Cəbhədə çoxsaylı itkilər verən Ermənistan üçün bu gün ən ciddi problemlərdən biri həmin itkilərin yerini doldurmaqdır. Real vəziyyət İrəvanın bu istiqamətdə ciddi çətinliklər yaşadığını nümayiş etdirir. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da vəziyyətin çətin olduğunu bildirib.
Ovannisyanın dediklərindən belə bəlli olur ki, Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır. Nazirliyin nümayəndəsi Azərbaycan ordusunun artilleriyadan intensiv istifadə etdiyini etiraf edib. Erməni hərbçinin sözlərinə görə, sentyabrın 27-dən bugünə kimi davam edən döyüşlərdə yüzlərlə erməni hərbçisi yaralanıb. Bu arada bəlli olub ki, ordumuz erməni hərbçilərini daha sürətlə sıradan çıxarır. Elə bu günlərdə Azərbaycan ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyətinin təxliyə edildiyi məlum olub. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb. Hazırda zəbt edilmiş ərazilərdən, mülki ermənilərlə yanaşı, hərbçilər də qaçır. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın "nümayəndəsi" Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib. Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O bunu hərbi əməliyyatlarla əlaqələndirib. Beqlaryanın sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk edib. O, regionu tərk edənlərin sayının 75 min nəfər olduğunu bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə erməni hərbçilərin Dağlıq Qarabağı və işğal altında olan digər əraziləri kütləvi tərk etmələrinin görüntüləri yayılıb.
Separatçıların digər nümayəndəsi Vaqram Poqosyan da Ermənistan hərbçilərinin işğal altında olan Azərbaycan ərazilərinin bir hissəsini tərk etdiklərini təsdiqləyib. Bu halda Ermənistanın Azərbaycana müqavimət imkanları daha tez tükənə bilər. İndi iş o yerə çatıb ki, Nikol Paşinyan çağırışa düşməyən şəxsləri belə könüllü şəkildə orduya yazılmağa çağırıb. O bildirib ki, münaqişə zonasında bəzi sahələrdə ağır vəziyyət yaranıb. Xatırladaq ki, bundan əvvəl Rusiyanın “Novaya qazeta” nəşrinin müxbiri İlya Azar da Şuşa və Xankəndidən hazırladığı reportajında Ermənistan ordusunun bütün cəbhə boyu acınacaqlı vəziyyətdə olduğunu, minlərlə itki verdiyini yazmışdı. Rusiyalı jurnalist cəbhədən Ermənistana qayıdan erməni könüllülərinin danışdıqlarına istinad edirdi. Ölən dostunu Gümrüdə basdırmaq üçün qayıdan könüllü erməni döyüşçüsü deyirdi ki, onların vəziyyəti acınacaqlıdır, müharibəni uduzublar və Azərbaycan ordusunun qarşısında duruş gətirə bilmirlər. O, təkcə Cəbrayıl istiqamətində ermənilərin minlərlə itki verdiyini deyirdi və erməni ordusunda silah-sursat, ərzaq təchizatının acınacaqlı olduğunu bildirirdi. Düşmənin cəbhədə vəziyyətinin acınacaqlı olduğunu daha bir Rusiya nəşri olan “znak.com” portalı da Qarabağla bağlı son reportajında göstərib. Həmin reportajda Ağdərədəki döyüşlərdən Xankəndiyə qayıdan erməni hərbçisinə istinadən bildirilirdi ki, cəbhənin bu istiqamətində də vəziyyət ermənilər üçün acınacaqlıdır. Həmin erməni hərbçisi Ağdərə torpaqlarının “qanlı sıyığa” çevrildiyini, minlərlə itkinin olduğunu deyirdi. Ermənistan Müdafiə Nazirliyi bugünə qədər cəmi bir neçə yüz itkini təsdiqləyib, lakin sosial şəbəkələrdə öz övladlarından, yaxınlarından xəbər ala bilməyən minlərlə adamın kömək çağırışları yayılır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təkcə Ermənistandan olan və Qarabağda döyüşlərə göndərilən 5 minə qədər əsgər və zabitdən xəbər yoxdur. Onlar itkin düşmüş sayılır. Erməni ictimaiyyətinin itkilərin real miqyası barədə təsəvvürləri artdıqca Paşinyan iqtidarının durumu pisləşir. Söhbətin minlərlə itkidən getdyi üzı çıxdıqca düşmən ölkədə çox ciddi vətəndaş etirazlarının başlamasının qaçılmaz olacağı təxmin edilir. Bu isə Paşinyan hakimiyyəti üçün yeni problemlər, hətta yeni inqilab deməkdir.
Samirə SƏFƏROVA