27/11/2020 12:44
728 x 90

Azərbaycanın erməni əsirlərlə davranışı, Ermənistanın davranışı - dünya dəhşətli müqayisəyə niyə kor qalır...

İsmayıl Tanrıverdi: “Beynəlxalq təşkilatların Ermənistanı açıq, yaxud dolayısı ilə dəstəkləməsi, işğalçı ölkənin azərbaycanlı əsirlərlə faşistcəsinə davranmasını görməzdən gəlməsi...”

img

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın işğalı altında olan torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində düşmən böyük itkilər verib.

 

Azərbaycan Ordusu tərəfindən əsir götürülən işğalçı ordunun əsgərlərinə dövlətimizin münasibəti göz qabağındadır. Bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində, humanistcəsinə davranılır, yaralı erməni hərbçiləri ölkəmizin müasir xəstəxanalarında müalicə edilir, onlara insanlıq qayğısı göstərilir. Köhnə əski parçasını xatırladan çirkli, nimdaş hərbi geyimlərdə əsir götürülən erməni hərbçiləri təmiz, müasir xəstəxana geyimləri ilə təmin olunublar. Bir sözlə, Azərbaycan dövlətinin əsirlərlə davranışı tam olaraq humanizm prinsipləri əsasındadır. İşğalçı ordunun əsir düşmüş heç bir hərbçisi narazılıq edə bilməz ki, onunla Ermənistanın Azərbaycan əsirləri ilə davrandığı şəkildə davranılıb. Bilirik ki, Birinci Qarabağ Müharibəsində işğalçı Ermənistan tərəfindən əsir götürülən Azərbaycan vətəndaşlarının başına hansı müsibətlər gətirilib. Ermənistan bizim əsirlərin bir qismini güllələyib, bir qisminə qarşı isə tükürpədici, insanllığa yaraşmayan qəddarlıqlar edib, onları şikəst hala salıb, daxili orqanlarını orqan mafiyasına satıb. Ermənistanın bizim əsirlərə göstərdiyi faşist davranışa isə dünyanın “humanizmi” əlində bayraq edən heç bir beynəlxalq təşkilatı münasibət bildirməyib. Dünya kor, kar və lal olub həmişə.

  • “Dünya birliyi Azərbaycanın əsirlərə göstərdiyi humanist davranışları ona görə “görmür” ki, Azərbaycan bir islam, türk dövlətidir”

Məsələni şərh edən BDU-nun Tarix fakültəsinin Erməni araşdırmaları ETL-nin böyük elmi işçisi, tanınmış ermənişünas İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanla Azərbaycanın əsirlərə münasibəti heç cür müqayisə edilə bilməz. “Bu gün Azərbaycanda Ermənistandan fərqli olaraq, əsirlərlə yüksək humanizm prinsipləri, insanlıq çərçivəsində rəftar edilir. İndiyə qədər işğalçı ordunun bizə əsir düşən heç bir hərbçisi ilə pis davranılmayıb. Bu baxımdan, Ermənistanın azərbaycanlı əsirlərlə davranışı ilə Azərbaycanın erməni əsirlərlə davranışları heç cür müqayisə edilə bilməz. Ermənistanın azərbaycanlı əsirlərin başına gətirdiyi oyunlar, müsibətlər, qəddarlıqlar bəlkə də heç tarixdə görünməyib. Bunu faşistlər ediblər və Ermənistan da faşist ölkəsi olduğu üçün əsirlərlə faşistcəsinə davranıb. Ermənistan hökuməti indi də ordudan yayınan, Azərbaycan Ordusu ilə döyüşməkdən imtina edən ermənilərə qarşı eyni qəddar üsullardan istifadə edir. Ermənistan o zaman yaralı azərbaycanlı əsirləri yerindəcə güllələdirdi, sağ qalanların isə başına müsibətlər açırdı.  Bu gün Azərbaycan dövlətinin Ermənistan əsirləri ilə davranışı bir humanistlik nümunəsidir. Beynəlxalq təşkilatların Ermənistanı açıq, yaxud dolayısı ilə dəstəkləməsi, işğalçı ölkənin azərbaycanlı əsirlərlə faşistcəsinə davranmasını görməzdən gəlməsi, Azərbaycanın isə əsir erməni hərbçiləri ilə humanistcəsinə davranmasına, onlara insancasına yanaşmasına  göz yumması ikili yanaşmadan irəli gəlir. Dünya birliyi, beynəlxalq təşkilatlar Azərbaycanın əsirlərə göstərdiyi humanist  davranışları ona görə “görmür” ki, Azərbaycan bir islam, türk dövlətidir” - deyə İ.Tanrıverdi qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər