Dağlıq Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçməsi fonunda rəsmi İrəvanın əsas hədəfi, Rusiya başda olmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın yanında yer almasını təmin etməkdən ibarətdir. Bu xüsusda Ermənistan ən müxtəlif təxribatçı addımlara belə cəhd edib, lakin düşmən ölkənin siyasi-hərbi rəhbərliyinin bu xüsusda addımları birmənalı şəkildə iflasa uğrayıb.
Ekspertlər xatırladır ki, Ermənistanın KTMT ilə münasibətlərdə atdığı addımlar Rusiyanın yadından çıxmayıb. Xatırladaq ki, Ermənistanın siyasi rəhbərliyi hərbi-siyasi təşkilatın baş katibi Yuri Xaçaturovu heç bir üzv dövlətə, o cümlədən Rusiyaya xəbərdarlıq etmədən həbs etmişdi. Sonradan digər üzv dövlətlərin, xüsusən Rusiyanın təzyiqi altında bu qərarından geri çəkilməyə məcbur olsa da, hər halda, indiyədək məlum cinayət işinə xitam verilməyib. Bundan savayı, İrəvan bir il ərzində hərbi-siyasi təşkilata baş katibin seçilməsi prosesinə mane olub. KTMT-nin Nizamnaməsinin 4-cü maddəsi də Ermənistanın üzvü olduğu təşkilatın norma və prinsiplərinə daban-dabana zidd siyasət həyata keçirdiyini təsdiqləyir. Həmin maddədə qeyd olunur ki, təşkilat öz fəaliyyətində üzv olmayan dövlətlərlə də əməkdaşlıq edir, təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatlarla münasibətlər saxlayır, təşkilat beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri əsasında ədalətli və demokratik dünya düzəninin formalaşmasına dəstək verir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri isə, ilk növbədə, beynəlxalq subyektlərin güc tətbiqi ilə hədələməmək və ya güc tətbiq etməməyini, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, bütün mübahisəli məsələlərin siyasi yollarla tənzimlənməsini özündə ehtiva edir. Bundan savayı, 1992-ci il mayın 15-də Daşkənddə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsinin 1-ci maddəsində qeyd olunur: “Üzv dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiqi və ya güc tətbiqi ilə hədələməkdən çəkinəcəkləri ilə bağlı öhdəliklərini təsdiqləyirlər. Onlar öz aralarında və digər dövlətlərlə bütün ziddiyyətləri dinc vasitələrlə həll etmək öhdəliyi götürürlər”. 1993-cü il sentyabrın 24-də Azərbaycan da sözügedən müqaviləni imzalayıb və 1994-cü il aprelin 20-dən 1999-cu il aprelin 2-nə kimi hərbi-siyasi təşkilatın üzvü olub. Deməli, Ermənistan haqqında bəhs olunan 1-ci maddəyə məhəl qoymayaraq, qurumun digər üzvü olan Azərbaycana qarşı güc tətbiq edib və bütün dinc nizamlama imkanlarının üstündən xətt çəkərək işğal siyasətini həyata keçirib. Beləliklə, Ermənistan KTMT yarandığı vaxtdan indiyə kimi pozuculuq fəaliyyəti ilə məşğul olaraq, hərbi-siyasi təşkilatın imicinə zərbə vurub. Belə vəziyyətdə qurumun Ermənistanın yanında yer almaması təbiidir. Qurumun yaydığı son açıqlamada da qeyd edilir ki, rəsmi Bakının Ermənistana ərazi iddiası yoxdur: “Azərbaycan Ermənistana zərbə endirməyəcək”. Açıqlamada, həmçinin, KTMT-nin nizamnaməsinə istinadən vurğulanıb ki, qurum yalnız ölkənin ərazi bütövlüyünə təhdid olduğu halda münaqişəyə müdaxilə edə bilər. KTMT baş katibi Stanislav Zas isə qeyd edir: "KTMT hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək. Bakının İrəvana qarşı ərazi iddiası yoxdur. Əminəm ki, hadisələrin bu cür inkişafı olmayacaq. Birincisi ona görə ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı ərazi iddialarının olmadığı bəyan edib və onun suverenliyinə müdaxilə etmir. İkincisi isə, orada öz xalqı qarşısında kifayət qədər sağlam düşüncəli və məsuliyyətlidirlər”. Zasın sözlərinə görə, KTMT-nin Nizamnaməsi təşkilata daxil olan ölkənin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir: “Bu cür hallar bizim normativ sənədlərdə dəqiq yazılıb. İki halda - birincisi, KTMT-yə üzv olan ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yarandığı halda həmin ölkə KTMT-yə müraciət etməkdə haqlıdır. İkinci hal isə, təcavüz və hərbi hücumdur. Belə olan halda bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında bizim ölkələr təcavüz obyektinə dərhal, hərbi yardım da daxil olmaqla, bütün yardımı göstərir”. Bununla KTMT baş katibi hansı hallarda təşkilatın Dağlıq Qarabağda baş verənlər məzmunundakı münaqişəyə qoşula biləcəyini açıq bəyan edib. Bütün bunlar Ermənistanın KTMT ümidlərinin suya düşməsi deməkdir. Rusiyanın “Rosbalt” federal analitik informasiya agentliyi bu xüsusda yazır: “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda yeni müharibədən sonra aşkar görünür ki, İrəvan Bakı ilə indiki hərbi qarşıdurmada siyasi və hərbi baxımdan tamamilə təcrid olunub. Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Bu təşkilatın nizamnaməsinə əsasən, həmin blokun üzvü olan ölkələrdən birinə hərbi hücum blokun digər üzvlərinə də hücum edilməsi və beləliklə, onların tərəfindən hərbi kömək deməkdir. Buradan da görünür ki, Kreml Qarabağ məsələsində öz mövqeyini qəti müəyyən edib. Prezideni Vladimir Putin “Rossiya” telekanalına müsahibəsində xüsusi olaraq vurğulayıb ki, döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır. Beləliklə, Ermənistana kömək göstərməkdən imtina edilib”.
Ramil QULİYEV