Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Hərbi əməliyyatlar zamanı Azərbaycan-İran dövlət sərhədinin işğal olunmuş hissəsi Azərbaycanın nəzarətinə keçib. Beləliklə, Azərbaycan İranla sərhədini tam həcmdə bərpa edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonda danışarkən deyib ki, sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan Sərhəd Qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur: “Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir”.
Qeyd edək ki, Azərbaycan-İran sərhədində sərhəd-keçid məntəqəsinin yaradılması hərbi baxımdan strateji əhəmiyyət kəsb etməklə yanaşı, mühüm siyasi, hərbi və sosial-iqtisadi hadisədir.
“Zəngilanın azad olunmasının daha çox siyasi əhəmiyyəti var, siyasi baxımdan bu o deməkdir ki...”
Hərbi ekspert Azad İsazadə bildirdi ki, işğaldakı torpaqlarımızın ard-arda azad edilməsi heç şübhəsiz ki, Ermənistan üçün həm də böyük psixoloji zərbədir: “Biz Azərbaycan-İran sərhədini tam bərpa etmişik. Bu da Ermənistan üçün böyük zərbədir. Azərbaycanın nəzarət etdiyi ərazilərlə Naxçıvan arasında məsafə əhəmiyyətli dərəcədə azalıb. Horadizdən Naxçıvana qədər əraziyə ermənilər nəzarət edirdilər. Bu məsafə Naxçıvanı coğrafi baxımdan Azərbaycandan uzaqlaşdırmışdı. Onlar Naxçıvana qarşı da iddialar irəli sürürdülər. Biz bu məsafəni minimuma çatdırdıq. Hazırda həm Türkiyə, həm də Azərbaycan mediasında Naxçıvanı Azərbaycanla birləşdirməklə bağlı fikirlər səslənir. Bu təklifin özü də erməniləri yəqin ki, çox narahat edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Zəngilanın azad olunmasının daha çox siyasi əhəmiyyəti var. Siyasi baxımdan bu o deməkdir ki, biz 1993-cü ildən bəri ilk dəfə Azərbaycan-İran sərhədinə nəzarəti tam formada bərpa etmiş olduq: “O istiqamətdə Azərbaycan-İran sərhədinə də çıxmışıq. Odur ki, bir daha qeyd etmək istəyirəm, Zəngilanın azad olunması daha çox siyasi xarakter daşıyır. Azərbaycan dövlət sərhədinə özü nəzarət edir”.
Günel CƏLİLOVA