22/10/2020 14:31
728 x 90

Korrupsioner məmurlar və Ramiz Mehdiyevin Komissiya sədri kimi yarıtmaz fəaliyyəti olmasaydı – Lakin Prezident keyfiyyətcə yeni mərhələ aça bilir...

Şəmsəddin Əliyev: “Mehdiyevin Komissiya sədri kimi yarıtmaz fəaliyyəti olmasaydı, o zaman korrupsiya icra strukturlarında geniş yayılmazdı”

img

Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir. Son vaxtlar həyata keçirilən tədbirlər, o cümlədən, kadr islahatları bunun bariz nümunəsidir. Həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir. Şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur.

Bu gün ölkədə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanır.

Prezident İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib. Nəticədə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib.

Onu da qeyd edək ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya uzun illər Ramiz Mehdiyev rəhbərlik edib. Onun rəhbərliyi dövründə Komissiyanın fəaliyyəti yarıtmaz olub. Çünki sözügedən yarıtmaz fəaliyyətin nəticəsi idi ki, çoxsaylı icra başçısı korrupsiyaya qurşanmışdı. Dövlətə böyük zərər vurublar. Sonrakı dövrdə sözügedən icra başçıları ilə bağlı götürülən ölçülər və onların məsuliyyətə cəlb olunması bunu bir daha sübut etdi. O baxımdan, bütün bunlar olmasaydı, bu gün ölkədə korrupsiyanın vəziyyəti necə ola bilərdi? Digər tərəfdən, Prezidentin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizənin keyfiyyətcə yeni müstəviyə keçməsi nə vəd edir?

  • “Korrupsiyaya qarşı mübarizənin keyfiyyətcə yeni müstəviyə keçməsi Azərbaycanın hüquqi dövlət olaraq imicini yüksəldir”

Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, R.Mehdiyevin Komissiya sədri kimi yarıtmaz fəaliyyəti olmasaydı, o zaman ölkədə korrupsiya bu dərəcədə icra strukturlarında geniş yayılmazdı: “Korrupsiya cinayətləri vəzifə cinayətləridir. Həmin cinayətlərə rüşvətxorluq, xidməti vəzifədən sui-istifadə, vəzifəli şəxslərin ələ alınması və digər bu kimi neqativ hallar daxildir. Bir sözlə, öz şəxsi maraqlarına üstünlük vermə kimi hallar bura daxildir. Bütün bunlar, təbii ki, dövlətin sütunlarını sarsıdır. Təəssüflər olsun ki, əvvəllər icra strukturlarına təyin olunan şəxslər bacarığına görə yox, əsasən tanışlıq və qohumluq əlaqələrinə görə həmin postlara təyin edilib. Məhz R.Mehdiyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya rəhbərlik edəndə sözügedən neqativ hallar geniş vüsət alıb. Yaxşı xatırlayıram ki, o vaxt R.Mehdiyev bu posta təyin olunanda millət vəkili Sabir Rüstəmxanlı buna etiraz etdi. Bəyan etdi ki, bununla, bir növ, “quzu qurda tapşırılır”. Yəni ən böyük korrupsioner R.Mehdiyev olduğu halda, sözügedən Komissiya səmərəli fəaliyyət göstərə bilməzdi. Zaman göstərdi ki, bu, həqiqətən də belə imiş. İcra hakimiyyəti orqanları görünməmiş dərəcədə korrupsiyalaşdı. O zaman korrupsiyanın qarşısı alınsaydı, indi bu qədər çətinliklər yaranmazdı. Bütün bunlara rəğmən, Prezidentin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizənin keyfiyyətcə yeni müstəviyə keçməsi ciddi hadisədir. Çünki bu istiqamətdə sistemli işlər görülür. Komissiyanın tərkibi yenilənib, innovativ vasitələrdən istifadə edilir. Bütün bunlar isə yaxın perspektivdə korrupsiya ilə mübarizə sahəsində çox ciddi nəticələrin əldə olunacağından xəbər verir”.

Ekspertin fikrincə, korrupsiyaya qarşı mübarizənin keyfiyyətcə yeni müstəviyə keçməsi Azərbaycanın hüquqi dövlət olaraq imicini yüksəldir.

Vidadi ORDAHALLI

Son xəbərlər