Cəbhədə Azərbaycanın uğurları artdıqca Ermənistan iqtidarı və əhalisi ciddi ruh düşkünlüyü yaşayır. Ekspertlər hesab edir ki, bu halda yaxın günlərdə Nikol Paşinyan hakimiyyətinin devrilməsi qaçılmaz olacaq.
Xatırladaq ki, hazırda, Robert Köçəryan başda olmaqla, Arkadi Qukasyan, Bako Saakyan, ümumiyyətlə, Paşinyanın bütün opponentləri onun devrilməsi üçün çalışır. Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyan və komandası da bu istiqamətdə fəal çalışır. Ermənistanın “Qraparak” nəşri də qeyd edir ki, Nikol Paşinyanın müharibə siyasəti iflasa uğrayıb və bu da onun üçün yaxşı heç nə vəd etmir: “Hər tərəfdən səslənən çağırışlara, Nikol Paşinyanın müharibə ilə bağlı diplomatik cəbhədə hansı danışıqların getdiyini, telefon danışıqları zamanı fövqəldövlətlərin rəhbərləri ilə hansı müzakirələri apardığını hələ bölüşməməsinə baxmayaraq, siyasi-ictimai dairələrdə, xüsusilə son iki gündə dövlət təbliğat maşınının rusyönümlü tonda olmasını qeyd ediblər. Hakimiyyətin təsiri altında olan KİV-lərin cavabdehləri özlərinin “Facebook” səhifəsində əvvəllər heç etmədikləri bənzər materialları yayırlar. Amma bunlar da Paşinyanı, çətin ki, xilas etsin. Onun rəqibləri şəraiti öz lehinə dəyişmək üçün artıq hərəkətə keçib”.
Rusiya mediası da məsələyə eyni prizmadan yanaşır. Məsələn, “Rosbalt” informasiya agentliyi yazır ki, Paşinyan dəstək almır və aciz durumdadır: “Ermənistana dost ölkə olan Gürcüstan bu günlərdə bəyan edib ki, hər iki döyüşən dövlətdən ötrü hərbi təyinatlı yüklərin daşınması üçün öz ərazisini və hava səmasını bağlayır. Rusiya ilə ortaq sərhədi və dənizə çıxışı olmayan Ermənistan üçün bütün bunlar praktiki olaraq tam blokada deməkdir. Azərbaycan isə əksinə, məsələn, Türkiyədən, İsraildən və başqa ölkələrdən silah və sursatı necə alırdısa, yenə eləcə alacaq. Dağlıq Qarabağ uğrunda Azərbaycanla yeni müharibədə Ermənistanın vəziyyətini gərginləşdirən bir amil də ondan ibarətdir ki, bu məsələdə beynəlxalq hüquq Ermənistanın tərəfində deyil. BMT Qarabağı birmənalı olaraq Azərbaycanın tərkib hissəsi hesab edir. Faktiki olaraq, bu şəraitdə İrəvan yalnız Qərb ölkələrinin nümayəndələrinin bir hissəsinin ermənilərə rəğbətinə, bir də öz ordusuna ümid bəsləyə bilər. Lakin əldə olan məlumata görə, döyüş meydanında da Ermənistanın vəziyyəti yaxşı deyil. Görünür, cəbhədə işlər erməni silahlı qüvvələrinin zərərinə gedir. Lakin hələlik Ermənistanın baş nazirinin gözlədiyi “Qarabağ ordusunun qəti qələbəsi” əlamətləri görünmür. Məsələ təkcə onda deyil ki, daha yoxsul olan Ermənistan uzun illər ərzində ən yeni silah növləri almaqdan ötrü ondan qat-qat varlı Azərbaycanın eyni məqsədlər üçün sərf etdiyi qədər vəsait sərf edə bilməyib. Hərbi ekspert Pavel Felgenhauer “Rosbalt” müxbiri ilə söhbətində qeyd edib ki, “Ermənistan əvvəlki müharibəyə hazırlaşıb”, müasir texnikadan daha çox öz əsgərlərinin döyüş ruhuna güvənib. Bu cür müharibəqabağı strategiyanın nəticələri bu gün döyüş meydanında özünü göstərir. Ekspert deyib: “Azərbaycan müharibədən əvvəl Ermənistan üzərində texniki üstünlüyə malik idi, indi isə sadəcə qalib gəlir. Artıq 10 gündür ki, Azərbaycan qoşunları təşəbbüsü əldə saxlayırlar, bu isə ciddi məsələdir. Ermənilər təşəbbüsü öz əlinə ala bilmir. Erməni silahlı qüvvələrinin əks-zərbələr endirmək cəhdləri uğursuz olur. Onlar, hətta bu əks-zərbələri cəmləşdirə bilmirlər, çünki onların dəstələri Azərbaycanın yaylım atəşli artilleriya vasitələrinin, pilotsuz uçuş aparatlarından informasiya alan aviasiyanın daimi zərbələri altındadır”. Hazırda döyüş meydanında vəziyyətin Ermənistanın xeyrinə olmamasını göstərən bir fakt da ondan ibarətdir ki, Nikol Paşinyan baş nazir olduğu müddətdə bəlkə də ilk dəfə Dağlıq Qarabağ məsələsində Azərbaycanla kompromisin mümkünlüyü barədə danışıb. Xatırlayırıq ki, əvvəl onun sözünün mahiyyəti belə idi: “Qarabağ Ermənistandır və nöqtə”. Felgenhauer əmindir ki, baş nazir Paşinyan bu müharibədə məğlub olacağı halda vəzifəsini itirməyə risq edir. Ekspert daha sonra deyib ki, Ermənistanın bu müharibəyə hazır olmamasında təkcə Paşinyan təqsirkar olmasa da, “buna görə o cavab verməli olacaq”. Ekspertin fikrincə, indiki vəziyyətdə istisna olunmur ki, “şəhərlərin müharibəsi, yəni İrəvanın və Bakının atəşə tutulması başlana bilər, bu isə həmin müharibəyə qoşulmaq istəməyən Rusiyanı ona cəlb edə bilər”. Ekspertin fikrincə, Azərbaycan Qarabağ problemini silah gücünə həll edərsə, Ermənistanda isə bunun nəticəsində Paşinyan hökuməti süqut edərsə, bu, Moskvanı tamamilə qane edəcək. Belə şəraitdə ermənilər həqiqətən yalnız özlərinə ümid edə bilərlər. Lakin indi onların hərbi-siyasi imkanları çox məhduddur.
Aviasiya üzrə ekspert Vadim Lukaşeviç isə deyir ki, Azərbaycan tərəfindən Türkiyədən və İsraildən alınmış müasir pilotsuz uçuş aparatlarının tətbiq edilməsi Ermənistanla indiki müharibədə Azərbaycan ordusunun üstünlüyünü təmin edib: “Suriya, Liviya, indi isə həm də Dağlıq Qarabağ göstərir ki, pilotsuz uçuş aparatları hərbi əməliyyatların, xüsusən lokal hərbi əməliyyatların aparılması texnikasını ümumiyyətlə dəyişir. Qarabağ müharibəsi dağlıq yerdə aparılır və burada dronlar, ən azı, hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikasının və başqa silahların dəf edilməsi baxımından özlərini yaxşı göstərir”. Ekspertin sözlərinə görə, “indi Ermənistan geri çəkilir, Azərbaycan havada üstünlüyə malikdir, müasir müharibədə hər hansı hərbi əməliyyatlar üçün bu çox vacibdir. Bundan əlavə, pilotsuz uçuş aparatları təyyarə və ya helikopterlə müqayisədə daha ucuzdur, onların itirilməsi o qədər də təhlükəli deyil, pilotlu aviasiya vasitələri ilə müqayisədə pilotsuz uçuş aparatlarını daha çox sayda tətbiq etmək olar, onlar əlaqələndirilmiş şəkildə uça bilərlər. Bu gün dronlar ordu həmlə təyyarələrinin funksiyasını öz üzərinə götürür. Onlar müharibənin, xüsusən regional müharibənin simasını dəyişir”.
Belə vəziyyəti isə Ermənistanda Paşinyana bağışlamayacaqlar və onun taxtından devrilməsi tamamilə gözlənilən sayılır.
Tahir TAĞIYEV