Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev Qarabağın da aid edildiyi dondurulmuş konfliktlərlə bağlı danışıb. O qeyd edib ki, sözügedən münaqişə ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Tokayev təəssüflə BMT-nin yarandığı gündən dünyanın çoxsaylı regional və millətlərarası konfliktdən xilas ola bilmədiyini deyib. O, Qazaxıstanın bütün konfliktlərin siyasi-diplomatik yolla həllinin tərəfdarı olduğunu deyib.
Tokayev çıxışı zamanı, həmçinin, beynəlxalq hüququn baza prinsiplərinə əməl etməyin vacib olduğunu qeyd edib: “Dondurulmuş və ya zamanı uzadılmış kimi dəyərləndirilən regional konfliktlər müasir beynəlxalq hüququn əsasını təşkil edən BMT Nizamnaməsinin iki əsas prinsipi arasında fundamental ziddiyyət yaradıb. Bu, dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinidir. Son prinsip dövlətlərin müstəqillik qazanıb, müstəmləkə asılılığından azad olanda xüsusilə aktuallaşıb. Hazırkı ana qədər dünya öz müqəddəratını həll edib. Ona görə də dövlətin ərazi bütövlüyü prinsipi hazırda birinci plana çıxıb və prioritet əhəmiyyət kəsb edir. Mövcud konfliktləri dəyərləndirən zaman hazırlanan yanaşmalarda biz gərək BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaq”.
Qeyd edək ki, Qazaxıstan həm də Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Qazaxıstanın Qarabağla bağlı belə mövqe sərgiləməsi müsbət haldır.
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Qazaxıstan Prezidentinin bu mövqedən çıxış etməsi müsbət haldır: “Düzdür, Qazaxıstan müsəlman, türkdilli ölkə olaraq Azərbaycana bir çox halda dəstək verib. Xüsusən də Nursultan Nazarbayevin prezidentliyi dönəmində bu özünü daha çox göstərib. Dəfələrlə Qazaxıstan Prezidenti Qarabağ probleminin həllinə səy göstərib, vasitəçilik təşəbbüsü ilə çıxış edib. O cümlədən, Avrasiya İqtisadi İttifaqı çərçivəsində öz mövqeyini ortaya qoyub. Söhbət Qarabağdakı qondarma separatçı qurumun Aİİ-nin imkanlarından yararlanmamasından gedir. Nazarbayev bir neçə il əvvəl bu məsələni qaldırdı. Q.C.Tokayev yeni prezident seçiləndə ilk vaxtlar onun bu yöndə fəaliyyəti nəzərə çarpmadı. Əksinə, ermənilərin maraqlarına uyğun informasiyalar yayıldı. Sevindirici haldır ki, Tokayev də Qarabağ məsələsinin həllində beynəlxalq hüquqa önəm verir. Onun bu mövqeyi rəsmi Qazaxıstanın mövqeyi sayılır. O üzdən, buna müsbət yanaşıram”.
Şərqşünasın fikrincə, Qazaxıstanın bu mövqeyi, ümumilikdə, Azərbaycanın xeyrinədir.
Vidadi ORDAHALLI