22 oktyabrda “Valday” diskussiya klubunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qarabağ münaqişəsi ilə bağlı çox vacib açıqlamalar verib. V.Putin çıxışında “Təəssüf, bu bir həqiqətdir ki, Sumqayıtda, Dağlıq Qarabağda erməni xalqına qarşı ağır cinayətlər törədilib” fikrini də səsləndirib.
Rusiya Prezidentinin heç bir fakta əsaslanmadan səsləndirdiyi bu iddia onun Sumqayıtda və Dağlıq Qarabağda baş verənlərdən bilgisiz olduğunu düşünməyə əsas verir. Faktiki olaraq, Dağlıq Qarabağda və Sumqayıtda azərbaycanlılar tərəfindən ermənilərə qarşı hər hansı bir cinayət baş verməyib, əksinə, keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq, 90-cı illərin əvvəllərinə qədər ermənilər Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı kütləvi amansız cinayətlər törədib, Xocalı, Daşaltı, Meşəli, Ağdaban faciələrinə səbəb olublar, yüzlərlə dinc azərbaycanlını qətlə yetiriblər. Bunu təsdiq etmək üçün isə əlimizdə kifayət qədər sənəd var.
“...Ermənistan kəşfiyyat orqanlarının bu təxribatı planlaşdırdığı məlumdur, bunu Putin də bilməmiş olmaz”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Putin “Valday” disskusiya klubunda Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətə Rusiyanın mövqeyini ortaya qoyub. “...Putin burada heç bir əsası olmayan fikir irəli sürdü ki, guya Sumqayıtda və Dağlıq Qarabağda erməni xalqına qarşı hansısa cinayət törədilib, onlar orada faciələr yaşayıblar. Hesab edirəm ki, Putin özü də söylədiyi bu fikrin kökündən yanlış olduğunu yaxşı bilir. Dağlıq Qarabağda, Sumqayıtda ermənilər də, azərbaycanlılar da həlak olub, amma ən çox ölən azərbaycanlılardır. Bilirik ki, soyqırıma, ölümə azərbaycanlılar daha çox məruz qalıb. Sumqayıt hadisələrinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədildiyi də bir faktdır. Yəni bu da heç kəsə gizlin deyil. Nəinki Sumqayıtda və Dağlıq Qarabağda, hətta digər yerlərdə də ermənilər azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Hətta indiki Ermənistan ərazisindəki bir çox qəsəbə və kənddə də məhz azərbaycanlılar qətlə yetirilib, kütləvi soyqırım ediliblər. Ağdabanda, Nüvədidə və başqa yerlərdə də xalqımıza qarşı bu cinayətlər baş verib. Xocalı soyqırımında ölənlərin və öldürənlərin milliyyəti bütün dünyaya məlumdur. Putin öz çıxışında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışdığını göstərmək istədi və bilərəkdən Azərbaycana qarşı haqsızlıq etdi. Çünki bütün faktlar ortadadır. Ermənilərin nəinki 1988-ci il və ondan sonrakı dövrlərdə, hətta bundan əvvəlki illərdə də azərbaycanlıların başına gətirdikləri faciələr məlumdur. Sumqayıt hadisələrinin kimlər tərəfindən təxribat məqsədilə törədildiyi, xaricdəki və daxildəki ermənilərin, xüsusən də Ermənistan kəşfiyyat orqanlarının bu təxribatı planlaşdırdığı məlumdur, bunu Putin də bilməmiş olmaz. Bir sözlə, Putin bu əsassız fikri söyləməklə ermənilərin könlünü almaq istədi. Amma Putin özü də yaxşı bilir ki, işlətdiyi bu fikir uğursuzdur və əsası yoxdur. Erməniləri özündən incik salmamaq üçün Dağlıq Qarabağda və Sumqayıtda guya ermənilərə qarşı törədilən hansısa “cinayətdən” danışdı.
Putinin bütün çıxışına qulaq asdım. Onun Azərbaycan və Türkiyə haqqında fikirlərini də dinlədim.
Putin çıxışında Azərbaycanın haqlı olduğunu, onun öz ərazi bütövlüyünü bərpa etdiyini də vurğuladı. Reallıq budur ki, bu, Azərbaycanın milli haqqıdır” - deyə F.Ələkbərli vurğuladı.
F.Ələkbərlinin sözlərinə görə, bu gün dünya tərəfindən erməni mifi, erməni saxtakarlığı darmadağın edilir və dünya dövlətləri son günlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. O hesab edir ki, Rusiyanın bir çox gerçəkliyi görməsi, yaxud görməməsindən asılı olmayaraq, bütövlükdə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxa bilməz. “Bu, bir gerçəklikdir. Artıq dünya dövlətləri də bu gerçəkliklərdən çıxış edərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə bağlı dəstək bəyanatları verirlər” - deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA