“Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar”.
Bu sözləri dövlət başçısı İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
Prezident İ.Əliyev müsahibəsində qeyd edib ki, ermənilər tərəfindən işğal edilmiş ərazilərdə əcnəbi şirkətlər fəaliyyət göstərirlər. Həmin şirkətlər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılacaq.
“Həmin ərazilərdə iqtisadi cinayətlərin, demək olar ki, əksəriyyəti törədilib”
Hüquqşünas Roman Qaraşovun sözlərinə görə, işğal olunmuş ərazilərimizdə iqtisadi cinayətlərin, demək olar ki, əksəriyyəti törədilib. Onun sözlərinə görə, vergi ödənişlərindən yayınma, sosial müdafiə ödənişlərinin edilməməsi və s. istiqamətdə iddia qaldırıla bilər: “Dağlıq Qarabağ və işğal olunmuş bütün ərazilərimizdə qanunsuz fəaliyyət göstərən istənilən şirkətin fəaliyyəti qadağandır. Ona görə ki, onlar Azərbaycan hökumətindən icazə almalı və Azərbaycanın müvafiq vergi qurumlarında qeydiyyatdan keçməlidirlər. Azərbaycanın qoyduğu qanunlara tabe olub, fəaliyyət göstərməlidirlər. Lakin onların hazırkı fəaliyyəti qanunsuz sahibkarlıqdan ibarətdir. Eyni zamanda, dövlətə ödənməli olan külli miqdarda vəsaitdən yayınıblar. Digər tərəfdən, texniki normalara düzgün əməl edilməyib. Bilirsiniz ki, dağ-mədən sənayesi müəyyən olunmuş standartlara əsasən çalışır. Həmin qaydalar kobud şəkildə pozulub. Azərbaycanın həmin şirkətlərlə bağlı iddia qaldırması mümkündür. Həmin dövlətlərə qarşı iddianın verilməsi isə sual doğurur. Şirkətlərlə bağlı həmin dövlətlərə müraciət olunduqda bildirilib ki, həmin şirkətlərin fəaliyyəti qanunsuzdursa, birbaşa özünüz müdaxilə edin. Lakin Azərbaycanın işğal olunmuş ərazilərdə həmin şirkətlərə müdaxilə etmək imkanı olmayıb. Həmin ərazilərdə iqtisadi cinayətlərin, demək olar ki, əksəriyyəti törədilib. Vergi ödənişlərindən yayınma, sosial müdafiə ödənişlərinin edilməməsi və s. istiqamətdə iddia qaldırıla bilər. Şirkətləri maddi məsuliyyətə, onların vəzifəli şəxslərini isə cinayət məsuliyyətinə cəlb etmək mümkündür”.
Günel CƏLİLOVA