Məlum olduğu kimi, Azərbaycan bir neçə gündür ki, öz ərazisində aktiv antiterror əməliyyatlarına başlayıb. Bizim üzləşdiyimiz düşmənin yırtıcı caynaqları hər yerə nüfuz edə bildiyi üçün, onunla həm də ideoloji mübarizə aparmağa məhkumuq.
Son proseslər göstərdi ki, Dağlıq Qarabağ problemi dünyada yaşayan bütün azərbaycanlıları dərindən narahat edir. Onlar bu problem ətrafında bir yumruq kimi birləşib, düşmən təbliğatına qarşı aktiv mübarizə aparırlar. Ötən yazılarımızda biz Diasporla İş Üzrə Dövlət Komitəsi ilə koordinasiyala fəaliyyət göstərən təşkilatlarımızın Vətən Müharibəsi çərçivəsində ölkəmizə, ordumuza verdikləri dəstəkdən danışmışdıq. Həmin fəaliyyətlərin həcmini bir yazıya sığışdırmaq mümkün olmadığı üçün, soydaşlarımızın nümunəvi fəaliyyətindəki digər məqamları da diqqətə çatdırmaq istəyirik.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız İlham Əliyevə təbrik, təşəkkür məktubları ünvanlayırlar
Bu günlər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycan ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın bir hissəsinin azad edilməsi münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik, təşəkkür məktubları ünvanlayıblar. Prezidentin internet səhifəsində dərc olunan məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentə dəstək ifadə olunub. Bildirilib ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəsində ölkəmizin yanındadır və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirir. Soydaşlarımız, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirirlər.
Monteneqronun “PR Centar” media mərkəzində Azərbaycanda baş verən hadisələrlə bağlı yerli media nümayəndələri üçün mətbuat konfransı keçirilib. KİV nümayəndələri qarşısında çıxış edən Azərbaycan–Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycanın mülki şəxslərinə və strateji obyektlərinə genişmiqyaslı hücumuna cavab olaraq Azərbaycan ordusunun əks hücum əməliyyatlarına başlaması, bu əməliyyatların ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilərdə keçirilməsi barədə ətraflı məlumat verib. Azərbaycanın öz tarixi, əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifadə etdiyini və xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyinə diqqət cəlb edilib.
Azərbaycan Prezidentinin BMT Baş Məclisinin 75-ci sessiyası çərçivəsində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüz hazırladığı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdiyi, hazırda baş verənlərə görə məsuliyyətin Ermənistanın baş naziri Paşinyanın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb. "Azərbaycan xalqının heç bir ölkənin ərazisində gözü yoxdur, biz Vətənimizi, dövlətimizi və xalqımızı müdafiə edirik", - deyə soydaşımız əlavə edib.
Soydaşlarımızın ərəb coğrafiyasındakı fəallığı...
Bu proseslərdə ərəb ölkələrində yaşayan soydaşlarımızın da fəallığı nəzərə çarpır. İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı və Əlcəzair Xalq Demokratik Respublikasındakı Azərbaycan diasporu bu ölkədə yaşayan azərbaycanlıların adından Ermənistanın təxribatlarını pisləyən bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, 30 ilə yaxındır Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır: "Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları bir daha Ermənistanın işğalçı dövlət olması təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı dövlətin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı, əksinə, yeni ərazi iddiasında olduğu da vurğulanır. Dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın bu işğalçı siyasətinə son qoymağa çağırırıq".
Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikasında yaşayan azərbaycanlılar da Azərbaycan dövlətinin və Ordusunun yanında olduqlarını bəyan edərək, yaşadıqları ölkələrin yerli ictimaiyyətini haqlı davasında Azərbaycanın mövqeyini dəstəkləməyə və işğalçı Ermənistanı təcavüzkarlıq siyasətini pisləməyə çağırıblar.
Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqaçı-alim Seymur Nəsirovun bu ölkənin aparıcı qəzetlərdən biri olan "Almasryalyoum" qəzetinin saytında Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistana qarşı apardığı haqlı mübaribənin səbəbləri haqqında yazısı dərc olunub.
Xaricdəki tanınan soydaşlarımız ölkəmizlə bağlı həqiqətləri sosial şəbəkələrdə fəal yayırlar
Türkiyənin Bilkent Universitetinin Nanotexnologiya Araşdırmaları Mərkəzinin fəxri professoru Əmirullah Məmmədov facebook sosial şəbəkə hesabındakı paylaşımında Azərbaycana dəstəyini nümayiş etdirib: “Bu, Azərbaycanın Vətən müharibəsidir. Mücadiləmizdə haqlıyıq və qalib gələcəyik”. Latviya Seyminin üzvü, ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndələrindən biri, deputat Romans Naudins facebook sosial şəbəkə hesabındakı paylaşımında ermənilərin Azərbaycanın işğal altında olan ərazilərindəki məscidlərimizi təhqir etmələrini əks etdirən şəkil paylaşıb: “Erməni “siyasətçiləri” Azərbaycanın hazırda mübarizə apardığı işğal altında olan torpaqlarındakı məscidlərinə belə münasibət göstərirlər. “Erməni siyastçiləri” ifadəsini xüsusi vurğulayıram, çünki yalnız siyasətçilərin mövqeyi sayəsində mədəni və tarixi abidələrə bu cür münasibət göstərilə bilər...”
DAK Almaniya Kanslerinə etiraz edir...
Dünya Azərbaycanlıları Konqresi ATƏT, BMT, Avropa Şurası, Avropa Komissiyasına, Almaniya Kansleri və ABŞ prezidentinə müraciət ünvanlayıb. Müraciətdə işğalçı Ermənistan ordusu tərəfindən 27 sentyabr 2020-ci il tarixindan başlayan genişmiqyaslı hərbi təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmayaraq, son 8 gündə Azərbaycanın Dağlıq Qarabağ regionundan kənar ərazilərinin də atəşə tutulduğu qeyd edilib. Paytaxt Bakının yerləşdiyi Abşeronun, ikinci böyük şəhər olan Gəncənin, Mingəçevir şəhərinin və digər ərazilərin ağır artilleriya zərbələrinə məruz qaldığı, yaşayış məskənlərinin və dinc mülki əhalinin hədəfə alındığı bildirilib.
Polşadakı soydaşlarımız ölkə Seyminə etiraz ünvanladılar...
Sonda regionda sülh və sabitliyin bərpa edilməsi, hərbi əməliyyatların dayandırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması üçün Ermənistana təsir göstərilməsi tələb edilib. Polşa Azərbaycanlıları Koordinasiya Şurası və Varşavadakı Azərbaycan Evi ölkə Seyminə (parlament) etiraz məktubu ilə müraciət edib. Buna səbəb Seymin deputatı Marta Kubiakın biraylıq maaşını qondarma və separatçı Dağlıq Qarabağ rejiminə göndərməsi olub. Azərbaycan-Polşa dostluğunun qədim tarixə malik olduğunu vurğulayan məktub müəllifləri deputat Marta Kubiakın hərəkətinin mənəvi baxımdan düzgün olmamasından təəssüfləndiklərini bildirərək yazıblar: "Maaşını Dağlıq Qarabağın separatçı, beynəlxalq hüquq tərəfindən qəbul edilməyən rejiminə göndərmək və bunu açıq şəkildə elan etmək deputatın əsas missiyası olmamalıdır. Bu, Polşanın milli qanunlarına və BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT qarşısında qəbul etdiyi öhdəliklərinə ziddir”. Deputatın qeyri-qanuni hərəkətinin və yersiz niyyətinin yalnız Azərbaycanla Polşa arasındakı qarşılıqlı münasibətləri pozmağa xidmət etdiyinə diqqəti cəlb edən soydaşlarımız Seymin üzvlərini bu hərəkəti pisləməyə çağırıblar. Bildirilib ki, yalnız bu cür hərəkətlərin pislənməsi münasibətlərimizin nə qədər güclü və sarsılmaz olduğunu göstərə bilər. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və bu ölkədə yaşayan digər soydaşlarımız da Marta Kubiakın şəxsi elektron poçtuna etiraz məktubları göndəriblər.
Nazir Hətəmov: “Rusiya cəmiyyətində bu həqiqətlərin bilinməsi daha vacibdir”
Rusiyada fəaliyyət göstərən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları Üzrə “Edinstvo” Regionlararası Konqreslər Assosiyasiyasının vitse-prezidenti, Azərbaycan diasporunun fəalı Nazir Hətəmov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycandadır: “Mən əslən Tərtər rayonundanam. Elə oldu ki, bu hadisələri Azərbaycanda qarşılamalı oldum. Öz gözlərimlə Tərtərin erməni vəhşiləri tərəfindən necə dağıdıldığının şahidiyəm. Bu heç bir müharibə qanunlarına sığmır. Onlar Tərtərin, Bərdənin və digər yaşayış rayonlarımızın dinc əhalisini, mülki infrastrukturunu hədəf alırlar. Bütün bunlar göstərir ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində uzun illər cəzasıq qaldığı üçün quduzlaşıb. Biz bütün bu həqiqətləri təmsil olunduğumuz şəhərdəki diaspor fəallarımızın dəstəyi ilə bütün Saxalinə və ətraf regionlara yayırıq. Həmçinin həmin şəhərdə yaşayan soydaşlarımız müxtəlif sosial şəbəkələrdə fəallıq göstərərək, Azərbaycanın üzləşdiyi həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar. Biz bununla kifayətlənmirik. Burada olduğum dönəmdə Rusiyadakı diasporumuzun nümayəndələrinin dəstəyi ilə Ordumuza əlimizdən gələn köməklilkləri edirik. Biz əsgərlərlə görüşəndə görürük ki, Azərbaycan ordusunun maddi təminat səviyyəsi çox yüksəkdir. Buna baxmayaraq, biz yenə də əlimizdən gələn dəstəyi verməyi özümüzün mənəvi borcumuz bilirik. Rusiya cəmiyyətində bu həqiqətlərin bilinməsi daha vacibdir. Çünki həmin ölkədə ermənilərin də sayı çoxdur. Onlar rus ictimaiyyətinə hadisələri təhrif edilmiş formada çatdırırlar. Bu səbəbdən də ordakı diasporumuzun daha da fəallıq etməsinə ehtiyac var. Ermənistan hamıya yalvarıb sülh istəyir. Bunu istəyirsə, işğal altında olan torpaqları könüllü boşaltsın. Onda problem müharibəsiz də həllini tapa bilər”.
Görünən budur ki, dünyadakı 50 milyonluq azərbaycanlıların hamısının ürəyi bugünlərdə ordumuzla, əsgərimizlə döyünüb və döyünməkdə davam edir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.