyətlərin və fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına görə. Ancaq belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı. Yoluxmada rekord saylar ilk növbədə üç sadə qaydaya riayət edilməməsi ilə bağlıdır: qoruyucu maska taxılmaması, sosial məsafəyə riayət olunmaması və əllərin dezinfeksiya edilməməsi. Vətəndaşlar yalnız arxa cəbhəni deyil, ön cəbhəni də zəiflətdiklərini anlamadan müharibə bəhanəsi ilə tibbi maska taxmaqdan imtina edirlər". O qeyd edib ki, COVID-19-un yoluxmasına həmçinin insanların aktiv hərəkəti, sıx ünsiyyət, toplaşmalar, könüllü kömək dəstələrinin formalaşması şərait yaradıb. Xatırladaq ki, pandemiyada "İtalyan modeli" termini ötən qış İtaliyada bir gündə on minlərlə insanın təhlükəli infeksiyaya yoluxması, bəzən sutkada minlərlə insanın COVID-19-dan ölməsindən sonra yaranıb. İndi Ermənistan da eyni aqibətlə üz-üzədir.
Erməni ordusu arasında da virus sürətlə yayılır. Bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan da təsdiq edir: “Düzünü desəm, neçə hərbi qulluqçunun koronavirusa yoluxması ilə bağlı statistikaya sahib deyilik. Bu qızğın döyüşlər zamanı bu hallar ağır vəziyyətə gətirib çıxarmırsa, test edə bilmirik, çünki bütün ordumuz, bütün silahlı qüvvələrimiz döyüş əməliyyatlarındadır, bəzi yerlərdə çox gərgin döyüş əməliyyatlarında, bəzi yerlərdə müəyyən dərəcədə yüngül, beləliklə, bunu həyata keçirmək çox çətindir”. Erməni hərbi ekspert Karen Vrtanesyan da qorxulu vəziyyətin yarandığını qeyd edir: “Son həftələrdə qeydə alınmış virus daşıyıcılarının sayında artım var, tendensiya adi gözlə görünür. Müdafiə Nazirliyində, digər köməkçi strukturlarda infeksiya sərbəst şəkildə yayılsa, qoşunda nə olacağını düşünün”. İndi əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə Ermənistan MDB məkanında birinci yerdədir. Sosial şəbəkələrin Ermənistan seqmentində aparılmış araşdırmalar nəticəsində xəstələnmə hallarının bu cür “artması”nın daha bir səbəbi də müəyyən edilib. Məlum olub ki, xəstəliyə yeni tutulanların böyük əksəriyyəti 18-55 yaşlarında, yəni səfərbərlik ehtiyatında olan kişilərdir. Onlar, xüsusən Ermənistanın uduzmasının hamıya məlum olduğu indiki vəziyyətdə bilə-bilə Qarabağda ölümə getməməkdən ötrü pul gücünə COVID-19 testinin “müsbət” nəticəsini alırlar. Bu “nəticə”nin dəyəri 1000-2000 dollar həddində dəyişir. Beləliklə, özlərinə məxsus olmayan torpaqlar uğrunda ölümə getmək istəməyənlər Qarabağa yola düşməkdən iki həftəlik möhlət, yəni iki həftə həyat qazanır. Amma erməni əhalisi arasında səhiyyə sisteminin yarıtmazlığı səbəbindən virusun sürətlə artdığı da faktdır. Virusun yayılması erməni iqtisadiyyatını da sürətlə çökdürən amillərdən sayılır.
Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4%-lik azalma qeydə alınıb. Pandemiyaya qarşı dünyada ən uğursuz mübarizə aparan ölkələr siyahısında olan Ermənistanda cari ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib. Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, əvvəllər iqtisadi artımın hərəkətverici qüvvəsi olan sənaye koronavirus böhranı fonunda tənəzzüllə üzləşib. Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakətin qarşıda olduğu da proqnoz edilir. Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard dollardan çoxdur. Amma bu ölkənin itkiləri təkcə hərbi texnika və döyüş sursatı ilə bitmir. Müharibənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır. 2020-ci ilin 4-cü rübü ərzində Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcək. Proseslərin belə davamı bu ölkənin növbəti ili də resessiya ilə başa vuracağı ehtimalını artırır. Onu da qeyd edək ki, müharibə dayandığı təqdirdə də istehsalatdan ayrılaraq, orduya cəlb edilən vətəndaşların yenidən istehsalata qaytarılması xeyli vaxt alacaq. Dayandırılan istehsalatın bərpası isə yeni problemlərlə üzləşəcək. Ən yaxşı ssenari üzrə hesablamalar göstərir ki, iqtisadi sektorlar üzrə işçi qüvvəsinin itirilməsi və uyğun olaraq da kapitalın azalması fonunda Ermənistan iqtisadiyyatının istehsal gücü zəifləyəcək. Ən pis ssenari üzrə hesablamalar isə Ermənistanda vəziyyətin daha acınacaqlı olacağını göstərir. Bu hadisələr fonunda Ermənistan ixracında da azalma qaçılmaz olacaq. Digər tərəfdən yerli istehsalın azalması məhdud valyuta resursları olan Ermənistanı, xüsusən də ərzaq məhsullarının idxalını artırmağa məcbur edəcək. Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli bir müharibəyə can atarsa, bunun iqtisadi təsirləri bu ölkə üçün daha ağır olacaq. Bunun təzahürləri artıq indidən özünü göstərir.
Ramil QULİYEV