“Mən Rusiya Federasiyasında, Ural Federal Bölgəsində ən böyük və çoxsahəli “Parasels” Tibbi Klinikanın baş həkimi və sahibiyəm. Vətənimdən uzaqda, Yekaterinburq şəhərində yaşasam da, ölkəmin böyük vətənpərvəriyəm.
Yekaterinburqda, həmçinin, Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə soydaşımız erməni təxribatının qarşısının alınması, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin və yaşayış məntəqəsinin düşməndən azad edilməsi xəbərinə sevinərək Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi cavab tədbirlərini dəstəkləyir.
Mən özümün və rəhbərlik etdiyim klinikanın bütün heyəti adından düşmənlərimizə qarşı cəsarətlə vuruşan qəhrəmanlarımıza “çox sağ olun” deyir, ölən hərbçilərə və mülki vətəndaşlara görə başsağlığı verirəm. Böyük ordumuzun uğurları ilə ürəkdən qürur duyur, cəsarətinə, qəhrəmanlığına və fədakarlığına, Vətənə sədaqətinə, Vətəni erməni təcavüzkarlarından qorumasına görə əsgər və zabitlərimiz qarşısında baş əyirik.
Şəxsən mən və rəhbərlik etdiyim klinikanın mütəxəssisləri istifadəmizdə olan tibbi avadanlıq və dərmanlarla yaralılara, hərbi və mülki əhaliyə tibbi yardım göstərmək istəyirik. Əmrinizlə doğulduğum Vətənə gəlməyə və bayrağımızı qorumağa hər zaman hazıram. Hələlik yaşadığımız şəhərdə yerli sakinlərə Azərbaycanın sülhü bərpa etmək və ərazi bütövlüyünü qorumaq üçün mübarizəsi barədə etibarlı məlumatları çatdırırıq. Azərbaycan torpaqlarının geri qaytarılması hər birimiz üçün müqəddəs borcdur”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının Yekaterenburq şəhərindəki “Parasels” klinikasının təsisçisi və baş həkimi Əliyev Rasim Əli oğlu qeyd edib.
Soydaşımız, həmçinin, Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiyini bildirir. “Əminik ki, müdrikliyiniz, uzaqgörənliyiniz, siyasi nüfuzunuz məsələlərin düzgün həll olunmasına kömək edəcək. Qələbə bizimdir! Qarabağ bizim doğma yurdumuzdur!” - deyə R.Əliyev vurğulayır.
Baki-xeber.com