27/11/2020 12:48
728 x 90

Xudafərinə taxılan müstəqil Azərbaycanın dövlət bayrağı hansı tarixi yenidən aktuallaşdırır...

img

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.  Prezident İlham Əliyevin bu tviti Azərbaycan xalqına, dünyanın bütün nöqtələrində yaşayan azərbaycanlılara, ölkəmizin dostlarına böyük sevinc bəxş etdi.

Bildirək ki, sosial şəbəkələrdə, həmçinin, İranda yaşayan azərbaycanlıların Xudafərinə Azərbaycan bayrağının sancılması ilə bağlı çəkdikləri görüntülər yayılıb. 

Üçrəngli bayrağımızın Xudafərinə sancılmasının böyük tarixi əhəmiyyətinin olduğu şübhəsizdir.

Tarixi mənbələrin verdiyi məlumata görə, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də var ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.

Arazı “möcüzəli çay” adlandıran Yaqut Həməvi yazır: “Aranda, Araz boyunca min şəhər var”. Cəfər Qiyasi isə qeyd edir ki, şəhərlərin sayı şişirdilmiş olsa da, Arazın hər iki sahili əski çağlardan sıx yurdsalma şəbəkəsi ilə örtülüb. Azərbaycanın bu daxili çayının coğrafi yeri də elədir ki, o, ölkəni qərbdən şərqə kəsərək iki hissəyə bölür. Bu səbəblərə görə Arazın üstündə çoxlu körpülər inşa edilib. Arazın su səviyyəsi və yatağında qayalıqların çox olması da qədim körpü tikintisi üçün əlverişli idi.

Araz üzərində çoxlu körpü atılsa da, onlardan ən bəllisi Xudafəriin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olub. Belə ki, burada genişlənən çay yatağında iri qayalıq sahələri var. Qədim dövr və orta əsrlərdə həmin keçidin kommunikasiya vasitəsi olaraq necə böyük rol oynadığına qayalıqlar üstündə ucaldılan iki qədim körpü şahidlik edir.

Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Bu təbiət abidəsinə üzvi olaraq daxil edilmiş körpülər insanın ətraf mühitlə qarşılıqlı münasibətinin uğurlu örnəyidir. Bu səbəbdən Xudafərin dərəsi təbiətin və tarixin dəyərli abidəsidir.

Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal edilir. Bu körpülər yüzillərcə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil, qitələrarası qarşılıqlı ilişgilərdə də yararlı olub. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini – miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun – hər il güneydən Arrana və Qarabağa gedən güclü mövsüm axınlarının da qovşağı olub.

15 aşırımlı Xudafərin körpüsü haqda tədqiqatçılar daha sonra qeyd edirlər ki, körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə onu “...hicri 15-ci ildə (639) Məhəmməd peyğəmbərin arxadaşı Bəkr ibn Abdullah tikdirmişdir”. Bəkr ibn Abdullah əski körpünü yenidən qurduğu kimi, onun ucaldığı körpü də sonralar dəfələrlə bərpa və təmir işlərinə uğrayıb. İndiki on beş aşırımlı körpü XII əsrin abidəsi sayılır.

Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından, aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən böyük hündürlüyü 12 m, ən iri tağ aşırımı 8,70 m, ən kiçik tağ aşırımı 5,80 m-dir.

Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılıb ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir. Bu iki materialın uyarlığı körpüyə özümlü bədiilik və konstruktiv görkəm verir.

On bir aşırımlı körpü haqda da qaynaqlarda məlumatlar var. On beş aşırımlı körpüdən 750 m qərbdə olan on bir aşırımlı körpü başdan-başa daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Araşdırmaçılar bu körpünün XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikilməsi fikrindədirlər. Onun uzunluğu 130 metrə yaxın, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 m-dir. Körpünün üç orta tağı sağ qalmış, sahil tağları isə XX yüzilin 30-cu illərində Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılıb. Həmin vaxtdan da yerli əhali körpüyə ikinci – Sınıq körpü adını da verib.

Tikinti materialı və memarlıq biçinlərinə görə daha monumental görünən on bir aşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri də aşkar edilib. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı, Xudafərin körpülərinin xüsusilə Sınıq körpünün güclü bədii ifadəliliyi də var. Onlar öz ətrafında Arazın hər iki sahilində olan Azərbaycan torpağındakı çoxlu mədəni dəyəri – müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birləşdirirdi. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.

Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib. Körpünün özü isə 18 oktyabrda erməni işğalından azad olunub.

İşğaldan azad edilən və üzərində Azərbaycan bayrağının dalğalandığı Xudafərin körpüsünün mühüm tarixi və müasir əhəmiyyəti haqda ekspertlər birmənalı fikir yürüdürlər.

  • Ənvər Çingizoğlu: “Bu körpü tarixən İpək yolunun üzərində yerləşib, iqtisadi, siyasi, ticari baxımdan çox böyük rol oynayıb”

Tarixçi-etnoqraf  Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, Azərbaycan tarixində mühüm yeri olan Xudafərin hər şeydən əvvəl o taylı-bu taylı Azərbaycanın birlik simvoludur. “Müzəffər ordumuz tərəfindən Xudafərinin işğalçılardan azad edilməsinin, Azərbaycan bayrağının tarixi Xudafərin körpüsünə sancılmasının, bu gün orada əzəmətlə dalğalanmasının həm böyük tarixi, həm də hərtərəfli müasir əhəmiyyəti var. Bu o deməkdir ki, biz öz tarixi torpaqlarımıza qayıdırıq və torpağımızın bir qarışını belə düşmən əsarətində qoya bilmərik. Xudafərin körpüsünün böyük tarixi var. Xudafərin körpülərindən birincisi İslamdan əvvəlki dövrə aiddir, ikincisi isə İslamın ilk dönəmi ilə bağlıdır. Xudafərin güneyli-quzeyli Azərbaycanı birləşdirən ən böyük körpüdür. Bu körpü tarixən İpək yolunun üzərində yerləşib, iqtisadi, siyasi, ticari baxımdan çox böyük rol oynayıb, bundan sonra da eyni rolu oynayacaq. Xudafərinin yanında da bir körpü var, işğala qədər insanlarımız oradan keçib Naxçıvana gedirdi. Xudafərinin işğaldan azad edilməsinin müasir anlamda çox böyük əhəmiyyəti var, bu körpü bizim milli birlik, həmrəylik simvolumuzdur”.

  • Qasım Hacıyev: “Bu gün Azərbaycan dövlətinin bayrağının işğaldan azad edilən torpaqlarımıza, o cümlədən də Xudafərinə sancılması indiki dövrdə ən böyük tarixi hadisədir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Xudafərinin işğaldan azad olunması və bu gün onun üzərində müstəqil Azərbaycan dövlətinin bayrağının dalğalanması bizim öz tarixi torpaqlarımıza, tariximizə sahib çıxmağımız deməkdir. Bu körpünün tarixən Azərbaycan dövlətinin, xalqının həyatında böyük rol oynadığını deyən Q.Hacıyev hesab edir ki, bunun müasir anlamda həm tarixi, həm mənəvi, həm siyasi, həm iqtisadi, həm də ticari baxımından rolu böyükdür: “Ümumiyyətlə, həm ərəb, fars, həm də digər mənbələrdə Arazqırağı Azərbaycan dövlətləri haqqında geniş məlumatlar verilir. Lap qədim dövrlərdən Arazqırağı ərazilər Azərbaycanın çox mühüm strateji əhəmiyyətə malik, əhalinin sıx məskunlaşdığı ərazilərindən biridir. Xudafərin dərəsi orta əsrlərdə yaradılan abidələr baxımından da zəngindir. Strateji baxımdan da Cənubi Azərbaycanla Şimali Azərbaycan arasında körpü rolu oynayan bir ərazidir. Tarixə nəzər salsaq görərik ki, ərəb istilası bitdikdən, ləğv olunduqdan sonra onun  yerində feodal dövlətlər yaranmağa başladı. Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər dövlətlərindən söhbət gedir. Bu dövlətlər Azərbaycan dövlətləri olub. Bu feodal dövlətlərin arasında da müharibələr gedirdi, başqa münasibətlər var idi. Eyni zamanda, Şəddadilərlə Rəvvadilər arasında baş verən çəkişmələr dövründə Araz çayının üzərində birinci Xudafərin körpüsü salındı. Tarixə görə, 1027-ci ildə Şaddadi hökmdarı ibn Məhəmməd tərəfindən Fəzl 15 tağlı körpü salındı. Sonra ondan bir az kənarda başqa bir körpü salınıb. Bunlar barədə mənbələrdə çoxlu məlumat var.

Xudafərin körpüsünün düşmən tapdağından azad edilməsi bizi çox sevindirdi. Bu gün Azərbaycan torpağının hər bir qarışı bizim üçün əhəmiyyətlidir, hər biri çox dəyərlidir. Bunun ən böyük tarixi əhəmiyyəti odur ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu qədim torpaqlarımızı, o cümlədən də Xudafərini işğaldan azad edib, bununla da ərazi bütövlüyümüzü təmin edir. Bu gün Azərbaycan dövlətinin bayrağının işğaldan azad edilən torpaqlarımıza, o cümlədən də Xudafərinə sancılması indiki dövrdə ən böyük tarixi hadisədir. Bu tarixi hadisəni tarixi torpaqlarımızı bizə qaytarmaqla cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusu gerçəkləşdirib. Azərbaycan  dövlətinin işğaldan azad edilən tarixi ərazilərinə bundan sonra heç bir düşmən ayağı dəyməyəcək. Biz də xalq olaraq bu torpaqların qədrini bilib onları daim inkişaf etdirməliyik. Eyni zamanda da Xudafərin həm ticari, həm iqtisadi, həm də siyasi, tarixi və mənəvi baxımdan əhəmiyyətlidir. Xudafərin Azərbaycanın dövlət sərhədində yerləşən bir ərazi kimi tarixi əhəmiyyətə malikdir” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər