Azərbaycanın uğurlu hərbi əməliyyatları, cəbhə xəttində olduğu kimi, Ermənistanın daxilində də ciddi effekt yaradıb. Hərbi uğursuzluqlar fonunda Ermənistanda daxili ictimai-siyasi böhran və diktaturaya keçid müşahidə olunmağa başlayıb. Artıq Ermənistanın bır sıra mühüm icra strukturlarının rəhbərləri işdən azad edilir və ya özləri istefa verir.
Hazırda müharibə şəraitində olan bir ölkənin milli təhlükəsizliyinə cavabdeh şəxsin vəzifədən azad edilməsi, əslində o ölkədə təhlükəsizlik sisteminin çökməsi deməkdir. Ancaq bunu başqa amillərlə də izah edirlər. Hesab olunur ki, hazırda panika içərisində olan Paşinyan sadəcə ictimai rəyə qurban vermək üçün ayrı-ayrı şəxslərin axtarışındadır. Əminliklə demək olar ki, bu, prosesin yalnız başlanğıcıdır. Bundan sonra da Ermənistanda istefaların, işdən azad olunmaların və daxili narazılıqların artmasını müşahidə edəcəyik. Göründüyü kimi, ilk qurban Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Arqişti Kərəmyan oldu. Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib. Kərəmyan vəzifəyə təyin ediləndə xidməti xarici ölkələrin casuslarından təmizləyəcəyini vəd etmişdi. Bu istefanı belə də əsaslandırırlar ki, görünür, Paşinyan bəzi xarici ölkələrin xoşuna gəlmək üçün gənc kadrını qurban verir.
Maraqlıdır ki, Paşinyan təhlükəsizlik şefinin istefaya göndərilməsini həm də daxildəki casus axtarışı ilə izah etməyə çalışır. Onun bu xüsusda yazdığı “Facebook”dakı paylaşımına diqqət edək: “Bir neçə gün qabaq cəbhə xəttindən narahatedici belə bir xəbər aldım: bəzi adamlar döyüşçülər arasında bu tip təbliğat aparır - “Nikol torpağı satıb. Bu, razılaşdırılmış müharibədir. Sizləri burada ət maşınına qoyublar. Mövqeləri saxlamaq əbəsdir”. Əsgərləri inandırıblar. Bundan sonra onlar mövqeləri və silahları təhvil veriblər”.
Paşinyan məsələni milli təhlükəsizlik xidmətinin araşdırdığını bildirib: “Onların başçılarından biri aşkarlanıb. O, Xankəndi sakinidir, Yerevanda tutulub. Hazırda başqa versiyalar da nəzərdən keçirilir. Bunlardan biri də siyasi xarakterlidir. Hələlik çox mətləb aydın deyil”.
Paşinyanın son addımlarını özünü sığortalamaq, cəbhədəki uğursuzluqları gizlətmək cəhdi kimi qiymətləndirmək olarmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Paşinyanın bu addımı iki aspektdən izah oluna bilər: “O bununla cəbhədə yaşanan uğursuzluqları kimlərinsə üzərinə yükləmək istəyir. Daxili auditoriyada itirilən nüfuzunu bir qədər bərpa etməyi düşünür. Demək istəyir ki, yaşanan uğursuzluqlar “xəyanətə” görə olub və bundan təhlükəsizlik rəhbərinin məlumatı olmayıb. Ancaq aparılan müzakirələrdən görünür ki, Paşinyanın bu yalanı tez ifşa olundu. Onun bu addımına, hətta Ermənistanın daxilindən verilən reaksiyaların təhlili göstərir ki, baş nazir belə qərarı Rusiyaya xoş gəlmək üçün verib. Paşinyan Qərbin köməyi ilə hakimiyyətə gəlmişdi və düşünürdü ki, Rusiyadan asanlıqla canını qurtara biləcək. İndi baş verənlərin fonunda məcbur olub Rusiyaya yarınır. İstənilən halda, bu uğursuzluqlar Paşinyana baha başa gələcək. İnanmıran ki, Ermənistanın ictimai rəyi onu çox da uzun müddətdə hakimiyyətdə saxlasın. Hətta indiki məqamda belə bir-biri ilə uzlaşmayan addımlar atır. Bir tərəfdən sülh istəyir, digər tərəfdən dinc əhalini atəşə tutur. Belə adamlar hakimiyyətə təsadüfən gəldikləri üçün analoju vəziyyətlərlə üzləşməli olurlar”.
Paşinyanın isterik durumda olması onun atdığı xaotik addımlardan daha aydın görünür.
Məhəmmədəli QƏRİBLİ