27/11/2020 13:04
728 x 90

Biz gəlirik! – Ramal MƏMİŞOV yazır…

img

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin…

Vətən müqəddəsdir deyib atalarımız.

Şanlı əcdadlarımızın qəhrəmanlıq ənənələri hər zaman bizlər üçün bir örnək olub. Bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulub.

Vətən qiymətlidir. Ona görə ki, üzərində babalarımızın qurub yaratdığı tarixi abidələr, dəyərlər mövcuddur.

Vətən candan əzizdir. Çünki vətən anamız və namusumuzun əmanət məkanıdır.

Vətən üçün, həm şəhid olub torpağa qovuşmaq, həm də yenidən doğulmağı bilmək lazımdır. “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz” deyiblər. Bu gün qürurla deyirik ki, bu yurdun hər qarışı həm qorunur, həm də əkilir. Bu gün hər birimizin qəlbi Vətənlə döyünür. O Vətən ki hər zaman məkrli niyyətləri ilə torpağımıza göz dikən düşmənlərimizə göz dağı olub.

Bu gün öz haqq işini müdafiə edən AZƏRBAYCAN ƏSGƏRİ düşmənə qan uddurur. Ona elə bir dərs verir ki, illər, əsrlər ötsə də, bu tarix düşmənin yaddaşından silinməyəcək.

Mənim uşaqlıq illərim müharibənin ən çətin anlarına təsadüf edib. Bir sərhəd kəndinə yaxın ərazidə yaşayan biri kimi o zamanı yaxşı xatırlayıram. Yaşadığımız qəsəbəyə və ətraf kəndlərə düşmən tərəfindən atılan top və mərmi səsləri elə yaddaşımın dərinliklərində kök salıb. Zamanın ağır və iqtisadi çətinliklərlə dolu dönəmində, insanların hansı problemlərlə üzləşdiyini görmək heç də çətin deyildi. Bütün bunlara baxmayaraq son gücünə qədər mübarizə aparan xalqımız düşmənin cavabını yalın əllə belə verə bilirdi.

Heç zaman öz haqq işindən dönməyən xalqımız illərlə öz haqlı mübarizəsini davam etdirdi. Amma bu gün tarix öz ədalətini yenidən bərpa edir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz bizə aid olanı qaytarmaq üçün mübarizə aparırıq. Bu bizim həm haqqımız, həm də hüququmuzdur.

Bu gün şanlı ordumuz zəfərə addım-addım irəliləyir. Hər gün cəbhədən aldığımız xoş xəbərlər hər birimizin qəlbini zəfər sevincləri ilə doldurur. Bu günlərdə cəbhədə vətənin qəhrəman və igid oğulları düşməni bir daha vəlvələyə salır. Düşmən işğal etdiyi ata-baba torpaqlarımızda müvəqqəti yaşadığını, tezliklə bu yurd yerlərini əsl sahiblərinə qaytarmalı olduqlarını bir daha əyani şəkildə görür.

Azərbaycan xalqına müraciətində ölkə başçısının da dediyi kimi: “Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.

Faktiki bütün cəbhələrdə tək qalan İrəvan indi çətin durumdadır. Düşmən gec olsa da, artıq anlamalıdır ki, normal yaşam fəaliyyəti üçün ilk əvvəl regiondakı qonşularla, xüsusilə də Azərbaycanla münasibətlərini dəyişməlidir. Bunun isə bir yolu var; işğaldan əl çəkmək, ərazilərimizi azad etmək, işğal altında olan torpaqları əsl sahibinə qaytarmaq.

Biz inanırıq ki, Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızda da üçrəngli bayrağımızı dalğalandıracaq. O gün isə artıq uzaqda deyil, əksinə çox, çox yaxındır. Hər gün şanlı Azərbaycan ordusu mübariz addımlarla, qələbə əzmi ilə düşmən üzərinə irəliləyir. Çox keçməz AZƏRBAYCAN ƏSGƏRinin zəfər addımlarının səsi Şuşada, Xankəndində - bütün Qarabağda duyular.

Biz səninlə qürur duyuruq, AZƏRBAYCAN ƏSGƏRİ...!

Ramal MƏMİŞOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru

Son xəbərlər