Dünya Bankının Avropa və Orta Asiya regionunun iqtisadi inkişafları barədə hesabatı nəşr olunub. Dünya Bankının mütəxəssislərinin proqnozuna görə, bu, 2008-ci ilin qlobal maliyyə böhranından bəri ən ağır iqtisadi tənəzzüldür.
Açıqlanan hesabata əsasən, Ermənistanın 2020-ci il üçün iqtisadi azalması 6,3 faizə çatacaq. Qeyd olunur ki, iqtisadi azalmanın artmasına səbəb məlum hərbi əməliyyatlardır.
Bundan başqa, “Moody’s” reytinq agentliyinin yaydığı hesabatda qeyd edilir ki, münaqişənin böyüməsi Azərbaycan və Ermənistan iqtisadiyyatlarına ziyan vura bilər. Ancaq bundan ən çox Ermənistan iqtisadiyyatının ziyan görəcəyi qeyd edilir.
Görünən odur ki, siyasi və hərbi səhnədə iflasa uğrayan Ermənistan indi də iqtisadi cəhətdən çökməyə davam edir. Bir tərəfdən pandemiyaya qarşı normal müqavimət göstərə bilməyən sözügedən ölkə indi də müharibə vasitəsilə özünün fəlakətini yaxınlaşdırır. Beynəlxalq ekspertlərin hesablamalarına görə, sentyabrın 27-dən başlayan hərbi əməliyyat nəticəsində Ermənistana dəyən zərərin miqdarı 1,5 milyard dollar həcmində qiymətləndirilir. Onsuz da ağır olan iqtisadi vəziyyət bu ölkədə günbəgün daha da ağırlaşır, kasıbçılıq həddi olduqca gərginləşir. Müharibədə gündəlik itkiləri 150 milyon dollar həcmində olan Ermənistanın bu vəziyyətə çox dözə bilməsi qeyri-realdır. Digər bir tərəfdən isə müharibə nəticəsində ölkə iqtisadiyyatının xarici asılılığı güclənir, xarici borcların səviyyəsi artmaqdadır.
Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər?
“İlin dördüncü rübünün sonunda ölkədə iqtisadi azalma proqnozlaşdırılan rəqəmdən daha çox olacaq”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, bütün bunlardan ən çox Ermənistanın ziyan görəcəyi gözlənilən idi: “O baxımdan beynəlxalq təşkilatların dəyərləndirmələri reallığı əks etdirir. İlkin hesablamalara görə, döyüşlər başlayandan Ermənistan 1,2 milyard dollarlıq hərbi-texniki itkiyə məruz qalıb. Bu isə Ermənistanın 3,8 milyard dollarlıq illik büdcəsinin üçdə biri deməkdir. Eyni zamanda, onların müdafiə xərcləri üçün nəzərdə tutulmuş illik büdcəsi təxminən 630 milyon dollardır. Bu o deməkdir ki, son günlər Ermənistanın üzləşdiyi itkilər bunu iki dəfə üstələyir. Bütün bunlar, təbii ki, Ermənistan iqtisadiyyatı üçün böyük bir ziyandır. Nəzərə alsaq ki, bu ziyan dinamik olaraq artır, o zaman bunun Ermənistan üçün ciddi problemlər yaradacağı danılmaz həqiqətdir. Hazırda, demək olar, ölkə hakimiyyəti öz əhalisinə qarşı iqtisadi soyqırımla məşğuldur. Bunu həm də belə adlandırmaq olar. Hesab edirəm ki, ilin dördüncü rübünün sonunda Ermənistanda iqtisadi azalma proqnozlaşdırılan rəqəmdən daha çox olacaq. Çünki məlum hərbi itkilər Ermənistan kimi zəif ölkə üçün böyük zərbədir”.
Ekspert hesab edir ki, sözügedən iqtisadi itkilərin təsirləri gələn il də Ermənistan iqtisadiyyatına mənfi təsir edəcək.
Vidadi ORDAHALLI