Sentyabrın 27-dən başlanan müharibənin bir sıra məqamları hələ uzun illər elmi, siyasi, hərbi, hərbi-tarixi, hərbi-taktiki və publisistik araşdırmaların predmeti olacaq.
Hər şeydən əvvəl bu müharibənin dəqiq, tam ehtivalı və qəti mübahisə obyekti olmayan konkret adı tapılmalıdır. Hazırda ona Vətən, bəzən Böyük Vətən müharibəsi kimi adların qoyulmasının şahidi oluruq. İstisna etməyək ki, bu adlar hələ son deyil və yeni variantların da üzə çıxacağını gözləyək. Ən azı onu unutmayaq ki, Böyük Vətən müharibəsi adı altında tarixləşmış hadisə artıq var, bu adın ikinci dəfə elmi, tarixi, siyasi terminologiyaya daxil edilməsi müəyyən dolaşıqlıq yarada bilər. Hələlik şərti olaraq Azərbaycanın "10 günlük Böyük Qarabağ müharibəsi" adlandıra biləcəyimiz misilsiz hadisəyə sadəcə "Vətən müharibəsi" demək həm də onun məzmununu kiçiltmək olardı. Odur ki, hələlik onu şərti olaraq "Müstəqil Azərbaycanın 10 (?) günlük Böyük Qarabağ müharibəsi" adlandıraraq təhlillərə keçək...
Bu müharibə hansı nəticələri ortaya qoydu və qoymaqdadır?
Əvvala, ədalətli və qalibiyyətli müharibə faktoru üstündə yeni tarixi şəxsiyyət fenomeni doğuldu - İlham Əliyev! Tarix müharibə faktoru üstündə şəxsiyyətlərin doğulmasına dair çox faktlar tanıyır. Lakin Azərbaycanın hərbi-siyasi liderinin timsalında vəziyyət fərqlidir. Mütləq əksəriyyətin məğlub hesab etdiyi ölkə statusundan qalib ölkəyə keçid etməklə nadir hadisə nümunəsi yaratdığı üçün İlham Əliyev tarixi şəxsiyyət fenomeninə çevrildi. Son yüz illik tarixdə bunun analoqunu tək Stalin yaratmışdı. Əksəriyyət hesab edirdi ki, ermənilərin işğal etdiyi torpaqlar qayıtmayacaq, əlini birdəfəlik üzənlər, tam ümidsizliyə qapılanlar kifayət qədər idi. İlham Əliyev ruhdan düşmüş hesab edilən bir toplumun güc və enerjisini qaytarmaq kontekstində də misilsiz tarix nümunəsi yaratdı.
İkinci, ən azı son on ildə beynəlxalq diplomatik ritorikanın ən populyar, hətta az qala bezdirici ton almış sözləri olan "status-kvo" faktiki olaraq dəyişdi. İndi qətiyyətlə demək olar ki, status-kvo daha heç vaxt sentyabrın 27 -ə qədərki kimi olmayacaq, o, Azərbaycanın xeyrinə dəyişməkdə davam edəcək. Özlüyündə Dağlıq Qarabağın ətrafında işğal edilmiş hətta bircə kəndin belə azad edilməsi status-kvonun dəyişməyə başlaması deməkdir. Bu gün azı bir böyük rayon, çoxlu sayda kənd və qəsəbə azad olunubsa, bu artıq statys-kvonun dəyişməsinin dönməz xarakter alması deməkdir. Danışıqlar masasında bir daha "status-kvo dəyişməlidir" sözləri eşidilməyəcək. Çünki o artıq dəyişir, dəyişməkdə davam edəcək, taa son məntəqəmiz azad olunana qədər. Bundan sonra danışıqlar masasında hakim fikir belə olacaq: "status -kvonun "dəyişmə faktı baş verdiyi üçün o rəsmi qəbul edilməlidir". Razılaşaq ki, status-kvonun dəyişilə bilməsinə Ermənistandan başqa mane olan dövlətlər də var idi. Ancaq Ermənistanın və onun dostlarının müqavimətinin sındırıldığı da bir faktdır. Həm də İlham Əliyev üçün heç də asan başa gəlməyən faktdır. Onun bu on gündə kimlərin, haraların müqavimətini, təzyiqlərini qırdığını qiymətləndirmək gərəkdir.
Üçüncü, Ermənistanın özünə verdiyi qalib görkəmin və iddialı - şərt diktəedici davranışlarının keçmişdə qalmaq üçün artıq "rastamojka edildiyini" söyləmək olar. Bu gün Ermənistan liderinin Moskvadan tutmuş Parisə və Pekinə qədər liderlərin qapısını "yağır edərək" Azərbaycanın yenidən danışıq masasına qayıdış yollarını araması o deməkdir ki, Paşinyan o qapılardan "ağlını daha yığ başına, çox şeyləri keçmişdə burax" məzmununda mesajlar alıb. Bu mesajları alan Nikolun artıq danışıqlarda iddialı davranması mümkünsüzdür, hələ bəlkə yeni danışıqlar mərhələsində onun özü olmayacaq. Xarici müxbirlə üz-üzə söhbət səhnəsində onun "işığının sönməsi" təsadüf olmaya bilər..
Dördüncü, Müstəqil Azərbaycanın 10 (?) günlük Böyük Qarabağ müharibəsi regionumuzun təhlükəsizlik strategiyasını əhəmiyyətli dərəcədə dəyişərək, onu daha möhkəm və sarsılmaz hala gətirir. Çünki bundan sonra nə Dağlıq Qarabağ problemi, nə də Ermənistan özü regional sabitliyi təhlükə altına alan faktor kimi nəzərdən keçiriləcək. Tarixdə təcavüzkar ölkənin sonradan yeni təcavüzkarlıqlara yol açan imkanlardan məhrum edildiyinə dair çox nümunələr var. Ermənistan onlardan biri olacaq. Azərbaycan onu hərbi və siyasi olaraq elə gücsüzləşdirəcək ki, bir daha regional sabitliyə təhlükə mənbəyinə çevrilə bilməyəcək. Ermənistanın aqressor kimi demilitarizasiyası da mümkündür.
Beşinci, 10 günlük Böyük Qarabağ müharibəsi bütün Avrasiyanın geosiyasi və geostrateji düzənini mühüm dəyişikliklər ərafəsinə gətirdi. Qardaş Türkiyənin Avrasiya proseslərində legitim rolu güclənəcək, Azərbaycanın və Cənubi Qafqazın Avropa və Asiyanı əlaqələndirməkdə gücü daha da böyüyəcək, yerini bilən məğlub ölkə kimi, hətta Ermənistanın özünün Avrasiya layihələrinə qoşulmaq şansı açılacaq, Böyük Dəmir İpək yolunun güvənliliyinə təminat daha da güclənəcək.
Altıncı, qardaş Türkiyənin Qafqaz geosiyasətində rolunu legitimləşdirən ilk beynəlxalq hüquq aktı olan Qars müqaviləsinin yeni, daha böyük ANALOQU təzahür edə bilər.
Avrasiyada yeni dönəmin müəllifi Azərbaycandır, İlham Əliyevdir...!
Aydın QULİYEV