Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyekti, sosial təyinatlı binanı hədəfə almaqda davam edirlər. Düşmənin oktyabrın 8-də işğal altında olmayan cəbhəyanı yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində evlərə, elektrik və qaz təsərrüfatı ilə yanaşı, 1 orta məktəb, 1 musiqi məktəbi və 1 sahə xəstəxanasına da ziyan dəyib.
Məlumat üçün bildirək ki, Ermənistan ərazisindən bu günədək Gəncə şəhərinə dəfələrlə raket atılıb. Nəticədə bir neçə məktəbə ziyan dəyib. Onlardan biri də M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəbdir. Hadisə nəticəsində məktəbin binası yararsız hala düşüb.
Eyni mənzərə Ağdam rayonunda da yaşanıb. Bu məktəblərin divarları deşik-deşik olub, qapı və pəncərələrin şüşələri sınıb. Tərtər rayonunda isə 5 nömrəli məktəbin biologiya otağına düşən mərmi nəticəsində binanın damı çöküb, sinif otaqları yararsız hala düşüb. Bununla yanaşı, 10 məktəb də raket atəşinə məruz qalıb. Hadisə nəticəsində ölən və yaralananlar da var.
Daha bir raket mərmisi Bərdə şəhərində yerləşən 5 nömrəli məktəbin həyətinə düşüb. Bütün bunlar nəinki beynəlxalq ictimaiyyətin qəbul etdiyi norma və prinsiplərə ziddir, ümumiyyətlə, vicdan, şərəf və humanizm nöqteyi-nəzərdən ermənilərin nə qədər cılız olduğunu sübut edir.
Onu da qeyd edək ki, ermənilər qadağan edilən silahlarla dinc sakinləri bombalayırlar. Kasetli bombalardan istifadə beynəlxalq qanunvericiliyə görə qadağandır.
Qeyd edək ki, kasetli silahlardan tarix boyu bir çox müharibədə istifadə olunub. 1964-1973-cü illərdə Vyetnam müharibəsində təkcə bu silahlar səbəbindən 7 min insanın yaralandığı və öldüyü bildirilir. Bundan əlavə, kasetli bombalardan Birinci Çeçen müharibəsi (1995), Yuqoslaviya müharibəsi (1999), Sovet-Əfqan müharibəsi (1979–1989) və Qərbi Saxara böhranında (1975-1991) istifadə olunub.
Ermənistan Azərbaycana qarşı kasetli mərmilərdən istifadə etdiyi üçün bu kateqoriyadan olan silahlardan yararlanan ölkələr siyahısına əlavə edilib.
Qeyd etdiyimiz kimi, Ermənistan mülki əhalini hədəfə aldığı, bilərəkdən məktəblərə bomba atdığı və qadağan olunmuş silahdan istifadə etdiyi üçün təcavüzkar ölkə necə cəzalandırıla bilər?
“...bu qətnamələri yerinə yetirmədiyi üçün Ermənistanı cəzalandırmalıdır”
Hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirib ki, Ermənistan və beynəlxalq hüquq ayrı-ayrı anlayışlardır: “Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşsaydı, bu illər ərzində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirərdi. Beynəlxalq aləm bu qətnamələri yerinə yetirmədiyi üçün Ermənistanı cəzalandırmalıdır. Hazırda ordumuz Ermənistanı cəzalandıraraq həm də BMT-yə kömək edir. Kaset başlıqlı mərmilərdən istifadə qanunla qadağandır. Ancaq Ermənistan heç bir qadağaya məhəl qoymur. Onların bunu istifadə etməkdə məqsədi Azərbaycan əhalisi arasında daha çox vahimə yaratmaq, itki və dağıntını artırmaqdır. Onlar ordumuzla bacarmadıqlarına, əsgərlərinin hərbçilərimiz qarşısında aciz duruma düşdüklərinə görə bu çirkin əməllərə əl atırlar.
Onların düşüncəsi olsaydı, bilərdilər ki, bizim imkanlarımız onları bütünlüklə yox etmək dərəcəsindədir. Buna baxmayaraq, onlar yenə də mülki əhalinin yaşadığı əraziləri vururlar. Xüsusən də məktəbləri hədəf alırlar. Onsuz da o evlər bərpa olunacaq. Ancaq dinc sakinlərimiz həyatlarını itirirlər. Raketi Xızıya, Gəncəyə, Mingəçevirə yönəldən yaramaz bir toplumdan hər şey gözləmək olar. Ona görə də Azərbaycan əsgəri onları yaxın günlərdə cəzalandıracaq”.
Günel CƏLİLOVA