Müasir dövrdə müharibə aparmaq həm də iqtisadi gücə və imkanlara əsaslanır. Təbii ki, döyüş meydanında əsgərin gücü, ruh yüksəkliyi, texnika və texnologiyanın varlığı və ondan istifadə vərdişləri, komandanlığın döyüşü planlaşdırmaq bacarığı həlledici rol oynayır. Bunlarla yanaşı, təchizat, maliyyə imkanları, iqtisadiyyatın dözümlülüyü müharibə aparan tərəfin qələbəsini təmin edən əsas amllərdəndir.
Artıq bir aya yaxındır davam edən Vətən müharibəsində Azərbaycan Ordusu erməni işğalçılarını torpaqlarımızdan çıxarmaq üçün əks-hücum əməliyyatlarına başlayıb. Bir sıra ərazilər düşməndən azad edilib. Erməni işğalçı qüvvələri bütün istiqamətlərdə ağır itkilər verməklə məğlubiyyətin hər gün yaxınlaşdığını hiss etməkdədirlər. Azərbaycan Ordusu döyüşdə ən müasir silahlarla yanaşı, müasir metodlardan da istifadə edir.
Təhlillər göstərir ki, Ermənistan iqtisadi cəhətdən heç qısamüddətli döyüş aparmağa qadir deyil. Gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın isə belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü də yoxdur.
Ermənistan iqtisadiyyatının çöküş vəziyyətində olduğunu və hətta uzun müddət müharibə aparmağa iqtisadi gücünün olmadığını düşmən ölkənin iqtisadçıları da təsdiq edirlər.
“…xaricdən böyük dəstək almasa, bunu davam etdirməsi mümkünsüz görünür”
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, müharibənin hər bir günü Ermənistan iqtisadiyyatına 100 milyon dollara başa gəlir. Ermənistan büdcəsi 3,6 milyard dollardır. Yəni 36 günlük müharibə aparacaq qədər büdcələri var: “Burada bir məsələ var ki, Ermənistanın silah-sursatla təchizatında Rusiyanın oynadığı rol çox mühümdür. Yəni bəzi hallarda Rusiya silah-sursatı ya pulsuz, ya uzunmüddətli kreditə, yaxud da Ermənistanda olan iqtisadi aktivlərin müqabilində verir. Ona görə də silah-sursat təchizatı ilə bağlı büdcələrindən daha az pul xərcləyirlər. Amma hər bir halda, Ermənistan büdcəsinin, ümumdaxili məhsulun vəziyyətinə baxsaq, gördüyümüz odur ki, Ermənistanın müharibəyə dözmək potensialı həftələrlə ölçülür. Artıq 3 həftədən çoxdur ki, əks-hücum əməliyyatları gedir. Deməli, Ermənistanın iqtisadi potensialı tükənmək üzrədir, müharibəni uzunmüddətli davam etdirə bilməz. Yəni xaricdən böyük dəstək almasa, bunu davam etdirməsi mümkünsüz görünür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, erməni diasporu bu istiqamətdə müəyyən iş görür: “Artıq rəqəmlər də var. Avropada və Amerikada olan diaspor təşkilatlarının son günlər 29 milyon dollar pul topladığı ilə bağlı mediada məlumat var di. Amma bu, çox kiçik məbləğdir. Burada dövlətlərin yardımı olmalıdır ki, ayaqda qala bilsin. Hər həftə 30-40 milyon dollar da yığa bilər. Amma bu, müharibənin heç 1 gününün vəsaiti deyil”.
Günel CƏLİLOVA