Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa tərəfindən “Qarabağın müstəqilliyinin” tanınmasını gözləyir. O, bunu Fransanın “Tv5Monde” telekanalına müsahibəsində bildirib.
Paşinyan iddia edib ki, belə olmasa, guya bölgədə humanitar fəlakət yaranacaq: “Fransa Prezidentinin və Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanımasını gözləyirəm. Əks halda, bölgədə yaşanan gərginlik böyük humanitar fəlakətə çevrilə bilər”.
Paşinyan onu da deyib ki, dünya yaranmış vəziyyətə ciddi yanaşmasa, onda Türkiyəni Vyanada gözləməli olacaqlar.
Məlum olduğu kimi, beynəlxalq hüquqa tüpürmək mənasına gələn bu addımı hətta Ermənistanın özü atmayıb və atmağı da planlaşdırmır. Əks halda, daha ağır beynəlxalq təzyiqlə üzləşə bilər. Görünən odur ki, Ermənistan özü cəsarət etmədiyi addımı Fransadan gözləyir. Bu isə Fransa üçün çox ciddi fəsadlara yol aça bilər. Ən başlıcası, bu, Fransanın beynəlxalq imicinə ciddi zərbə olacaq. Belə olacağı təqdirdə Fransanın ATƏT-in Minsk Qrupunda təmsilçiliyindən söhbət gedə bilməz. Başqa bir tərəfdən, Fransanın özündə də potensial separatizm ocaqları var. Yəni bu, son nəticədə Fransa üçün də yeni təhdid yaradacaq. Eyni zamanda, bu, Makronun siyasi fiaskosu olacaq. Bütün hallarda, bundan itirən Fransa olacaq. Ötən il Fransa Azərbaycandan 536 milyon 640 min dollarlıq xam neft alıb. Bununla yanaşı, Fransanın “Total” şirkəti “Abşeron” layihəsində 50 faiz pay sahibidir. Şirkətin “Ümid-Babək” və digər layihələrdə də marağı mövcuddur. Odur ki, Azərbaycanın enerji sektorunda bu qədər marağı olan dövlətin hətta Ermənistanın da tanımadığı Qarabağı tanısa, bundan itirən Fransa olar. O üzdən, Paşinyan ağılsız açıqlamaları ilə Fransanı və Makronu siyasi qalmaqala sürükləmək istəyir.
“Paşinyan ona görə bu cür ağılsız fikir ortaya atıb ki, faktiki olaraq, çıxılmaz vəziyyətdədir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Paşinyan bu cür avantürist açıqlamaları ilə Fransanı təxribata sürükləmək istəyir: “Ermənistanın özü bu addımı atmağa cəsarət etmirsə, Fransa buna necə gedə bilər? Ümumiyyətlə, Fransanın buna getməsi bu ölkə üçün çox ciddi problemlər yarada bilər. Paşinyan ona görə bu cür ağılsız fikir ortaya atıb ki, faktiki olaraq, çıxılmaz vəziyyətdədir. Onun vəziyyəti o qədər mürəkkəb və çıxılmazdır ki, görünür, o, bu vəziyyətdən istifadə edərək özünə siyasi uğur qazanmaq istəyir. Bunu da Fransanın vasitəsilə etmək istəyir. Bu isə mümkün olan iş deyil. Bu, ciddi siyasi qalmaqala səbəb ola bilər. Hazırda Ermənistanda ciddi siyasi gərginlik var. Paşinyana qarşı ciddi etirazlar müşahidə edilir. İrəvanda həbslər həyata keçirilir. Xüsusi xitmət orqanına rəhbərlik edən şəxs işdən azad edilib. Bir neçə hərbçi həbs edilib. Belə bir mürəkkəb vəziyyətdə Paşinyanın sərsəm bəyanatları ona yönəlib ki, kimsə buna əl uzadıb dəstək versin. Çünki Paşinyan, faktiki olaraq, məğlubiyyətlə üzləşən dövlət rəhbəridir. Belə bir ağılsız addımı Fransa atmayacaq. Ən azından ona görə ki, bunun heç bir əsası yoxdur. Nə siyasi, nə də hüquqi baxımdan. Belə bir addım həm də Makronun siyasi fiaskosu olacaq”.
Politoloq hesab edir ki, Paşinyan belə fikirləri ortaya atmaqla özünü bir az da gülünc vəziyyətə salır.
Vidadi ORDAHALLI