Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir. Azərbaycan Ordusunun əks-həmlələri nəticəsində düşmən tərəfi çoxsaylı itki verib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin, döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.
Məlumdur ki, Ermənistan iqtisadi cəhətdən heç də yaxşı durumda deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışı zamanı bildirib ki, Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumdaxili məhsulun təqribən 20 faizini təşkil edir: "Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur".
Ermənistanın Maliyyə Nazirliyinin cari ilin birinci yarısının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. Nəzərə alaq ki, işğalçı ölkənin cari il üçün dövlət büdcəsinin gəlirləri 1,7 trilyon dramdır (3,5 milyard dollar). Bu isə o deməkdir ki, xarici borc dövlət büdcəsindən 2 dəfə çoxdur.
Onu da qeyd edək ki, dövlət borcunun da 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür. Dünyanın nüfuzlu Dövlət Borcunun İdarə Edilməsi Şəbəkəsi (PDMN) isə bu ilin iyul ayının sonunda Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə material paylaşıb.
Hər cəhətdən Azərbaycandan geri qalan işğalçı Ermənistan iqtisadiyyatı hər il tənəzzülə doğru gedir. Belə ki, 2019-cu ildə Ermənistanın İqtisadi İnkişaf Təşəbbüsləri Mərkəzi hökumətin xarici borcunun 2018-ci illə müqayisədə təqribən 338.7 milyon ABŞ dolları artaraq təxminən 5.43 milyard ABŞ dolları təşkil etdiyini açıqlayıb. Kommersiya bankları tərəfindən qeyri-rezidentlərdən cəlb olunmuş kreditlər üzrə xarici borc ötən illə müqayisədə 618.8 milyon ABŞ dolları artaraq 3.13 milyard ABŞ dolları təşkil edib. Beləliklə, görünən budur ki, 2019-cu ildə Ermənistanın ümumi dövlət borcu 6 faiz artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5 faiz, xarici borc isə 4,6 faiz artım göstərib.
“Ermənistanın iqtisadiyyatı Azərbaycanın deyil, Abşeronun iqtisadiyyatından 3 dəfə kiçikdir”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, Ermənistanın mövcud müharibəni uzunmüddətli davam etdirmək imkanı yoxdur: “Ermənistanın iqtisadiyyatı Azərbaycanın deyil, Abşeronun iqtisadiyyatından 3 dəfə kiçikdir. Azərbaycanla müqayisədə ümumdaxili məhsul istehsalı təxminən 5 dəfə azdır. Müdafiə Nazirliyinin açıqlamalarından da görünür ki, Ermənistanın çox ciddi itkisi var, bu da çox xərcli bir prosesdir. Digər tərəfdən, pandemiya səbəbindən Ermənistan iqtisadiyyatında ressesiya başlanıb, milli valyutanın dəyərsizləşməsi prosesi gedir. Artıq Ermənistan dramı 23-25 faiz öz dəyərini itirib. Ən yaxşı halda kənar güclər - Rusiya, İran tərəfindən dəstək olmasa, Ermənistan lobbisinin maliyyə çıxışları və dəstəyi nəzərə alınmaqla ölkə iqtisadiyyatının 2 ay müddətində müharibəyə davam gətirmə gücü var. Amma 2 ay davam edəcək müharibə Ermənistan iqtisadiyyatını 5-7 il geri sala bilər. Bu isə indiki şərtlər daxilində, faktiki olaraq, Azərbaycanın prosesdə üstünlüyü ələ alması üçün kifayət qədər əlavə imkan formalaşdırır”.
Həmsöhbətimizin sözlərinə görə, indiki şərtlər daxilində Ermənistan hökuməti çıxılmaz vəziyyətdədir: “Bununla yanaşı, qərar qəbul etmək iqtidarında deyil. Hər kəsə məlumdur ki, müharibə Azərbaycanla Ermənistan arasında getmir. Bu, Ermənistanın digər tərəfləri cəlb etdiyi müharibədir. Əsasən Rusiya, İran, Fransa, erməni lobbisi tərəfindən maliyyələşdirilən və qərarların qəbul edildiyi müharibədir. Bu baxımdan da Ermənistanın indiki siyasi hakimiyyəti ola bilsin ki, müharibənin uzun müddət davam etdirilməsində maraqlı deyil, hətta Azərbaycanın şərtlərini də qısa müddətdə qəbul etməyə hazırdır, amma digər tərəflərin marağını nəzərə alsaq, proses o qədər də asan olmayacaq”.
Günel CƏLİLOVA