Məlum olduğu kimi, “Rossiya-1” telekanalında yayımlanan Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsi kimin kim olmasını bir daha aydın surətdə göstərdi. Düşmən ölkənin rəhbəri bu müsahibə nəticəsində növbəti dəfə rüsvayçı duruma düşdü. Belə ki, Paşinyanın çıxışı İlham Əliyevin parlaq çıxışının fonunda həddindən artıq sönük təsir bağışladı. Bu həqiqəti hətta rusiyalı ekspertlər də etiraf etdilər.
Diqqətiçəkən məqamlardan biri də ondan ibarətdir ki, Paşinyan sözügedən müsahibədə bircə dəfə də olsun “Artsax” sözü demədi. Müsahibədə yalnız Dağlıq Qarabağ sözünü işlətdi. Hansı ki, bundan əvvəl Paşinyan Dağlıq Qarabağı hər dəfə “Artsax” olaraq təqdim edirdi. Müsahibədə isə buna cəsarət etmədi: “Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur. Axı bu müharibə sıfırdan başlamayıb. Azərbaycan hökuməti Dağlıq Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşır. Ümidvaram, heç olmasa indiki hadisələr və indi yaranmış vəziyyət Azərbaycanı inandıracaq ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi üçün yalnız dinc və danışıqlar yolu ilə həll var. İstənilən həll təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün, Dağlıq Qarabağ üçün məqbul olmalıdır”.
Maraqlıdır, Paşinyan nədən müsahibədə bircə dəfə də olsun “Artsax” sözünü demədi? Qorxdusa, nədən qorxdu?
“Erməni tərəfi ad dəyişməklə heç bir şeyə nail ola bilməyəcək”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov bunu onunla əlaqələndirdi ki, Paşinyan gülünc duruma düşəcəyini anladığı üçün “Artsax” sözünü işlətməyə cəsarət etmədi: “O yaxşı başa düşür ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Ermənilərin separatçılıq fəaliyyəti başlayandan və ərazilər işğal olunandan üzü bəri sözügedən ərazi dünyada Qarabağ adlanır və bu cür qəbul olunur. Yəni bütün dünya problemi Dağlıq Qarabağ münaqişəsi kimi qəbul edir. O baxımdan Dağlıq Qarabağın adı ilə bağlı müxtəlif uydurma adlar heç bir məna daşımır. Ona görə də Paşinyan az da olsa bu reallığı dərk etdiyi üçün, müsahibədə “Artsax” sözünü işlətməyə cəsarət etmədi. Bununla belə, görünür, Paşinyan və digərləri “Artsax” sözünü ancaq daxili auditoriyada istifadə edirlər. Çünki erməni tərəfi ad dəyişməklə heç bir şeyə nail ola bilməyəcək. Ad dəyişməklə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsindən çıxarmaq mümkün deyil. Dağlıq Qarabağın yüz illiklər boyunca Azərbaycana məxsus olması hamıya bəllidir. Hətta aparıcı dövlətlər də bunu dərk edirlər. Bunun nəticəsidir ki, Azərbaycanın ərazi bütövlüyü tanınır. Biz bütün çətinliklərə baxmayaraq, öz torpaqlarımızı azad etməliyik. Qarşı tərəfin nə deməsindən, hansı adla çıxış etməsindən asılı olmayaraq, biz öz işimizi görməliyik. Biz artıq ermənilərin yalan məlumatlarına öyrəşmişik. O üzdən, Azərbaycan haqq işi uğrunda mübarizəsini davam etdirməlidir”.
Politoloq hesab edir ki, ermənilər nə qədər cəhd etsələr belə, Dağlıq Qarabağı “Artsax” kimi dünyaya tanıda bilməyəcəklər.
Vidadi ORDAHALLI