Azərbaycan Ordusunun Dağlıq Qarabağda uğurlu əks-hücumu Ermənistan ordusunun əhəmiyyətli qüvvələrinin məğlubiyyətinə səbəb olub. Ermənistan və Qarabağ separatçı liderləri hər gün vətənpərvər bəyanatlar verir və "erməni soyqırımının təkrarlanmaması" üçün könüllüləri orduya yazılmağa çağırırlar.
Ancaq nə vətənpərvər şüarlar, nə də xaotik medal və qəhrəman adları bölgüsü ermənilər arasında hərbi ruhu yüksəldə bilir. Ermənistan ordusu ruh düşkünlüyünə məruz qalır və əsgərlər cəbhə bölgəsinə getməkdən imtina edərək, Azərbaycan pilotsuz aparatlarının hədəfinə çevrilirlər.
Ermənistanın hərbi-siyasi rəhbərliyi əsgər toplanması ilə bağlı kəskin bir problemlə üzləşib. Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən elan edilən ümumi səfərbərlik və ölkə sərhədlərinin bağlanması bu problemi həll edə bilmir, erməni gəncləri bədnam "Artsax" və erməni hərbçilərinin növbəti avantürası üçün canlarını qurban vermək istəmirlər.
Məlumatlara görə, Ermənistanda tank sürməyə hərbçi tapılmır. Erməni hərbçilər Azərbaycan Ordusunun onları məhv edəcəyindən ehtiyat etdikləri üçün hərbi maşın və tankları idarə etməkdən qorxurlar.
Qeyd edək ki, Azərbaycan Ordusunun cəbhə xəttində istifadə etdiyi pilotsuz uçuş aparatları düşməndə böyük vahimə yaradıb. Ordumuzun bundan əlavə, artilleriya bölmələrinin dəqiq zərbələri də ermənilərin xeyli sayda texnika və canlı qüvvəsinin məhv olması ilə nəticələnib.
Hərbçi-ekspert Rasim İsgəndərov bildirdi ki, Ermənistanda gənclər arasında hərbi xidmətdən kütləvi şəkildə yayınma halları müşahidə olunur: “Ermənilərin kütləvi surətdə orduya yollanmaqdan yayınması ordu sıralarında ciddi əsgər çatışmazlığına səbəb olub. Ermənilər hərbi maşınlar və tankların sükanı arxasında otuzdurmağa adam tapmırlar. Ermənistanda hərbi texnikaların idarə edilməsi, istər piyada, istərsə də artilleriya bölmələri üçün adam tapmaqda problem yaşanır. Ümumiyyətlə, heç bir erməni arxa cəbhədə belə, texnikaların sükanı arxasına oturmaq istəmir".
Günel CƏLİLOVA