26/10/2020 02:29
728 x 90

Almaniyadan gözlənilməz Qarabağ mövqeyi – Merkel Paşinyanın yalan çağırışlarına niyə baş əydi...

Afsəddin Nəbiyev: “Onun Azərbaycanı birtərəfli atəşkəsə çağırışı beynəlxalq hüquqa deyil, xristian təəssübkeşliyinə əsaslanır”

img

Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən işğalçı Ermənistan ordusunun cəhbədə törətdiyi təxribatlara və hücuma cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçib. Ordumuz beynəlxalq hüququn və Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq, 30 ilə yaxındır ermənilərin işğal altında saxladıqları ərazilərini terrorçu və separatçılardan təmizləyir. Ancaq 30 ildir Azərbaycanın ədalətin bərpa olunmasına, Ermənistana işğal altında saxladığı torpaqlardan çıxmaq barədə təzyiq göstərilməsi çağırışlarına məhəl qoymayan bir sıra ölkələr indi narahat olmağa başlayıblar.

 

Ən təəccüblüsü odur ki, Azərbaycanın apardığı haqq işindən Almaniya da narahat olmağa başlayıb. Baxmayaraq ki, Azərbaycan Almaniyanın Qarabağ məsələsində neytral mövqedən çıxış etməsinə ümid edib. Hətta belə fikirlər var idi ki, həmsədr ölkələrdən biri Almaniya olsun. Lakin, niyəsə, Almaniya Xarici İşlər naziri Heiko Maasın timsalında tam əksini edir, nəinki neytral mövqeyini qoruyur, açıq şəkildə Ermənistana dəstək verir. Heiko Maas atəşkəsə və Azərbaycana təzyiq göstərilməsinə çağırıb. O bildirib ki, Ermənistan atəşkəs danışıqlarına hazırdır. Azərbaycan isə buna hazır olmadığı üçün rəsmi Bakıya təzyiq göstərilməlidir. Almaniyanın Qarabağ məsələsində bu cür mövqe sərgiləməsi təəccüb doğurur. Ən azından, Almaniya rəhbərliyi kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilir. Eyni zamanda, işğala hansı tərəfin məruz qaldığını da bilir. Başqa bir tərəfdən, erməni mafiyasının bu ölkədə hansı kriminal fəaliyyətlə məşğul olduğundan da xəbərsiz deyillər. Hansı ki, bununla bağlı faktların ortaya çıxması ciddi rezonansa sbəb oldu. Belə görünür ki, son günlər Paşinyan ard-arda Angela Merkelə zəng vurmaqla onu öz yalanlarına inandıra bilib.

 

  • “Almaniya bu yanlışını düzəltməlidir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyev Almaniyadan gələn bu gözlənilməz yanaşmaya bir neçə kontekstdən yanaşdı: “Almaniya Xarici İşlər naziri Heiko Maasın Azərbaycanı birtərəfli atəşkəsə çağırışı beynəlxalq hüquqa deyil, xristian təəssübkeşliyinə əsaslanır. Belə çağırışlarla Azərbaycana təzyiq  göstərilməsi beynəlxalq hüququn tamamilə ziddinədir. Almaniyanın üzv olduğu Minsk Qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti Azərbaycanın işğal olunmuş  ərazilərindən Ermənistanın qoşunlarının çıxarılmasına şəraiti təmin edə bildimi? Almaniya Xarici İşlər naziri bu suala cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi bir tədbir görülməyib. Məntiqlə Almaniya Xarici İşlər naziri öz dövlətinin də bu münaqişə barəsində fəaliyyətsizliyini təsdiq edib. Eyni zamanda, Almaniya Avropa İttifaqının üzvü olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini rəsmi şəkildə ifadə edib. Hazırda Azərbaycan Ordusu öz ərazimizdə  antiterror əməliyyatı apararaq, Ermənistanın təcavüzünə cavab olaraq əks həmlələr həyata keçirir. Daha dəqiq ifadə etsəm, münaqişənin həll olunmasını öz üzərinə  götürən ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi məsələni Azərbaycan əsgəri ləyaqətlə həll edir. İşğal olunmuş torpaqlarımızın bir qismi artıq azad olunub. Tarixi ədaləti Azərbaycan əsgəri bərpa edir. Tezliklə Azərbaycanın suverenliyi bərpa olunacaq. Məhz buna görə Almaniyanı ədalətli olmağa çağırırıq, erməni qoşunlarının qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana təzyiq etməsi daha doğru olardı”.

Sədr müavininin fikrincə, Almaniya bu yanlışını düzəltməlidir.

Vidadi ORDAHALLI

Son xəbərlər